“Putinin filosofu” adlandırılan Aleksandr Duqinin qızı Darya Duqinanın dəfn mərasimi Kremlin növbəti təbliğat şousuna çevrilib və bu acınacaqlı mənzərənin iştirakçıları sırasında Duqinin özü də olub...
“AzPolitika.info” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, iki gün öncə Moskva ətrafında avtomobili partladılaraq qətlə yetirilən D.Duqinanın dəfn mərasimində Kremlə yaxın siyasətçilər, partiya rəhbərləri, təbliğatçılar çıxış ediblər. Çıxışlarda Putinə və “xüsusi əməliyyata” dəstək, “Ukrayna rejiminə lənət” şüarları səsləndirilib.
Məsələn, Vladimir Jirinovskinin varisi, LDPR-in hazırkı sədri, Duma deputatı Leonid Slutski bu hadisənin törədilməsində Ukraynanı günahlandıraraq, Duqinanın adının “nasizmdən azad ediləcək Kiyev”in küçələrindən birinə verilməsini təklif edib.
Ancaq bununla bərabər, Putinə dəstək çıxışı edən Slutski özü alman nasistlərinin şüarlarına bənzər şüar da söyləyib: “Bir ölkə. Bir prezident. Bir qələbə”.
Xatırladaq ki, alman faşistlərinin şüarı “bir xalq, bir reyx, bir fürer” idi..
Hakimiyyətyönlü “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov isə öz çıxışında Daryanın qatillərinin və bu hadisənin təşkilində iştirak edən hər kəsin Beynəlxalq Tribunal qarşısında cavab verməli olduqlarını söyləyib. O da faşizmdən danışıb və Kiyevi lənətləyib: “Faşizm öz yuvasında məhv edilməlidir, hansı ki, bu gün Kiyevdədir”.
Kremlin əsas təbliğatçılarından olan Dmitri Kiselyov isə rusiyalıları daha da güclü olmağa və “Ukraynanın denasifikasiyası və demilitarizasiyasını güzəştə getmədən həyata keçirməyə” çağırıb.
“Patriotizm şousu”ndakı son nöqtəni isə Ukraynadakı qətliamlara, işğala haqq qazandıran və Kremli buna çağıran, həvəsləndirən Aleksandr Duqinin özü qoyub.
O, deyib ki, qızına hər zaman bir şey öyrədib – “Rusiya imperiyadır”. Duqin qızının ölümünə yalnız “rus qələbəsi” ilə cavab verilməli olduğunu bəyan edib.
Həmin bu “rus qələbəsi”nin və ümumilikdə “rus dünyası” ideyasının Ukraynada, ondan öncə isə digər regionlarda onun qızı yaşda olan nə qədər gəncin, uşağın, qocanın həyatına son qoyduğu, nə qədər insanı şıkəst etdiyi, öz vətənindən didərgin saldığı barədə isə “Putinin filosofu” heç nə deməyib...
C.Məmmədov
“AzPolitika.info”