Ermənilərin girov götürdüyü Azərbaycan vətəndaşı Cavid Samir oğlu Məmmədovun 15 yaşı olduğu məlum olub.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, girov götürülən Cavid Samiroğlu Məmmədov Tərtər rayonundakı 2 saylı orta məktəbin şagirdidir. Ailəsinin verdiyi məlumata görə, Cavid ötən gün səhər saatlarında balıq tutmaq və çimmək adı ilə rayonun Çaylı kəndinə gedib.
Üzərindən xeyli vaxt keçməsinə baxmayaraq uşaq evə qayıtmayıb. Hazırda uşağın girov götürülməsi barəsində olan xəbərlər onun ailə üzvlərinə bildirilmir. Cavidin atasının isə BQXK-nın Bərdə şəhərində yerəşən ofisinə çağırıldığı deyilir.
C. Məmmədov Tərtər rayonunun Qaçay Mehdiyev küçəsində yaşayır.
İlkin məlumata görə, girov Tərtər rayon yol polisi rəisinin müavininin oğludur.
Xatırladaq ki, Azərbaycan vətəndaşının girov götürülməsi barəsində Ermənistan mətbuatı məlumat yayıb.
Erməni tərəfinin yaydığı məlumatda qeyd olunub ki, sentyabrın 5-də axşam saatlarında Cavid Samiroğlu Məmmədov adlı bir Azərbaycan vətəndaşı təmas xəttini keçib və nəticədə girov götürülüb.
Onun barəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verildiyi bildirlir.
ANS PRESS-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidməti bildirdi ki, "Belə bir fakt var, hazırda bununla bağlı araşdırma aparılır"
***
16:05
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK)cəbhə xəttində bir Azərbaycan vətəndaşının girov götürüldüyünü təsdiqləyib.
Bu barədə APA - ya açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O bildirib ki, BQXK-nın Dağlıq Qarabağ ofisi Azərbaycan vətəndaşının saxlanılması barədə məlumatlandırılıb. İ. Hüseynovanın sözlərinə görə, BQXK öz mandatına uyğun olaraq həmin vətəndaşa baş çəkəcək.
Qeyd edək ki, Ermənistan mətbuatı qondarma "Dağlıq Qarabağ Respublikası"nın "Müdafiə Nazirliyinin mətbuat xidməti"nə istinadən Cavid Məmmədov adlı Azərbaycan vətəndaşının Verin Çaylı istiqamətində erməni əsgərləri tərəfindən saxlanılması barədə xəbər yayıb.
Azərbaycan Müdafiə Nazirliyi isə C. Məmmədovun cəbhə xəttində girov götürülməsi faktı ilə bağlı araşdırma aparıldığını bəyan edib.