Ukraynada atom radiasiyası qorxusu artır

30-08-2022, 09:23   


BAEA missiyası Zaporojiya AES-ə gedəcək

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) missiyası həftənin sonunda Ukraynanın işğal altında olan Zaporojiya Atom Elektrik Stansiyasına (AES) gedəcək.

Səbəb hazırda AES-in yerləşdiyi ərazidə qızğın döyüşlərin getməsidir.

Bildirilir ki, bu, mümkün radiasiya sızması baxımından qorxuları artırıb.

Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) başçısı Rafael Qrossi avqustun 29-da “Twitter”də yazıb ki, BAEA ekspertləri qrupu AES-ə yola düşüb.

“Ukraynanın və Avropanın ən böyük nüvə obyektinin təhlükəsizliyini qorumaq lazımdır. Bu həftə Zaporojiya AES-ə gedirik. Missiyaya başçılıq etməkdən qürur duyuram”, – deyə Rafael Qrossi tvitində yazıb.

Ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bölgəni atəşə tutması səbəbindən Zaporojiya AES-də elektrik enerjisinin saatlarla kəsildiyini, bununla da dünyanın radiasiya fəlakətindən az fərqlə xilas olduğunu açıqlamışdı.

Zelenski deyirdi ki, Rusiyanın atəşi Avropanın ən böyük obyekti olan reaktor kompleksini elektrik şəbəkəsindən ayırıb. Üstəlik, yaxınlıqdakı kömür elektrik stansiyasının kül quyularında yanğınlara səbəb olub.

Moskva isə deyilənləri təkzib edib.

Zavodun yaxınlığındakı işğal olunmuş Enerhodar şəhərciyinə Rusiya tərəfindən təyin edilmiş məmur Vladimir Roqov nəzarət edir.

O, yaxınlığındakı meşədə baş verən yanğında Ukrayna silahlı qüvvələrini günahlandırıb.

Bildirib ki, bölgədəki şəhərlər bir neçə saat elektrik enerjisini itirib.

“Buna Zelenskinin döyüşçülərinin təxribatları nəticəsində Zaporojiya AES-dən elektrik xətlərinin kəsilməsi səbəb olub”, – Roqov “Telegram”da yazıb.

Rusiya fevralın sonunda Ukraynaya silahlı müdaxiləyə başlayıb.

Martda zavodu ələ keçirib və o vaxtdan ona nəzarət edir.

Zavodda az sayda ukraynalı texniki işçilər qalıb və orada işləyirlər.

Uzun zaman idi ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) zavoda giriş əldə etməyə çalışırdı. Hətta BMT ərazini demilitarizasiya etməyə çağırıb.

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) missiyası. Foto: Twitter

BAEA ekspertləri stansiyaya dəymiş fiziki ziyanı dəyərləndirəcək, təhlükəsizlik sistemlərini işləkliyini müəyyən edəcək, işçi heyətinin çalışdığı şəraitə baxacaq, təcili təhlükəsizlik fəaliyyətini həyata keçirəcək, agentlik qeyd edir.

Nə Qrossi, nə də agentlik missiyanın Zaporojiyaya nə vaxt çatacağını dəqiq qeyd edib.

Ukraynanın enerji nazirliyi isə “təhlükəsizlik səbəblər”indən BAEA missiyası haqda şərh verməyəcəyini bildirib.

BMT və Ukrayna AES-in münaqişə hədəfinə çevrilməməsi üçün hərbi avadanlıq və heyətin oradan çıxarılmasına çağırıb.

Rusiya və Ukrayna bir-birini ərazini atəşə tutmaqda ittiham edərək, nüvə fəlakəti qorxusunu artırıb.

Nüvə mütəxəssisləri stansiyanın istifadə olunmuş nüvə yanacağı hovuzlarına və ya onun reaktorlarına ziyan vurma riski barədə xəbərdarlıq edib.

Hovuzların soyudulması üçün lazım olan enerjinin kəsilməsi fəlakətli dağılmaya səbəb ola bilər.

Milli təhlükəsizlik üzrə ekspert, Yale İdarəetmə Məktəbinin professoru Paul Bracken deyib ki, artilleriya mərmiləri və ya raketlərin reaktorun divarlarını deşə biləcəyi ehtimalı narahatlıq yaradıb.

Onun sözlərinə görə, 1986-cı ildə Çernobıl reaktoru ilə bağlı qəzada olduğu kimi, potensial olaraq böyük bir əraziyə radiasiya yayıla bilər.

Bracken Zaporojiya zavodunda hər hansı uğursuzluğun yüzlərlə və ya minlərlə insanın ölümünə səbəb ola biləcəyini, Avropaya çatan daha böyük əraziyə ekoloji zərər vura biləcəyini bildirib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.