Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əliyev Xankəndini Rusiyadan necə alacaq? - Vardanyanın Qarabağa köçünün sirri...

6-09-2022, 09:16   

 

 Avqustun 31-də Belçika paytaxtında keçirilən Əliyev - Paşinyan görüşündə dərhal sonra baş verənlərin xronologiyası belədir: Nikol qondarma "artsax"ın “31-ci ildönümü” münasibətilə təbrik məktubu göndərir,   Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan  Xankəndinə gəlir, “xarici  işlər naziri” David  Babayan sentyabrın 19-da ABŞ Konqresində çıxışa hazırlaşır, Rusiya vətəndaşlığından imtina edərək milyarder, narkotik qaçaqmalçısı Ruben Vardanyan qəfildən Xocavənddən videomüraciət yayır, Kəlbəcər və Laçın hər gün atəşə tutulur... Anaxeber.info-nun siyasət şöbəsi yazır ki, bütün bu təxribat xarakterli addımlar Brüssel görüşündən sonraya, sentyabrın ilk həftəsinə təsadüf edir. Sözsüz ki, məqsəd danışıqlar prosesini pozmağa hesablanıb və sülh müqaviləsi mətninin hazırlanması üçün işçi qrupların yaradılması barədə razılaşmanı  tormozlamaq məqsədi güdür. Burada aydın olmayan heç bir nüans qalmır, regionda sabitlik qütblərin işinə yaramır, əgər Azərbaycan - Ermənistan sülh müqaviləsi bağlasalar, xüsusən Rusiyanın bölgəyə təsir mexanizmləri məhdudlaşır. Ona görə Moskva yarımçıq sülh, yaxud tam həll olunmamış normallaşma prosesini dəstəkləyir. Rusiya hazırda yalnız kommunikasiyaların açılmasını istəyir ki, özünə lazımdır, qalan bəndlərin icrası ona əl vermir. Misal üçün erməni silahlılarını çıxarmaq, separatizmə son qoymaq, "artsax"ı demontaj etmək, İrəvan - Bakı arasında bütün anlaşmaların olması onun Cənubi Qafqazda varlığını əhəmiyyətsizləşdirir. Axı bu halda rus hərbçisinə Qarabağda nə ehtiyac var? Prezident İlham Əliyev də Basqalda çıxışı zamanı buna işarə etmişdi: ermənilər azərbaycanlılarla tikinti işində iştirak ediblər, rusməramlılar əvvəlcə guya nəzarəti həyata keçiriblər, sonra onlara ehtiyac olmayıb və çıxıb gediblər. Əliyev demək istəyirdi ki, rus hərbçilər lazımsızdı. Ancaq Rusiyanın bölgədən tezliklə çıxacağını gözləmək sadəlövhlük olar. Ona görə separatizmi körükləmək, Nikolun adamı olan Araiki uzaqlaşdırıb yerinə Moskvadan oliqarx Rubeni göndərmək, Kəlbəcər və Laçındakı mövqelərimizi atəşə tutub bölgədə gərginlik görüntüsü yaratmaq, bununla Brüssel danışıqlarını sıfırlamaq başlıca hədəfdir. Təsadüfi deyil, Rusiya XİN nümayəndəsi Mariya Zaxarova da Avropa Birliyinin vasitəçiliyini həyasızlıq adlandırmışdı. Sizcə, indi Kreml moderatorluğun əlindən çıxmasına tamaşa edərmi? Bəli, burada açıq sual budur ki, bəs Qriqoriyan niyə Xankəndinə gəlir və Paşinyan da Brüssel prosesinə zərbə vurur? Düzdür, o, səfərini Xocavənddə olan valideynlərinin məzarını ziyarətlə izah edirdi, amma səbəb Ermənistan iqtidarının Qarabağdakı ermənilərə dəstəyini ifadə etmək idi. Son vaxtlar Xankəndi rejimi və əhali Paşinyandan çox narazıdır, o da balansı qorumaq üçün adamını göndərməli olur. Bu mürəkkəb və qarışıq vəziyyətdə Paşinyan açıq söyləyə bilmir ki, ictimai rəyi addım - addım sülhə hazırlayır, radikal qərar vermədən Qarabağdan imtina edəcək, böyük sülh sazişinə gedəcək. Ona görə Bakı onu başa düşür. Paşinyan həm də işarə verir ki, orduya tam nəzarət də edə bilmir, sərhəddən mövqelərimizin atəşə tutulması ruspərəst Köçəryan - Ohanyan qüvvələrinə bağlı ordu birləşmələrinin işi ola bilər ki, Brüssel danışıqlarından sonra bu təxribatlar baş verir. Eləcə də Vardanyan Xankəndinə köçməklə Kremldə olan güclər mesaj ötürür ki, separatizmi daha möhkəm şəkildə müdafiə edəcəklər. Yəni dediyimiz kimi, yarımçıq sülh Rusiyanın əsas planıdır. Eyni zamanda, Vaşinqton da əcaib şəkildə separatçıları dəstəkləyir. Donbas separatçılarını məhv etmək üçün HİMARS raketləri göndərən ABŞ, Xankəndi terrorçularını sığallayır, onlara gələn il üçün mimatəmizləmə adı ilə 2 milyon dollar ayırmağı nəzərdə tutur. Eləcə də Babayan Konqresdə çıxış edəcək və bu mövqe Amerika dövlətinə heç yaraşmır, sanki Rusiya ilə baxışları üst-üstə düşür. Habelə Minsk qrupunu reanimasiya etmək cəhdləri də başadüşülən deyil, axı Avropa Birliyi platforması var və Bakı enerji əməkdaşlığında Qərbin bütün istəklərinə cavab verir?! Paşinyanın Mirzoyanı Moskvaya, Papikyanı Vaşinqtona göndərməsi isə iki stulda oturmaq siyasətidir. Bəs  Ağ ev Araiki niyə yemləyir? Bu, Rusiyanın da istəyinə xidmət deyilmi? Məgər Xankəndidə, Xocalı, Əsgəranda mina var? Deməli, bu maliyyə silaha, post, kazarma, səngər qurulmasına xərclənəcək. Beləliklə, Azərbaycan Türkiyə ilə çox ciddi addımlar atmaqla bu təhlükələri, problemləri beşikdə boğmalıdır. Xüsusən əgər Rusiya Vardanyanı özəl missiya ilə göndəribsə, mövqelərimiz atəşə tutulursa, növbəti antiterror əməliyyatı keçirilməsinin vaxtı yetişir...

Anaxeber.info 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar