İcra hakimiyyəti yas məclisini dağıtdı

6-09-2014, 17:45   
Şəmkirdə Müsavatın yerli təşkilat sədrinin 3 mərasimini pozdular; jurnalisti zorla rayondan çıxarmaq istədilər

Jurnalist Aynur Elgünəş facebook səhifəsində yazıb ki, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri yas mağarında oturaraq hətta halva və pendir-çörəklə ehsan verilməsinə də imkan verməyiblər. Onlar nümayişkaranə şəkildə mərasimi pozublar. Yas sahibinə də deyiblər ki, axşam polisə gedib nəyə görə ehsan vermək istədikləri barədə izahat yazsınlar.

"Tövsiyədən qadağa kimi istifadə edib adamları cərimələyirlər. Bu pullar hara gedir? Olmayan qanunu necə icra edirlər?", - deyə A.Elgünəş yazıb.

***

Şəmkirdə yas məclislərindən birində qalmaqal baş verib. Rayonun Dəllər-Cırdaxan (Cəfər Cabbarlı) kəndində təşkil olunan yas məclisini icra hakimiyyəti adından dağıtmaq istəyiblər. Səbə kimi isə yasda ehsan verilməsini göstəriblər.

Yas sahibləri heç bir dəbdəbə və israfçılığa yol vermədiklərini, süfrəyə sadəcə halva və pendir-çörək düzmək istədiklərini deyiblr. Lakin buna da icazə verilməyib. Elan olunub ki, yalnız xurma və çay verilə bilər. Bu da ciddi gərginliy səbəb olub.

Bundan sonra icra hakimiyyəti adından yas məclisini aparmağa dəvət olunmuş mollaya xəbərdarlıq edilib ki, mağara girsə, 1000 manat cərimələnəcək.

Məlumatı azadliq.info-ya jurnalist Aynur Elgünəş verib. Jurnalist bildirib ki, yas məclisinin dağıdılmasına kənd bələdiyyəsinin sədri Xaqani Hüseynov rəhbərlik edir. Yas məclisi isə Müsavatın Şəmkir şöbəsinin sədri Nizami Əliyevin 3 mərasiminə görə qurulub..

“Bələdiyyə sədri Xaqani Hüseynov süfrəyə pendir-çörək düzülməsinə də imkan vermir. Bunu hansı qanunla etdiyini soruşuram, məni hədələyir, kənddən qovacağını deyir. Dini Qurumlarla İş Komitəsinin sədri Mübariz Qurbanlının açıqlamasını xatırladıram, deyir ki, Mübariz kimdir, burda qaydaları biz müəyyən edirik, olmaz vəssalam”, - deyə jurnalist bildirib.

Yaranmış vəziyyətlə bağlı Dini Qurumlarla İş Komitəsinin mətbuat xidmətinə müracit ediblər, oradan belə imperativ müdaxilənin qanunsuz olduğunu deyiblər. Ancaq bu da bələdiyyə sədrinin vecinə olmayıb. O, icra hakimiyyətinə istinadla təkid edir ki, qənd və çaydan savayı süfrəyə nəsə qoyulacaqsa, yas mağarı söküləcək.

Jurnalist Aynur Elgünəşi isə bu qanunsuzluğa mane olduğu üçün kənddən çıxarmaq istəyirlər. Onu aparmağa polis çağırılıb. Polis ondan kənd icra nümayəndəliyinə getməsini istəyib. Jurnalist isə bundan imtina edib. Tələb edib ki, onu hansı əsasla icra nümayəndəliyinə aparmaq istədiklərinə izahat versinlər. Polis isə təbii ki, belə bir izahat verə bilməyib. Hazırda jurnalist yas məclisinin qurulduğu evdədir, qapıda isə polis növbə çəkir.

Aynur Elgünəş onu da deyib ki, bugünlərdə rayonda başqa yas məclisləri də olub. Lakin onlarda halva, pendir-çörək, dovğa və bu kimi təamlarla ehsan verilməsinə mane olmayıblar. Jurnalist güman edir ki, Cəfər Cabbarlı kənd bələdiyyəsi sədrinin bu cür fərqli davranışı yas mərasiminin müxalifət təmsilçisinin olmasına görədir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.