Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

SABAH GÖZLƏR BRÜSSELDƏ... ƏLİYEVLƏ PAŞİNYAN YENƏ PUTİNSİZ NƏLƏRİ ANLAŞACAQ?

30-08-2022, 09:15   


  Sabah gözlər Belçika paytaxtı Brüsseldə olacaq. Avropa Birliyi Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün növbəti raundunu təşkil edəcək. AB bu dəfə də Moskvanı qabaqlayaraq üçtərəfli görüşə ev sahibliyi edir və Şarl Mişelin moderatorluğu ilə tərəflər danışıqlar aparacaq. Lakin görüşdən cəmi iki gün əvvəl yenə Rusiya prezidenti Vladimir Putinlə Paşinyan arasında telefon danışığı oldu. Bu, bir həftədə ikinci telefon zəngləşməsidir ki, Putinlə Paşinyan Qarabağı müzakirə edirlər. Maraqlıdır ki, Kremldən Bakıya heç bir zəng olmadı və tam əksinə, Azərbaycan Laçın şəhərini, Zabux və Susu boşaldaraq üstün tərəf kimi yenidən Brüsselə yollanır. Anaxeber.info təhlil edir ki, Putinin Əliyevə zəng etməməsinin səbəbi çox sadədir: Moskvaya Bakının mövqeyi aydındır, ondan arxayındır və Rusiya ilə Azərbaycan bu məsələdə yetərli qədər yol qədər edərək anlaşa, yaxınlaşa biliblər. Bəli, Azərbaycan hakimiyyəti Rusiya ilə danışıqlarda, rusla bağlı siyasətdə daha çox etimad qazandığı üçün Moskva Bakının bölgədə irəliləməsinə sükutla yanaşır. Təbii ki, burada Ukrayna müharibəsinin təsirləri də az deyil. Amma ilk növbədə Putin Əliyevin mövqeyini bildiyi üçün ona zəng etməyə zərurət görmür. Amma Paşinyanla bir həftədə iki dəfə zəngləşmək, həm də Brüssel görüşünə iki gün qalmış telefon danışığı göstərir ki, Putin Ermənistan liderinə güvənmir. Çünki Paşinyan iki stulda oturaraq oynayır. O, gah Avropa Birliyi və ABŞ-a ümid bəsləyir, gah çətinə düşəndə Rusiyadan imdad diləyir. Kreml Brüssel platformasını özünə rəqib görsə belə, bir əminlik içindədir - delimitasiya üçün xəritələr baş qərargahdadır, Rusiyasız mümkün deyil, əsgəri sülhməramlı adı ilə Qarabağdadır, yenə onsuz alınmayacaq, ən vacib detal isə 10 noyabr bəyanatında imzası olan Mişel yox, Putindir, Rusiyasız saziş mümkün deyil. Onsuz da AB da görüşləri təşkil edərkən 10 noyabr sənədinə istinad etməli olur. Amma indi əsas sual Brüsseldə nələrin müzakirə olunacağı və hansı qərarların veriləcəyi məsələsidir. Putinsiz keçiriləcək növbəti görüşdə sülh müqaviləsi ilə bağlı sənədlərin hazırlanmasına razılıq verilə bilərmi? Sərhəd komissiyası yaradılsa da, nə üçün hələ də müsbət siqnallar yoxdur? Görüşdə Qarabağdakı ermənilərlə bağlı hansı məsələlər masaya qoyula bilər? Eyni zamanda, nə üçün Rusiya üçtərəfli görüş təşkil etmir, yaxud Brüssel onu qabaqlaya bilir? Ekspertlər, analitiklər belə qənaətdədir ki, Avropada keçiriləcək sabahkı görüşdə ciddi bir nəticə olmayacaq. Sadəcə, daha bir müzakirə, daha bir təmas. Təbii ki, Əliyevlə Paşinyanın tez-tez danışması, hətta ilk dəfə 4 saat təkbətək söhbəti müsbət haldır, amma Ermənistan sonra sülh prosesini pozan elementlərə yol verir. Üstəlik, Kreml Brüssel vasitəsi ilə hər hansı ciddi nəticə olmasında maraqlı deyil və Rusiya vasitəçiliyi inhisarında saxlamağa çalışır. Amma Brüsseldə keçirilən görüşlərdən bəlli olur ki, Moskva artıq dominantlığı əldən verib, faktiki onun rəqibi var, danışıqlar üçün alternativ platforma olduqca aktivdir. Əlbəttə, Rusiya real nəticələrə nail olmasa, getdikcə moderatorluqda AB bir qədər də fəallığı artıracaq. Sabahkı görüşdə isə Sərhəd komissiyasının əməli addımlar atması, nəqliyyat - kommunikasiya xətlərinin bərpası üçün konkret işlər görülməsi haqda razılaşma ola bilər. Çünki sülh müqaviləsini imzalamaq çox erkəndir, Qarabağda erməni terrorçuları qalır, Ermənistan ərazi bütövlüyümüzü tanımaq üçün Qarabağı bu məsələdən ayırır və beləcə proses uzanacaq. Amma Zəngəzur dəhlizi ilə bağlı danışıqlar mümkündür. Sadəcə, Azərbaycan Rusiya ilə münasibətləri hər addımda nəzərə alaraq Qarabağda irəliləyir və növbəti mərhələdə Sərsəng su anbarı, Ağdərə nəzarətimizə keçə bilər, Brüssel görüşünə isə nəzakət xatirinə gedirik. Putin isə Qarabağı müzakirə etməyə həvəsli deyil, Ukraynada apardığı işğalçı müharibəyə görə problemi başından aşır. Paşinyan isə müxalifəti susdurmaq üçün Qarabağla bağlı Putinlə qısa da olsa fikir mübadiləsi apardığını cəmiyyətinə göstərməlidir. Paşinyan anlayır ki, Qarabağ separatçılarının mühasirəsi daralır və separatçılara qarşı növbəti anti-terror əməliyyatları qapıdadır. Ona görə də Kreml sahibinə yalvarır ki, Rusiya hərbçiləri Azərbaycan ordusuna irəliləməyə imkan verməsin. Çünki Azərbaycan ordusunun Qarabağdakı uğurları Paşinyanın mövqelərini zəiflədir. Top Putinin meydanındadır. Rusiya prezidenti azərbaycanlı və türkiyəli həmkarı ilə indiki münasibətlərin davamını istəyirsə Azərbaycana Qarabağda qayda-qanun yaratmağa mane olmamalıdır. Necə ki, “Qisas” əməliyyatına əngəl olmadı... 

Anaxeber.info 


Azər Talıbov 



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar