“DUQİNİ BİLƏRƏKDƏN BAŞQA AVTOMOBİLƏ MİNDİRİBLƏR” – “Məqsəd Putini “ayıltmaq” olub”

22-08-2022, 12:01   




“Qətl çox peşəkar formada hazırlanıb. Bunun arxasında Rusiya xüsusi xidmət orqanları durur”.

“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış rusiyalı politoloq və publisist Andrey Piontkovski “rus dünyasının ideoloqu” Aleksandr Duqinin qızı Darya Duqinanın qətlini şərh edərkən deyib.



Ümumiyyətlə, hadisədən dərhal sonra onu törədənlər və bunun arxasında duran məqsədlərlə bağlı çoxsaylı versiyalar səsləndirilməyə başladı. İlki olaraq hadisədən bir neçə dəqiqə sonra, sanki bunu öncədən bilir və gözləyirmiş kimi qondarma “dxr”-in başçısı Denis Puşilin bəyan etdi ki, qətlin arxasında Ukrayna xüsusi xidmət orqanları durur və Ukrayna buna görə dərhal cəzalandırılmalıdır. Ancaq Piontkovski hesab edir ki, bu cinayət Aleksandr Duqinə xəbərdarlıq və gözdağı xarakteri daşıyır və bunu təşkil edənlər hadisədən öncə bilərəkdən “filosofu” başqa avtomobilə mindiriblər: “Hadisə belə olub. Duqin öz qızı ilə birgə Ukraynaya qarşı nifrəti təbliğ edən festivala gəliblər. Eyni maşında. O, geriyə də həmin maşınla qayıtmalı idi. Lakin kimsə bilərəkdən Duqini dilə tutaraq, başqa avtomobilə mindirib və həmin avtomobil onun qızının maşınının ardınca yola çıxıb. Beləklə də praktiki olaraq, Duqini qızının nümayişkəranə şəkildə qətlə yetirildiyi yerə gətiriblər”.



Piontkovskinin fikrincə, bununla da Putin və ətrafı rus faşizminin və “rus dünyası”nın ideoloqu sayılan Duqinə xəbərdarlıq edib və susmasını təmin edib. Çünki Putin hakimiyyəti hal-hazırda dalana dirəndiyi üçün nə yolla olursa-olsun, Ukraynada atəşkəsə, sülhə nail olmaq istəyir və bunun üçün onun ciddi güzəştlərə getməsi qaçılmazdır. Duqin, eləcə də İqor Strelkov (Qirkin) kimi radikal “rus dünyası” tərəfdarları isə qəti olaraq bu cür razılaşmaların əleyhinədir və tələb edirlər ki, Kreml daha qətiyyətli addımlar atsın – ümumi səfərbərlik elan etsin, ordudan yayınanları sərt cəzalandırsın, hətta yerindəcə güllələsin, ordu rəhbərliyini dəyişsin, hakimiyyətdə təmizləmələr aparsın, Ukraynada daha amansız savaş aparsın, yeri gəlsə, lap nüvə silahı tətbiq etsin və sair. Bütün bunlar isə Kremlin imkanları, maraqları və planları xaricindədir. Odur ki, Putin hakimiyyətini indikindən də artıq faşistlik etməyə çağıranlar və cəmiyyətin radikal hissəsinə təsir etmək imkanları olanlar bu yolla susdurulur. Hətta növbədə Strelkovun (Qirkin) olduğunu deyənlər var. Ancaq Piontkovski hər nə qədər məlumatlı şəxs olsa da, onun bu versiyası ilə razılaşmayanlar da kifayət qədərdir...

Digər versiyaya görə, Duqini Rusiya Federal Təhlükəsizlik Xidmətindəki olduqca nüfuzlu qruplaşma aradan götürmək istəyib. Bu versiyaya Rusiyanın müstəqil mətbu orqanlarında və ayrı-ayrı tanınmış blogerlərin çıxışlarında daha tez-tez rast gəlinir. Hesab olunur ki, FTX Ukraynadakı savaşın Rusiya üçün faciəyə çevriləcəyini anlayır və buna görə də Putini ona ciddi təsir imkanları olan və onu Ukraynada savaşı davam etdirməyə yönəldən şəxslərdən təcrid etməyə çalışır. 


