Çeçenistan rəhbəri Ramzan Kadırovun sosial şəbəkədə yer alan növbəti müraciəti zamanı öz vəzifəsindən gedəcəyinə işarə vurması Rusiya və postsovet mətbuatında ən çox müzakirə olunan mövzuya çevrilib. Doğrudanmı, 2007-ci ildən Çeçenistana rəhbərlik edən və 2021-ci ildə növbəti 5 il müddətinə eyni vəzifəyə “seçilən”, həmçinin bu illər ərzində orada az qala Şimali Koreya formasında diktatura rejimi qurduğu deyilən Kadırov Ukrayna savaşının indiki qızğın və qeyri-müəyyən dövründə öz müstəqil qərarı ilə vəzifəsindən uzaqlaşaraq, özünün dediyi kimi, “layiq olduğu istirahətə” getməyə hazırlaşır?
Əslində, Kadırovun buna bənzər açıqalmalarına əvvəllər də rast gəlinib. O, bir neçə dəfə vəzifəsindən getməyə hazır olduğunu desə də, bunu heç vaxt əməldə göstərməyib. Əvəzində, belə açıqlamalardan dərhal sonra Çeçenistandakı büdcə təşkilatları işçilərinin, “ağsaqqalların” və s. “kütləvi etirazları” təşkil olunub - onlar Kadırovun qalmasını xahiş ediblər və o da təbii ki, razılaşıb... Lakin məhz indiki qarışıq dövrdə bu “ərköyünlüyün” təkrarlanması təsadüfi görünmür və bir çox mülahizələrə yol açır.
Rusiyanın nisbətən müstəqil və məlumatlı xəbər portallarından sayılan “Meduza” Kremlə yaxın mənbələrinə istinadla məlumat yayıb ki, Ramzan Kadırovun indiki postundan ayrılaraq, “Rosqvardiya”da rəhbər vəzifə tuta biləcəyi gözlənilir.
Söhbət hələlik müavin səviyyəsində vəzifədən gedir. Sonradan isə onun “Rosqvardiya”nın rəhbəri, general Viktor Zolotovun yerini tutacağı, Zolotovun isə Müdafiə naziri postuna təyin olunacağı barədə məlumatlar yayılır. Putin administrasiyasına yaxın mənbə xəbər verib ki, bu təyinatlara baxılır.
Lakin bu xəbərə kifayət qədər ciddi şübhə ilə yanaşanlar da az deyil. Belə ki, ilk növbədə Kadırovun nə vaxtsa Zolotovun yerinə “Rosqvardiya”ya rəis təyin olunacağı bir o qədər inandırıcı görünmür.
Rusiyanın tanınmış müxalif siyasətçilərindən olan Abbas Qalyamov bu məlumatları şərh edərkən xatırladıb ki, “Rosqvardiya” Putinlə müxalifət, yəni narazı xalq kütlələri arasında ən əsas və son müdafiə səddidir. Ona görə də onun başında Putinin 100 faiz güvəndiyi şəxs olmalıdır.
Yaxın tarix də göstərir ki, Rusiyada etiraz aksiyalarını amansızlıqla dağıdan və Putinin bu məsələdə əsas güvəndiyi güc strukturu məhz “Rosqvardiya”dır. Hazırda ona rəhbərlik edən Viktor Zolotov isə Kadırovdan fərqli olaraq, uzun müddət Putinin şəxsi cangüdəni və ən etibarlı adamlarından biri olub.
Qalyamov deyir ki, Putin Zolotova güvəndiyi qədər Kaqdırova güvənmir və güvənə də bilməz: “Putinlə Kadırovun bir-birinə qarşı ehtiyatla yanaşması üçün ciddi əsaslar var. Onlar istənilən an bir-birinə qarşı qarşılıqlı şəkildə ciddi problem mənbəyinə çevrilə bilərlər. Kadırov məsələn, Zolotov və Şoyqu ilə müqayisədə daha müstəqil oyunçudur. O, Ukrayna müharibəsindən heç də Putindən az ziyan görməyib. Onun məğlubedilməz imici və hətta biznesi də zədələnib. İnanmıram ki, Kadırov Putinə Zolotovun yerində lazım olsun. Putin ona, o da Putinə güvənmir...”
