Sakit okeanın cənubunda yerləşən Hunqa Tonqa-Hunqa Ha'apai adlı sualtı vulkan yanvarın 15-də püskürdüyü zaman atmosferə 25 mil məsafəyə qədər toz, tüstü və vulkanik kül yayıb. Üstəlik, vulkan püskürməsi o qədər güclü olub ki, 7,4 bal gücündə zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, NASA-nın məlumatına görə, vulkan, 5 ilə 30 meqaton (5 milyon ilə 30 milyon ton) arasında TNT ekvivalentində partlayışa səbəb olub.
Bəşər tarixi boyunca bənzər hadisələr ani iqlim dəyişikliyinə səbəb olub və sivilizasiyaları məhv edib. Yeni elmi araşdırma 21-ci əsrdə 7 bal gücündə vulkan püskürməsinin mümkün olduğunu müəyyən edib.
Bəs belə hadisə nə ilə nəticələnə bilər? Niyə dünyanı dəyişdirər və bəlkə də, yer üzündə həyatın yox olmasına səbəb olar?
Tonqadakı partlayış dünya xəritəsini dəyişəcək qədər şiddətli olub
Mütəxəssislər 21-ci əsrdə dünyanın iqlimini kökündən dəyişdirəcək və milyonlarla insanın həyatına təhlükə yarada biləcək böyük bir vulkan püskürməsi ehtimalının olduğunu deyirlər. Alimlərin fikrincə, bu ehtimal 16-17 faizdir və bəşəriyyət buna hazır deyil.
Yanvar ayında Sakit Okeanın Tonqa sahillərində Hunqa Tonqa-Hunqa Ha'apai vulkanı püskürəndə püskürmə o qədər böyük olub idi ki, sunamilər Yaponiya, Şimali və Cənubi Amerika sahillərini vurub.
Keçmişdə bu cür böyük vulkan püskürmələri ani iqlim dəyişikliyinə və sivilizasiyaların dağılmasına səbəb olub.
Birmingem Universitetinin vulkanologiya üzrə dosenti Maykl Kessidi elm jurnalı “Nature”ya açıqlama verib: “Böyük püskürmələrin qlobal təsirlərini azaltmaq və yumşaltmaq üçün heç bir koordinasiyalı fəaliyyət yoxdur”.
Kessidinin sözlərinə görə, bu cür təbii fəlakətin təsiri Yer kürəsinə asteroid və komet çırpılmasının təsirindən yüzlərlə dəfə çoxdur.
Vulkan püskürməsindən yaranan qorxunc səs dalğaları dünyanın o biri tərəfindən də eşidilib
Sonuncu 7 bal gücündə vulkan püskürməsi 1815-ci ildə İndoneziyanın Tambora şəhərində baş verib və 10 mindən çox insanın ölümünə səbəb olub. Hadisənin təsiri dünyada milyonlarla insan tərəfindən hiss olunub.
Vulkan havaya o qədər böyük miqdarda kül səpib ki, 1815-ci il dünyada orta temperatur bir dərəcə aşağı düşüb.
Püskürmənin qlobal iqlimə bu cür mənfi təsiri Çin, Avropa və Şimali Amerikada məhsul qıtlığına səbəb olub, güclü yağışlar, daşqınlar nəticəsində isə Hindistan, Rusiya və bir sıra ölkələrdə vəba xəstəliyi yayılıb.
Kessidi bildirib ki, bu gün insanların daha sıx məskunlaşdığı dünyada oxşar hadisə baş verərsə, saysız-hesabsız insan öləcək. Həmçinin qlobal ticarət yolları dayanacaq ki, bu da qiymət artımlarına, qıtlığa, aclığa səbəb olacaq.
Alim dünya hökumətlərindən potensial püskürmə təhlükələrinin monitorinqi üçün vəsaitin artırılmasını xahiş edib: "Böyük vulkan püskürmələrinə cavab vermək üçün investisiya, planlaşdırma və resursların olmaması ehtiyatsızlıqdır. Dərhal bu barədə danışıb tədbir görməliyik".
Nigar Cəfərli,
Musavat.com