Lvovda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin Baş katibi Antonio Quterreş və Ukrayna prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüş baş tutdu. Daha əvvəl isə liderlər arasında ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirilib.
Tərəflər Ukraynada müharibənin diplomatik yollarla dayandırılması, taxıl koridorunun fəaliyyəti və digər məsələləri də müzakirə edib.
Türkiyə ilə Ukrayna arasında müharibə nəticəsində dağılmış infrastrukturun bərpası üçün müqavilə də imzalanıb. Razılaşma üzrə iki ölkə arasında Ukraynanın yenidən qurulması üçün İşçi Qrup yaradacaq.
İşçi qrupu Ukraynada yollar, körpülər, su və elektrik infrastrukturu, xəstəxanalar və məktəblər kimi sosial və iqtisadi əhəmiyyətli obyektlərin yenidən qurulmasını əlaqələndirəcək.
Görüşdən sonra tərəflər mətbuat konfransı keçiriblər. Mətbuat konfransında Zelenski Rusiyanın ünvanına sərt danışıb. O deyib ki, Rusiya ilə sülh danışıqları o zaman mümkün olar ki, rus ordusu tamamilə Ukrayna torpaqlarından çəkilin. Sitat: “Məni çox təəccübləndirir ki, Rusiya hansısa sülh danışıqlarına hazırdır. Hər gün qanadlı raketlərlə dinc əhalini öldürənlər necə sülhdən danışa bilərlər? Qoy onların ordusu öncə Ukrayna torpaqlarını tərk etsin”.
Bu, Ərdoğan və Quterreşin sülh missiyasına “yox” cavabı sayıla bilər. Lakin görüşün digər nəticələr bu qədər sərt və neqativ deyil. Görüşün mövzusu çoxfraqmentlidir və Zelenskiyə sülh təklifi aparanlar öncədən bilirdilər ki, məhz bu fraqment üzrə sürətli anlaşmalar əldə etmək qeyri-mümkündür.
Ancaq prosesdə Türkiyənin və Ərdoğanın önəminin və rolunun artmasını qeyd etmək yerinə düşərdi. Türkiyə 6 aylıq müharibə dövründə Rusiya və Ukrayna arasında əldə edilən yeganə strateji anlaşmanın müəllifidir. Söhbət Ərdoğanın təşəbbüsü ilə əldə edilən taxıl koridorundan gedir. Ukraynada Türkiyə üçün böyük uğur sayıla biləcək daha bir anlaşma da imzalanıb - müharibədən dərhal sonra Xarkov şəhərinin və Xarkov vilayətinin bərpası Türkiyə tərəfindən aparılacaq.
Görüşün mediaya açıqlanmayan tərəfləri də, heç şübhəsiz, vardır. Onlardan biri barədə mətbuat konfransında Ərdoğan kiçik bir ipucu da verib. O deyib ki, burada əldə olunan nəticə və cavablarla bağlı Rusiya prezidenti ilə təkrar görüşüb, onunla müzakirə aparacaq. Bu da o deməkdir ki, məsələ heç də Zelenskinin mikrofonlar qarşısında açıqladığı kimi, sərt və təkşərtli deyil. Lvov görüşündə Putinin sülh şərtlərinin, yaxud da müharibəni dayandırmaqla bağlı təkliflərinin Ərdoğan tərəfindən təmsil olunması şübhə doğurmur. Onlara verilən cavabdan başqa, 3 liderin danışıqlarında ortaya çıxan nüansların yenidən müzakirəyə ehtiyacı olduğu şübhəsizdir.
Ərdoğan həmçinin deyib ki, Zaporojye AES-lə bağlı yaranan təhlükə də onu narahat edir: ‘’Dünya daha bir Çernobıl faciəsi yaşamamalıdır. Türkiyə nüfuzundan və əlində olan bütün imkanlardan istifadə edəcək ki, bu AES-lə bağlı gərginlik aradan qalxsın’’. Bu da o deməkdir ki, yaxın zamanlarda məhz Ərdoğanın təsiri sayəsində Zaporojye AES krizisi həllini tapacaq.
Beləliklə, Lvovdakı üçtərəfli görüş müharibəni dayandırmadı, lakin sülhə doğru ciddi bir addım oldu. Üstəlik, artıq düstur da hazırdır - Ukraynaya sülh Türkiyə üzərindən gələcək!
Başqa hansı nəticələr vardır, yaxud onları çıxartmaq lazım gəlir?
