TƏCİLİ! Gərginlik pik həddə - Təzyiqlər artdı, Türkiyə hərəkətə keçdi

31-08-2022, 16:44   


Yunanıstanın Egeydə uçuşlar həyata keçirən Türkiyə təyyarələrinə göstərdiyi təzyiqlər NATO-nun müzakirəsinə çıxarılır. Türkiyə radar qeydlərini alyans ölkələrinin nazirliklərinə göndərməyə hazırlaşır...

Türkiyə Milli Müdafiə Nazirliyi Egey və Şərqi Aralıq dənizində missiya uçuşları həyata keçirən türk təyyarələrinə Rusiya istehsalı olan S-300 Hava Hücumundan Müdafiə Sistemi ilə göstərilən təzyiqlərə dair radar qeydlərini NATO Baş Katibliyinə və Alyansa üzv ölkələrin müdafiə nazirliklərinə göndərməyə hazırlaşır.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Aralıq dənizində, beynəlxalq hava məkanında missiya uçuşları həyata keçirən Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına aid F-16-lar avqustun 23-də Krit adasında Yunanıstana aid olan Rusiya istehsalı S-300 Hava Hücumundan Müdafiə Sistemi tərəfindən sıxışdırılıb. S-300 sisteminə aid hədəf izləmə və raket yönləndirmə radarı 10.000 fut yüksəklikdə uçuşlar həyata keçirən qırıcılara yerdən hava kilidi raketi atıb.

Yunanıstanın təzyiqinə baxmayaraq, Türkiyənin döyüş təyyarələri planlaşdırılmış missiyalarını tamamlayıb və təhlükəsiz şəkildə bazaya qayıdıb.

Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr NATO üzvü olan bir ölkənin döyüş təyyarələrinin Rusiya istehsalı olan S-300 sistemi ilə sıxışdırılmasının NATO-nun müttəfiqlik prinsiplərinə zidd olduğunu, Qərbin bu mövzuda ikitərəfli siyasət sərgilədiyini qiymətləndirib.

Türkiyənin müdafiə naziri Hulusi Akar Yunanıstanın son hava pozuntuları və təcavüzü ilə bağlı danışıb:

“Avqustun 23-də bir hadisə oldu. Əvvəllər hava məkanımızı müdafiə etmək üçün uzaqmənzilli regional hava hücumundan müdafiə sistemləri barədə amerikalılarla danışıqlar aparmışdıq, lakin bizə Patriot hava hücumundan müdafiə sistemi vermədilər. Biz də fransızlarla danışdıq, onlar da bizə SAMP-T vermədilər. Ona görə də gedib S-400 aldıq, Yer yerindən oynadı. İndi bunun bir alt modeli olan, Yunanıstan hərbi hava qüvvələrinə aid S-300-lər uçuşlar həyata keçirən türk F-16-larını radar kilidinə salıb. Pis qonşumuzun etdiklərini görmək, anlamaq və izah etmək lazımdır. Bu cür ehtiyatsızlıq qəbuledilməzdir”.

Rəsmi Afina isə Krit adasındakı S-300 raketlərindən radar kilidinin atıldığını təkzib edib.

Yunanıstan Müdafiə Nazirliyi və hərbi mənbələr iddia edir ki, Türkiyə mətbuatında qeyd olunan gün və saatda S-300 raket sistemi işə salınmayıb və həmin gün NATO təlimləri keçirilməyib.

Qeyd edək ki, Yunanıstanın Türkiyənin hava və quru sularına qarşı təzyiqləri davam edir. İlin əvvəlindən Yunanıstana məxsus döyüş təyyarələri Türkiyənin hava məkanını 256 dəfə pozub, 158 dəfə isə Türkiyə təyyarələrinə təzyiq göstərib. Yunanıstan sahil mühafizə gəmiləri də 33 dəfə Türkiyənin ərazi sularını pozub.

Nigar Cəfərli,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.