"Bir insanı yoxsulluqdan çıxarmaq dünyanın ən təsirli antidepressantıdır" (185.000 bəyənmə);
"Həmişə insanlara sərmayə qoyun" (179.000 bəyənmə);
"İşçi çatışmazlığı deyilən bir şey yoxdur. İnsanlara hörmətlə yanaşan iş yerləri azdır" (122.000 bəyənmə).
Bunlar Dan Praysın sosial media hesablarında yazdığı statuslardan sadəcə üçüdür.
Musavat.com xəbər verir ki, "New York Times"da dünyaca məşhur iş adamı Dan Praysın dəhşətli əməlləri barədə yazı dərc olunub.
Dan Prays
İş adamı Dan Prays 2015-ci ildə verdiyi açıqlama sayəsində bütün dünyada məşhurlaşıb. Həmin il baş ofisi ABŞ-ın Sietl şəhərində yerləşən, 110 işçiyə sahib “Gravity Payments” adlı şirkətin baş icraçı direktoru olan Prays əməkdaşlarının minimum əmək haqqını 70.000 dollara qədər artırdığını elan edərək diqqət çəkmişdi. Mətbuatda haqqında çox sayda xəbər dərc olunan iş adamı sonradan “Aspen Fikirlər Festivalı”nda məruzəçi olub.
Sonrakı illərdə o, sosial şəbəkələrdəki paylaşımları sayəsində tanınıb və rəğbət qazanıb. Baş direktor korporativ xəsisliyi tənqid edən bəyanatlar verib, bu barədə yazdığı statuslar milyonlarla bəyənmə toplayıb.
Qeyd edək ki, ABŞ-ın keçmiş əmək naziri Robert Reyx videomüsahibəsində Praysı “Amerikanın yeganə əxlaqlı icraçı direktoru” kimi qiymətləndirmişdi.
NAĞIL KİMİ BAŞLADI, DƏHŞƏTLİ HADİSƏ İLƏ BİTDİ...
Kacie Margis
İş adamı davamlı olaraq "Twitter", "Instagram" və "LinkedIn"də paylaşımlar edib, bərabərsizlik, psixi sağlamlıq, qadınlar haqqında mühüm məqamlara toxunub. Onun fikirləri model və rəssam Kacie Margisin də diqqətini çəkib.
27 yaşlı Margis 2020-ci ildə Praysın "Instagram" paylaşımlarından birini bəyəndikdən qısa müddət sonra mesaj alıb: "Sevgililər gününüz mübarək!"
Margis əvvəlcə mesaja məhəl qoymayıb. Lakin sonradan dostlarından biri Praysın tvitlərini mesaj qrupuna göndərəndə model iş adamını xatırlayaraq ona cavab yazıb və onlar müntəzəm olaraq danışmağa başlayıblar.
Prays Margisin San Dieqo yaxınlığındakı evinə gəlib və onlar Sietlə getmək üçün təyyarə biletləri alıblar. Lakin bu romantik günlər üç ay sonra zorlama ittihamı ilə bitib.
Avqustun 15-də Kaliforniya ştatına bağlı Palm Springs Polis İdarəsi narkotik maddənin təsiri altında olan Margisin zorlanması barədə ittiham aktının prokurorluğa göndərildiyini elan edib.
Prays avqustun 17-də "Gravity Payments" şirkətinin baş direktoru vəzifəsindən istefa verdiyini açıqlayıb. O, “bütün vaxtını saxta ittihamlarla mübarizəyə həsr etmək istədiyini” bildirib.
Əslində, Prays Margisin düşündüyü qədər mükəmməl insan deyildi və bunu sübut edən müxtəlif əlamətlər var idi, lakin bu əlamətləri aşkar etmək elə də asan olmayıb…
Məsələn, “Google”da iş adamı haqqında axtarışlar edərkən onun haqqında tərifli yazılar çıxır. Bir az daha dərinə gedənlər 2015-ci ildə “Bloomberg Businessweek”də Karen Veys tərəfindən yazılan bir xəbərlə rastlaşa bilərlər. Məlumatda Praysın 70.000 dollarlıq minimum əmək haqqı bəyanatının yalan olduğu açıq şəkildə ortaya qoyulub və keçmiş həyat yoldaşının gənc iş adamı tərəfindən məişət zorakılığına məruz qaldığı bildirilib.
Prays düşdüyü bu çuxurdan sosial media sayəsində çıxa bilib. O, paylaşdığı hər tvitlə mükəmməl imic formalaşdırıb və haqqında yazılan mənfi xəbərlər axtarış zamanı geri plana düşüb.
“New York Times”ın 50-dən çox insanla müsahibələri, nəzərdən keçirdiyi sənədlər və polis qeydləri göstərir ki, Prays sosial media vasitəsilə nüfuz qazanıb, bundan sui-istifadə edərək internet vasitəsilə qadınlarla tanış olub, görüşüb, onlara fiziki və mənəvi zərər verib.
“New York Times”a danışan Margis Praysın zorladığı 15 qadından biridir.
Prays isə eyni media qurumuma açıqlamasında deyib: "Həyatımda heç kimi fiziki və ya cinsi istismara məruz qoymamışam. Qadınlara qarşı pis davranış iddiaları həqiqətə uyğun deyil. Həmçinin işçilərimə pis rəftar etməmişəm”.
İŞ ADAMINA BÖYÜK "SÜRPRİZ"
2015-ci ilin payızında işçilərinin minimum əməkhaqqını 70.000 dollara qaldıran Prays 2016-cı ildə yenidən gündəmə gəlib. Bu dəfə işçilərinin Praysa “Tesla” avtomobili hədiyyə etməsi və gənc icraçı direktorun bu “sürpriz” hədiyyəni alarkən verdiyi reaksiya maraqla qarşılanıb. Ancaq heç nə göründüyü kimi olmayıb.
"Bütün bunlar Praysın ideyası idi" - təxminən 7 il "Gravity Payments"da marketinq direktoru vəzifəsində çalışmış Rayan Pirkl deyib. İş adamı isə bu iddiaları təkzib edərək kiminsə onu ləkələməyə çalışdığını bildirib.
2019-cu ilə qədər Prays ABŞ-ın ən yaxşı baş icraçı direktoru kimi yüksəlib. Onun adı “Wall Street Journal”ın "gələcəyi işıqlandıranlar" siyahısında olub.
Sonradan üzə çıxıb ki, Praysın sosial şəbəkələrdəki məşhur paylaşımlarının, minlərlə bəyənmə toplayan cümlələrin, demək olar ki, heç biri onun özü tərəfindən yazılmayıb. İş adamının statuslarını yazan Mayk Rozenberq adlı şəxs bir qadın müxbirə nalayiq mesajlar göndərdiyi üçün istefa verməli olan keçmiş “Seattle Times” müxbiri olub. Şirkətin insan resursları üzrə keçmiş direktoru Bobbi Pauers bildirib ki, Rozenberqin işə götürülməsi bir çox işçini qəzəbləndirib.
"Gravity"nin 25-dən çox keçmiş əməkdaşının sözlərinə görə, yaxşı müdir imici sərgiləyən Praysın gücünü artıran şey izləyicilərin, xüsusən də qadınların heyranlığı olub. İşçilər icraçı direktorun bir sözünün digərini tutmadığını, kiçik hadisələrə böyük reaksiyalar verdiyini söyləyib.
Şirkətin yüksək vəzifəli çalışanlarından biri olan Cen Pek belə şeylərdən o qədər narahat olub ki, həkimi ona fiziki və psixi sağlamlığı üçün işdən ayrılmağı tövsiyə edib. Lakin Praysın imici şirkətdən istefa verməyi çətinləşdirib.
ƏVVƏL İNKAR ETDİ, SONRA İSƏ...
Kristi Kolon
Əsas hadisəyə qayıdaq...
Margis və Prays münasibətlərinin üçüncü ayında, 2021-ci ilin aprelində Palm Springsdə görüşüblər. İlk gün onlar uzun gəzintiyə çıxıblar. Həmin vaxt Prays tez-tez "Twitter"ini yoxlayıb. Həmin gün işçilərin maaşının 70 min dollara qaldırılması barədə statusun yazılmasından 6 il ötüb və həmin tvit 180 min nəfər tərəfindən bəyənilib.
Ertəsi gün səhər Prays telefonla danışmaq lazım olduğunu söyləyib, əynində sadəcə alt paltarı olan Margisi o vəziyyətdə otaqdan çıxarıb və qapını içəridən bağlayıb.
İş adamı saatlarla otağa girə bilməyən və hovuzun kənarında gözləyən Margisin yanına gedib onu öpməyə çalışıb, lakin model ona qarşılıq verməyib. Bundan sonra Prays əsəbiləşərək onun çox pis dinləyici olduğunu, anlayış göstərmədiyini deyib.
Daha sonra baş verənlər isə polis hesabatlarında, Margisin dostlarına göndərdiyi mesajlarda və hadisədən sonra danışdığı üç nəfərin ifadələrində bütün təfərrüatı ilə yer alıb.
Belə ki, hovuz kənarındakı gərginlikdən sonra Margis yatmaq üçün otağa qayıdıb. O, 2017-ci ildə Las-Veqasda musiqi festivalında silahlı hücuma məruz qaldıqdan sonra yuxusuzluqdan əziyyət çəkib və yatmaq üçün hər gün dərman qəbul edib.
Margis dərman atıb yatmağa hazırlaşarkən Prays otağa girib və onunla cinsi əlaqədə olmaq istəyib.
"Mən indi yatacağam, səhər danışarıq" dedim, amma Prays dinləmədi. Narkotik tərkibli dərmanın təsiri altında yuxuya getməyə hazırlaşarkən Praysın mənimlə cinsi əlaqəyə girəcəyini anladım. “Ona mane olsam, məni öldürər” qorxusu ilə özümü yatmış kimi göstərdim. Ayıldıqdan sonra Praysdan "məni zorladınmı?" deyə soruşdum. O, əvvəlcə inkar etdi. Mən israrla soruşduqca zorla cinsi əlaqədə olduğunu etiraf etdi” - Margis deyib.
Məlumata görə, Prays Margisə "Mənim kim olduğumu bilirsənmi? Keçmiş həyat yoldaşımın ittihamlarına heç kim inanmadı, sənin sözlərinə də heç kim inanmaz" deyib, daha sonra Margisi tək qoyaraq başqa otağa keçib.
Qəbul etdiyi dərmanın təsiri keçdikdən sonra Margis tələsik hotel otağını tərk edərək evə qayıdıb. O, hadisəni dostlarına danışıb, onlardan ifadə vermələrini istəyib. Alt paltarını sübut kimi saxlayan Margis daha sonra xəstəxanaya müraciət edərək zorlandığını təsdiqləyən sənəd alıb və polisə şikayət ərizəsi yazıb.
Hadisədən iki gün sonra Margis Praysın keçmiş həyat yoldaşı Kristi Kolona "Instagram"dan mesaj göndərib, iş adamının ona təcavüz etdiyini bildirib və Kolonun bütün ittihamlarına inandığını ifadə edib.
Bu, Kolonu o qədər də təəccübləndirməyib, çünki o, əvvəllər də müxtəlif qadınlardan keçmiş əri ilə bağlı oxşar mesajlar alıb.
İş adamı başqa qadınlara zərər verməsin deyə Margis öz yaşadıqlarını ictimaiyyətlə bölüşmək istəyib, lakin Praysın ona nəsə edəcəyindən qorxub.
Nəhayət, Kolon Margisi Duq Forbes adlı bir adamla tanış edib. Forbes illərdir Kolon haqqında bloq yazıb və Praysın fırıldaqçı olduğunu göstərən sənədli film çəkmək istəyib. Keçən ilin avqustunda Margislə əlaqə saxlayan Forbes qadının yaşadıqlarını anonim şəkildə öz bloquna köçürüb.
Prays isə Forbesin adını açıqlanmadığı bir rəqibi tərəfindən maliyyələşdirildiyini iddia edib.
Margislə bənzər şeylər yaşayan qadınlar Forbesin bloqunda yazdıqlarını oxuduqdan sonra müəlliflə əlaqə saxlayıblar. Bundan sonra bloger iş adamının təcavüzünə məruz qalmış başqa qadınların hekayələrini ictimaiyyətlə paylaşıb və qadınları bir-biri ilə tanış edib. Praysı günahlandıran qadınların sayı 15-ni keçib.