Murad Sadəddinov
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, indiki mərhələdə müharibənin dayandırılması heç də asan məsələ deyil. Bununla belə, Türkiyə prezidentinin Ukraynada apardığı danışıqların heç bir nəticə vermədiyi barədə irəli sürülən fikirlər düzgün deyil. Rusiya-Ukrayna müharibəsində o qədər qüvvələr maraqlıdır ki, bu müharibənin bir səfərlə dayandırılması mümkün olmaz: “Aydın məsələdir ki, Ukraynanın bu müharibənin nəticəsində çox böyük itkiləri var, ərazilərini itirib. Belə vəziyyətdə Ukrayna müharibəni dayandırmağa təbii ki, razılaşmaz. Zelenski müharibəni dayandırmaq üçün şərtin nə olduğunu görüşdə bəyan etdi. Hesab edirəm ki, cənab Ərdoğan Zelenskinin haqsız olmadığına əmindir. Məsələnin ikinci tərəfi odur ki, müharibənin aparılmasında ABŞ-ın, Böyük Britaniyanın maraqları var. Yəni Ukrayna hakimiyyətinin Ərdoğanla və BMT baş katibi ilə görüşdə ortaya qoyduğu mövqedə bu amilin də çox ciddi təsiri mövcuddur. ABŞ və Böyük Britaniya artıq Ukraynaya dəstək koalisiyası yaradıblar. Bu işə milyardlarla vəsait xərcləyiblər. Bu koalisiya qarşılarına qoyduqları məqsədə çatmadan Kiyevin sülh razılaşmasına getməsinə imkan yaratmayacaq. ABŞ müdafiə naziri öz bəyanatlarında açıq bəyan edib ki, biz Rusiyanı ətraf ölkələrin siyasətinə müdaxilə edə bilməyəcək həddə qədər zəiflətməliyik. Vaşinqton hələ ki bax bu istəyinə nail ola bilməyib. Eyni zamanda ABŞ hələ Rusiyada hakimiyyət dəyişikliyinə də nail ola bilməyib. Əsas bu məqsədlərə hələ çatılmadığı üçün müharibə davam edəcək. Türkiyə prezidenti də şübhəsiz ki, bütün bunları dəqiq bilir. Lakin düzgün olaraq Türkiyənin vasitəçilik mövqeyində olan ölkə olduğunu praktiki addımlarla davam etdirməkdədir”.
Politoloq qeyd etdi ki, prezident Ərdoğanın Ukrayna səfərinin müsbət nəticələri var. BMT baş katibi ilə məhz Türkiyə dövlətinin liderinin Ukraynaya gedib danışıqlar aparmasının özü sülh danışıqlarında qardaş ölkənin dünyanın bir nömrəli beynəlxalq təşkilatı ilə bərabər tutulduğunun sübutudur: “Şübhəsiz ki, gec-tez bu müharibə sülh razılaşması ilə başa çatacaq. Bu gün Türkiyənin aldığı rol, həyata keçirdiyi vasitəçilik missiyası sülhün məhz Türkiyənin vasitəçiliyi ilə əldə olunacağını şərtləndirir. Sülh danışıqlarında yeganə vasitəçi format kimi məhz Türkiyə ortaya çıxır. Həm Rusiya, həm Ukrayna liderləri Türkiyə liderinin bu missiyasını qəbul edirlər. Artıq Türkiyə prezidenti ilə görüşdən sonra Zelenski Rusiya prezidenti ilə görüşmə şərtlərini irəli sürərək razılıq verib. Səfərdən əvvəl Rusiya rəsmiləri açıqlama verdilər ki, Vladimir Putin Zelenski ilə görüşməyə etiraz etmir. Bunlar onu göstərir ki, Türkiyənin davamlı vasitəçiliyinə hər iki ölkə tərəfindən böyük dəstək var. Bu baxımdan, artıq Türkiyə özünü regional fövqəl dövlət kimi təsdiqləyir, regionda gedən proseslərdə özünün rolunun kifayət qədər vacib olduğunu artıq dünyaya qəbul etdirə bilib. Bu, çox vacib faktor və nəticədir. Dünyada bir nömrəli problemə çevrilən Rusiya-Ukrayna müharibəsinin çözülməsində, həllində Türkiyənin vasitəçilik formatının yeganə uğur gətirəcək format olduğu təsdiqlənib”.
Türkiyəli siyasi analitik Abdullah Ağar isə “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarının, vasitəçilik missiyası ünvanının ən yaxın, ən uğurlu ünvanının bundan sonra da Türkiyə olduğu görünür. Bu ünvan gec-tez sülhə nail olacaq. Türkiyə həm Ukrayna, həm də Rusiya ilə çox sıx təmaslarda olmaqda davam edir. Tərəflər Türkiyənin tərəfsizliyini və vasitəçiliyini qəbul edirlər.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”