Rusiyanın Ukraynaya təcavüzündən 6 ay ötüb. Ukraynanın şərqində qızğın döyüşlərin getdiyi bir vaxtda İngiltərədən müharibənin əsas fiquru olan Sergey Şoyqu haqqında şok iddia gəlib.
Musavat.com "New York Post"a istinadən xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyi Rusiya prezidenti Vladimir Putinin cəbhədə ağır itkilər verdikdən sonra müdafiə naziri Sergey Şoyqunu sıradan çıxardığını iddia edib.
Nazirliyin hesabatında bildirilib ki, 10 ildir müdafiə sahəsində mühüm vəzifə tutan böyük siyasətçi artıq Putinin yaxın çevrəsində deyil.
Eyni xəbərdə Rusiya liderinin müharibə ilə bağlı məlumatları Şoyqudan deyil, əməliyyat komandirlərindən aldığı və nazirin öz səriştəsizliyi ucbatından rus zabitlərinin məsxərə obyektinə çevrildiyi iddia edilib.
Qeyd edək ki, Ukrayna Rusiya qoşunlarının müharibədə 47 min əsgər, 2 minə yaxın tank, 4 min zirehli texnika və 234 döyüş təyyarəsi itirdiyini iddia edir. Rusiya bu rəqəmləri təsdiqləməsə də, itkilərlə bağlı məlumatı mart ayından bəri yeniləmir və rəsmi açıqlama vermir.
Belə olan halda, bütün diqqətlər hərbi təhsili olmayan müdafiə naziri Sergey Şoyquya yönəlir.
66 yaşlı nazir Rusiyanın ən məşhur dövlət məmurlarından biridir. İnşaat mühəndisliyi ixtisası üzrə təhsil almış Şoyqu karyerasının çox hissəsini Fövqəladə Hallar Nazirliyində keçirib. Buna görə də Müdafiə Nazirliyi üçün lazım olan hərbi təcrübəyə malik deyil. Lakin o, uzun illər ərzində ölkə daxilində böhranların idarə edilməsində mühüm rol oynayaraq hökumət rəhbərliyinin rəğbətini qazanıb və sonradan müdafiə naziri təyin edilib.
Xatırladaq ki, Şoyqu ilk hərbi uğurunu Krımda əldə edib. Yarımadanı ələ keçirmək üçün xüsusi təyinatlıların gecə əməliyyatı planlaşdırılıb. Əməliyyat zamanı hökumət binaları ələ keçirilib və sonda (2014-cü ildə) Rusiya Krım ərazisini ilhaq edib.
Daha sonra o, uzunmüddətli dostluq münasibətləri olmadığı halda, nəinki Putinin yaxın ətrafına girə bilib, həm də Rusiya siyasətində yüksələ bilib.
Qeyd edək ki, Şoyqu Rusiya-Ukrayna müharibəsinin ilk günündən bəri ən çox müzakirə olunan şəxslərdən biridir. Qızı Ukrayna bayrağının rənglərini paylaşdığı üçün tənqid hədəfinə çevrilən nazir uzun müddətdir ki, görünmür.
Şoyqunun qəfil yoxa çıxması impiçment və xəstəlik iddialarını artırıb. O, sonra ortaya çıxsa, Rusiya liderinin müharibədəki vəziyyətə görə Şoyqunu hədəf alması iddia edilir.
Nigar Cəfərli,
Musavat.com