Rusiya ilə Ukrayna arasındakı müharibəni Britaniya və ABŞ kəşfiyyatı diqqətlə izləyir.
Musavat.com "New York Times"a istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının əldə etdiyi son məlumatlara görə, Rusiya öz yaxın müttəfiqi və köhnə dostu Şimali Koreya ilə təhlükəli tərəfdaşlığa girib.
Yeni informasiyaya əsasən, Rusiya Müdafiə Nazirliyi Ukraynaya müdaxiləsini dəstəkləmək üçün Şimali Koreyadan milyonlarla raket və artilleriya mərmisi almaq ərəfəsindədir.
Adının çəkilməsini istəməyən ABŞ rəsmisi bildirib ki, Rusiyanın Şimali Koreyaya üz tutması rus ordusunun ciddi təchizat çatışmazlığından əziyyət çəkdiyini göstərir.
ABŞ kəşfiyyatının məlumatına görə, ruslar yaxın gələcəkdə Şimali Koreyadan əlavə hərbi texnika da almaq istəyə bilər.
Qeyd edək ki, Bayden administrasiyası bu yaxınlarda Rusiyanım Ukraynadakı döyüş meydanında istifadə etmək üçün İran istehsalı olan pilotsuz uçuş aparatları aldığını təsdiqləyib.
Ağ Ev ötən həftə Rusiyanın İrandan satın aldığı Mohajer-6 və Shahed seriyalı pilotsuz təyyarələrdə texniki problemlər olduğunu da iddia edib.
Avropa və Qərb geri çəkildikcə Şimali Koreya Rusiya ilə münasibətləri daha da yaxşılaşdırmağa çalışır, Ukrayna müharibəsinə görə ABŞ-ı günahlandırır və Rusiyanın Qərbin “hegemon siyasəti”ndən özünü qorumaq üçün hərbi əməliyyatlar keçirdiyini bildirir.
Şimali Koreya, həmçinin Rusiya tərəfindən işğal olunmuş ərazilərin bərpasına kömək etmək üçün bölgəyə inşaat şirkətlərinin nümayəndələrini göndərməkdə maraqlı olduğunu ifadə edib.
Şimali Koreyanın Moskvadakı səfiri bu yaxınlarda Ukraynanın Donbass bölgəsində Rusiyanın dəstəklədiyi iki separatçı bölgənin nümayəndələri ilə görüşüb və ölkəsinin pandemiyadan qaynaqlanan sərhəd nəzarətini yumşaltmasına istinad edərək, "işgüzar miqrasiya sahəsində" əməkdaşlıq etmək barədə pozitiv düşüncələrini dilə gətirib.
Xatırladaq ki, iyul ayında Şimali Koreya qondarma Luqansk və Donetsk respublikalarının müstəqilliyini tanıyıb.
Nigar Cəfərli,
Musavat.com