Doğrudan da Ukraynadakı uğursuzluq Putin kimi, onun da xarizmasını, nüfuzunu xeyli zədələyib. O və Ukraynaya göndərdiyi “kadırovçular” Ukrayna savaşının ən çox ələ salınan, məsxərəyə qoyulan pesonajlarına çevrilib.
Digər yandan Kadırov özünü hər nə qədər “Putinin piyadası” adlandırsa da, o, Putinin ətrafındakı ən müstəqil şəxslərdən biri sayılır. Odur ki, Rusiyanın indiki hakimiyyəti üçün hansısa həlledici məqamda Kadırovun “Rosqvardiya” başçısı vəzifəsində necə davranacağını proqnozlaşdırmaq asan deyil.
Burada bir məqam da olduqca vacibdir. Belə ki, müxalifəti, etirazçı kütləni hansısa qafqazlının, yəni “qeyri-rusun” rəhbərlik etdiyi güc strukturuna döydürülməsi, bu qurumun müxalif ruslara işgəncə verməsi onsuz da şovinizm hissi aşıb-daşan rus cəmiyyəti üçün qətiyyən qəbuledilməzdir. Bütün bu və digər səbəblər Kadırovun “Rosqvardiya”ya rəhbər təyin olunacağına dair məlumatları şübhə altına almağa əsas verir.
Əvəzində, ona doğrudan da Zolotovun müavini vəzifəsi təklif oluna bilər. Ancaq bu, onun tezliklə “Rosqvardiya”nın rəisi postuna yiyələnəcəyi anlamı daşımır. Qalyamovun dediyi kimi, onu Çeçenistandan ayırdıqdan sonra sadəcə, müavin vəzifəsində “itirib-batıra bilərlər”.
Xatırladaq ki, Medvedevin prezidentliyi dövründə Kadırova Rusiyanın şimal vilayətlərindən birinə rəhbərlik etmək təklif olunmuşdu. Hətta Medvedev özü çıxışlarının birində bunun anonsunu vermişdi. Kadırov da ilk başdan buna razılaşmışdı. Lakin sonradan anlamışdı ki, bu təyinat onun üçün tələ ola bilər.
Rusiya FTX-sında və digər güc strukturlarında onu istəməyən və hətta ona nifrət edən ciddi şəxslər, qüvvələr var. Çeçenistandan ayrılacağı təqdirdə Kadırov öz vətənindən didərgin saldığı çoxsaylı qan düşmənlərinin və Rusiya xüsusi xidmət orqanlarının əlçatan hədəfinə çevrilə bilər. Rusiya mətbuatında zaman-zaman yer alan bəzi məlumatlara görə, onun atası Axmat Kadırov da məhz Rusiya xüsusi xidmət orqanlarının təşkil etdikləri terror aktı nəticəsində qətlə yetirilib.
Təbii ki, bütün bu təhlükələri Kadırov da yaxşı anlayır və bilir. Odur ki, Rusiyada bir çoxları Kadırovun son açıqlamasını növbəti ərköyünlük, “öz qiymətini qaldırmaq” cəhdi kimi qəbul edirlər. Ona görə də bu və digər səbəblərdən Kadırovun öz xoşu ilə Çeçenistan rəhbəri postundan ayrılacağı qətiyyən inandırıcı görünmür.
Ancaq yuxarıda adını çəkdiyimiz A.Qalyamovun da dediyi kimi, indiki təlatümlü vəziyyətdə Rusiya hakimiyyətilə bağlı heç bir dəyişikliyi, heç bir hadisəni istisna etmək olmaz...
C.Məmmədov
“AzPolitika.info”