Liz Truss Britaniyanın növbəti Baş naziridir

5-09-2022, 18:29   


Liz Truss

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES


Liz Truss Britaniya Mühafizəkarlar partiyasının lideri seçilib. Bu onun yeni Baş nazir seçilməsi deməkdir.

Hakimiyyətin rəsmi ötürülməsi prosesi çərşənbə axşamı günü Boris Johnson-un Downing Street iqaməthahında çıxışı ilə başlayacaq.

Daha sonra o, istefası barədə Kraliçaya məlumat verməlidir. Bundan sonra Kraliça II Elizabeth Liz Truss-a yeni hökuməti qurmağı həvalə edəcək.

Bununla da 47 yaşlı siyasətçi Böyük Britaniyanın üçüncü qadın Baş naziri olacaq.



Partiyanın deputatları Boris Johnson-un yerinə keçmək istəyən namizədlərdən birini seçmək üçün beş dəfə səs veriblər, axıra qalanlar maliyyə naziri Rishi Sunak və xarici işlər naziri Liz Truss-dir.

Sentyabrın 5-də elan olunan seçkilərin nəticələrinə görə, Liz Truss rəqibini məğlub edib. Truss səslərin 57 faizini qazanıb. Sunak-ı partiya üzvlərinin 43 faizi dəstəkləyib.

Liz Truss Baş nazir kimi çətin iqtisadi vəziyyətlə üzləşir. Belə ki, inflyasiya son 40 ilin zirvəsinə çatıb və enerji qiymətləri durmadan artmaqdadır.

Bazar ertəsi Liz Truss yaxın günlərdə enerji böhranı ilə bağlı təfərrüatlı plan təqdim edəcəyini vəd edib. Gözlənilir ki, bu sahədə partiya proqramı cümə günü elan edilsin.

Bundan əvvəl BBC-yə açıqlamasında son iyirmi ildə özünün də daxil olduğu hökumətlərin iqtisadi böyüməyə nail ola bilmədiyini deyən Truss-ı maliyyə naziri Sunakdan fərqləndirən ən mühüm məqam vergiləri azaltmaq vədidir.

Truss bunun inflyasiyaya səbəb olmayacağını, boğulan iqtisadiyyata təzə nəfəs verəcəyini bildirir.


Truss-ın digər vədləri:

  • son bir ildə artırılan sosial sığorta haqlarının yenidən azaldılması;
  • 2023-cü ildə 19 faizdən 25 faizə yüksəldilməsi nəzərdə tutulan korporativ vergi artımının ləğv edilməsi;
  • “Yaşıl” layihələrə xərclənəcək enerjinin qiymətinə əlavə edilmiş verginin dondurulması;
  • Pandemiya dövründəki vergi borclarının müddətinin uzadılması və və dövlət tərəfindən ödənilməsi;
  • Ölkənin müxtəlif yerlərində azad ticarət zonalarının yaradılması;
  • Müdafiə büdcəsi üçün nəzərdə tutulan məbləğin yarım bənd artırılaraq 2026-cı ildə  ÜDM-in 2,5 faizinə, 2030-cu ildə isə 3 faizinə çatdırılması.

Valideynləri solçudurlar

47 yaşlı Liz Truss Britaniyanın ikinci qadın xarici işlər naziri olub. Parlamentə seçiləndən sonra hökumətdə daxili və xarici siyasətlə bağlı bir sıra mühüm vəzifələrdə çalışıb.

1975-ci ildə Oksfordda anadan olan Truss-ın atası riyaziyyat professoru, anası tibb bacısıdır. Hər ikisinin solçu olduğunu deyən nazir onların yolunu davam etdirməyib.

Qardaşı bir dəfə BBC radiosuna deyib ki, uşaq vaxtı Lizlə birlikdə “Monopoliya” oynamağı xoşlayıblar və uduzmağa nifrət edən Liz məğlub olmaqdansa yoxa çıxmağı üstün tutub.

Oksford Universitetində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alan Truss tələbələr arasındakı siyasi fəaliyyətlərdə fəal iştirak edib; əvvəlcə Liberal Demokrat Partiyasına, sonra isə Mühafizəkarlar Partiyasına üzv olub.

Təhsilini bitirəndən sonra “Shell və Cable & Wireless” şirkətlərində mühasibatlıq departamentində çalışıb, amma hələ o vaxtdan siyasətlə məşğul olmaq istəyib.

Liz Truss

ŞƏKLİN MƏNBƏYİ,ALAMY

Alovlu "pendir" nitqi

Liz Truss vaxtilə məktəb tamaşasında Margaret Thatcher-i canlandırıbmış.

O, siyasət meydanına 2001-ci ildə gəlib, amma 2001 və 2005-ci illərdə deputat seçilə bilməyib.

2006-cı ildə Londonun Qrinviç şəhər şurasının üzvü seçilib. 2008-ci ildən etibarən sağ mərkəzçi “Reform” mərkəzinin vitse-prezidenti vəzifəsini icra edib.

2010-cu ildə - David Cameronun rəhbərliyi dövründə Cənub-Qərbi Norfolk bölgəsindən deputat seçilib.

Elə həmin dövrdə Britaniyanı beynəlxalq səviyyədə gücləndirmək üçün dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirməyə çağıran şəxslərlə - “Britannia Unchained” kitabının müəllifləriylə bir araya gəlib və Mühafizəkarlar Partiyasında azad bazarın qatı müdafiəçilərindən biri kimi tanınıb.

2012-ci ildə təhsil nazirinin müavini olaraq  mühafizəkarlarla liberal demokratların birlikdə qurduğu koalisiya hökumətində təmsil olunub. Təhsil islahatları məsələsində Liberal Demokratlar Partiyasının lideri Nick Clegg-lə qarşı-qarşıya gəlib.

2014-cü ildə ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

2015-ci ildəki partiya konfransında Britaniyanın pendir idxalı haqqında uzun və alovlu  çıxışına görə bir müddət məsxərəyə qoyulub, amma yüksəlişi davam edib.

2016-cı ildə keçirilmiş referendumda Avropa İttifaqında qalmağa səs verib.

"Sun" qəzeti üçün yazdığı məqalədə “Brexit”-in "üçlü faciə" olacağını, Aİ ilə ticarətdə  bürokratiyanı və direktivləri artıracağını qeyd edib. Amma sonradan “Brexit”-in hər şeyi yenidən formalaşdırmaq fürsəti yaratdığını deyərək fikrini dəyişib. 

2016-cı ildə - Theresa May hökumətində ədliyyə naziri vəzifəsinə gətirilib. Bir il sonra hökumətin iqtisadi proqramının “ürəyi” olan quruma - Xəzinədarlığa baş katib təyin edilib.

2019-cu ildə - Boris Johnson hökumətində beynəlxalq ticarət naziri, sonra isə xarici işlər naziri olub.

Liz Truss

ŞƏKLİN MƏNBƏYİ,EPA

Şəklin alt yazısı,

Ukraynaya hücumdan bir neçə həftə əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Liz Truss-ın birgə mətbuat konfransında soyuq külək əsmişdi

Rusiya Ukraynaya hücum edəndə buna qarşı ən sərt mövqe tutanlardan biri Truss olub.

O, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmalı olduğunu vurğulayıb. Ukraynada  döyüşə biləcək britaniyalıları dəstəkləyən açıqlamalarına görə tənqid edilib.

Xarici işlər naziri postunda Aİ və Britaniya arasındakı mübahisəli Şimali İrlandiya Protokolu məsələsini  bu qurumla “Brexit”-dən sonra əldə edilmiş razılaşmanın bəzi müddəalarını pozaraq həll etməyə çalışıb, Aİ buna görə Truss-ı sərt şəkildə tənqid edib.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.