Afinaya deyə xəbərdarlıq edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinin əks-sədası davam edir.
Musavat.com xəbər verir ki, Yunanıstanın "Kathimerini" qəzeti diplomatik mənbələrə əsaslanan xəbərlərində Afinanın keçəcəyi yoldan yazıb.
“Türkiyə təhdidlərinə diplomatik cavab” başlıqlı məqalədə “Afina öz tərəfdaşlarını və müttəfiqlərini Ankaranın “çirkin” ritorikasında son günlər artan eskalasiyası barədə məlumatlandırır” deyə qeyd olunub.
Xəbərdə Yunanıstanın xarici işlər naziri Dendiasın yaxın günlərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bütün üzvlərinə, BMT və NATO baş katibinə məktub göndərəcəyinə dair məlumatlar yer alıb.
Xəbərdə bildirilir ki, məktublarda əlavə şərh edilmədən yalnız Türkiyə səlahiyyətlilərinin orijinal bəyanatlarından sitat gətiriləcək.
Yunanıstanın başqa bir qəzeti “Ta Nea” isə qalmaqallı başlıqla oxucularının qarşısına çıxıb.
“Türkiyə nəzarətdən çıxdı” başlıqlı xəbərdə bildirilir ki, “Yunanıstan Türkiyənin təxribatları ilə bağlı tərəfdaşlarını məlumatlandırıb”.
Xatırladaq ki, Yunanıstanın baş naziri Miçotakisin ABŞ-da verdiyi açıqlamalardan sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlər daha da gərginləşib.
“Yunanıstan qonşularına dostluq əlini uzadır. Lakin biz suverenliyimizin, suveren hüquqlarımızın pozulmasına və Yunanıstan adaları üzərindən həddindən artıq uçuşlar keçirilməsinə dözməyəcəyik, buna dərhal son qoyulmalıdır. Konqres üzvlərindən xahiş edirəm ki, regionda silah satışı ilə bağlı qərarlar qəbul edərkən NATO-nun cənub-şərq cinahında yeni qeyri-sabitlik təhlükəsini nəzərə alın” - Mitsotakis deyib.
O bu sözlərlə dolayı yolla F-16 təyyarələrinin Türkiyəyə satışına icazə verməməyi tələb edib.
“Konqres üzvlərindən xahiş edirəm, ellinizmin 48 ildir əzab çəkdiyini və hələ də sağalmayan yarasını unutmayasınız. Mən Kiprə hücumu və adanın zorakılıqla parçalanmasını nəzərdə tuturam. Kiprdə heç kim iki ayrı dövləti heç vaxt qəbul etməyəcək” - Yunanıstanın baş naziri vurğulayıb.
Nigar Cəfərli,
Musavat.com