Qadınların çoxu bənzər şeylər danışıb. Onlar iş adamının bəzi "Instagram" paylaşımlarını bəyəniblər və sonra tanış olublar. Bir neçə dəfə görüşdükdən sonra Prays cinsi əlaqədə olmaq üçün onlara təzyiq göstərməyə başlayıb. Bu təzyiqə birtəhər tab gətirənlər daha pis vəziyyətlə qarşılaşıb: iş adamı qadınların razılığı olmadan cinsi əlaqə zamanı onların video və fotolarını çəkib.
Qadınlardan birinin sözlərinə görə, Prays onun razılığı olmadan gecə saatlarında onunla üç dəfə cinsi əlaqədə olub.
ALKOQOL, YÜKSƏK SÜRƏT, FİZİKİ VƏ CİNSİ ZORAKILIQ...
Aleksandra Hayn
Forbesin Margisin Palm Springsdə yaşadıqlarını “Gravis” əməkdaşları ilə bölüşməsi ofisdə bomba effekti yaradıb.
Şirkətin yeganə sahibi və idarə heyətinin üzvü olan Prays 2021-ci ilin payızında bir müddət istirahət edib, lakin noyabrda işə qayıtmağa hazır olduğunu deyib. İş adamı 2022-ci ilin yanvarında rəssam Aleksandra Hayn ilə tanış olub. O, əvvəlcə qadına iltifatlarla dolu mesaj yazıb və görüşmək təklif edib, lakin rədd cavabı alıb. Bir neçə ay sonra isə təklifini təkrarlayıb.
Praysın paylaşımlarına nəzər yetirən Hayn ümid edib ki, iş adamı ona yol göstərə və sənətində irəliləyişə nail olmağa kömək edə bilər. Buna görə də, rəssam onunla görüşməyə qərar verib.
Onlar yanvar ayında Sietldə nahar edib siyasətdən danışıblar. Evə qayıdarkən Haynin telefonundakı avtomobil çağırmaq üçün nəzərdə tutulan tətbiq işləməyib və qadın proqramı yenidən yükləməyə çalışıb. Bu zaman Prays təklif edib ki, onun avtomobilində gözləsin. Haynın polisə verdiyi ifadəyə görə, onlar qabaq oturacaqlarda əyləşərkən iş adamı onu zorla öpməyə çalışıb və boğazını sıxıb.
Hayn öz sevgilisinə zəng edərək gəlməsini xahiş edib. Bu zaman Prays maşını işə salıb və yüksək sürətlə dayanacağa doğru irəliləməyə başlayıb. İş adamı dayanacaqa daxil olub, üst mərtəbəyə qalxıb və burada yenidən Hayni öpməyə çalışıb. Daha sonra o, qadını buraxıb və sərxoş vəziyyətdə olduğu üçün maşınının arxa oturacağında yatıb.
Bu zaman Heynın sevgilisi Cessi Snouden dayanacağa gəlib. Gənc qadın dərhal Snoudenin maşınına minərək oranı tərk edib. Hayn baş verənləri danışanda Snouden Forbesin bloqunu xatırlayıb. Rəssam Forbesə yazıb öz yaşadıqlarını danışanda bloger gənc qadını Margis, Kolon və digərləri ilə tanış edib. Vəkil olan atasının göstərişi ilə Hayn polisə gedərək Prays haqqında şikayət edib.
Qeyd edək ki, iş adamının onu boğduğunu deyən yeganə qadın Hayn deyil. Praysın internet vasitəsilə tanış olduğu Danni Askini də başına oxşar hadisə gəldiyini bildirib.
Artıq Sietl Prokurorluğu Haynın Praysla bağlı şikayəti əsasında akt tərtib edib və iş adamına qarşı üç ittiham irəli sürülüb: avtomobili ehtiyatsız idarəetmə, hücum və cinsi təcavüz. Mayın 31-də keçirilən məhkəmə iclasında iş adamına qarşı cinsi zorakılıq ittihamı ləğv edilsə də, digər şikayətlər barədə araşdırma başlayıb.
Oktyabrda başlayacaq məhkəmə prosesinə hazırlaşan Prays “New York Times” qəzetinə açıqlamasında deyib: "Mən qanuna güvənirəm. Günahsız olduğumu sübut etməyi səbirsizliklə gözləyirəm".
Nigar Cəfərli,
Musavat.com