Bu versiyanı dəstəkləyənlərdən biri də tanınmış siyasi texnoloq Mixail Şeytelmandır. O, bildirib ki, “FTX bu yolla “Putini ayıltmaq istəyir”. Şeytelman xatırladıb ki, bu yaxınlarda Donbasda Putinin əsas silahdaşlarından sayılan və onun gizli “çirkli” tapşırıqlarını yerinə yetirən “Vaqner”in yaradıcısı Yevqeni Priqojinin yerini Ukrayna tərəfinə məhz FTX-dəki qruplaşma ötürüb. Bundan sonra həmin yer Ukrayna tərəfindən bombalanıb və az qala möcüzə nəticəsində Priqojin ölümdən qurtula bilib. Qeyd olunur ki, FTX-nın məqsədi savaşı mümkün qədər tez dayandırmaq və bunun üçün Putini savaşı davam etdirməyə körükləyənləri zərərsizləşdirməkdir...

Duqinə gəlincə, ideoloji baxımdan o, Putinə ən çox təsiri olan şəxslərdən sayılır. Onu hətta “Putinin filosofu” adlandırırlar. Baxmayaraq ki, Rusiyada ciddi mütəxəssislər Duqini ümumiyyətlə, filosof hesab etmirlər və onu olduqca dayaz və primitiv biri kimi görürlər. Doğrudan da, misal üçün qeyd edə bilərik ki, Duqin çıxışlarının birində saqqal saxlamağın böyük əhəmiyyəti barədə uzun-uzadı danışıb və saqqal saxlamayanların ləyaqətinə, düşüncəsinə, dəyərinə şübhə ilə yanaşdığını bildirib. Buna baxmayaraq o, saqqal saxlamayan Putini “legitim rus çarı” adlandırıb və onun ukraynalıları qətlə yetirməkdə haqlı olduğunu və daha qəddar davranmalı olduğunu bəyan edib...



Bütün bunlarla yanaşı, hazırda ən çox səsləndirilən versiyalardan biri bu qətlin arxasında birmənalı olaraq, Kremlin özünün durmasıdır. Çünki bu hadisə bir tərəfdən Rusiya daxilində “Ukraynadan gələn təhlükə qarşısında” diktaturanı daha da gücləndirməyə, cəza tədbirlərini artırmağa, etiraz səslərini boğmağa, digər tərəfdən isə avqustun 24-də, yəni, Ukraynanın Müstəqilliyi Günündə Kiyevə raket zərbələri endirməyə zəmin yaratmağa xidmət edir. Lakin istənilən halda, yuxarıda qeyd olunan versiyaların hansının daha çox həqiqəti əks etdirdiyini zaman göstərəcək.

Onu da qeyd edək ki, Duqinin mərhum qızı atası qədər tanınmasa da, öz faşist, neonasist baxışlarına görə atasından geri qalmırdı. O, bu yaxınlarda işğal altındakı Mariupolda olmuş və təbliğat roliki hazırlamışdı. Eləcə də onun Ukraynadakı qətliamlara, işğalçılığa haqq qazandıran “Z”adlı kitabı da işıq üzü görmüşdü. 

Əlbəttə ki, bu qətl amansız, qəddar və qeyri-insani görünür və ona haqq qazandırmaq doğru olmaz. Ancaq ilk olaraq, məhz Ukraynada körpə uşaqların, qadınların, günahsız insanların qətlinə, ev-eşiyindən didərgin salınmasına, müstəqil dövlətin işğalına haqq qazandıran və buna çağıran, həvəsləndirən ideologiyanın yaradıcıları və daşıyıcıları ədalət məhkəməsinin cəzasından qaça bilməyəcəklərini anlamalıdırlar. Bu baxımdan Duqinin ödədiyi hesab sifariş etdiyi “musiqi”yə uyğun görünür...

Cəlal (Elxan) MƏMMƏDOV

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.