Azərbaycan Milli Məclisi "Siyasi partiyalar haqqında" yeni qanun layihəsini müzakirəyə çıxarıb.
Siyasi partiyalar haqqında mövcud qanun 1992-ci ilin iyununda İsa Qəmbərin Azərbaycan Respublikası Ali Sovetinin sədri olduğu vaxtda qəbul edilib, sonrakı illərdə bu qanuna müəyyən dəyişikliklər edilib. Yeni qanun qəbul edilkdikdən sonra bu qanun qüvvədən düşəcək, layihədə deyilir.
Hazırkı qanun dörd fəsil və 22 maddədən ibarətdir. Yeni qanun layihəsində isə siyasi partiyalarla bağlı məsələlərin 6 fəsil və 30 maddə ilə tənzimlənməsi irəli sürülüb.
Qanun layihəsində, əsasən siyasi partiyaların yaradılması, qeydiyyata alınması və ləğvi qaydalarında dəyişikliklər, siyasi partiyanın fəaliyyətinə nəzarət təklif olunur.
Bu qanun layihəsində siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının 10 minə qaldırılması təklif olunur. Hazırda bu tələb min nəfərdi.
Bundan əlavə, 2 dəfə ardıcıl olaraq, parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatı ləğv ediləcək, yeni qanun layihəsində göstərilir. Mövcud qanunda isə partiyalar qarşısında belə bir öhdəlik yoxdur.
Layihədə partiyaların seçkini davamlı boykot etmə hüququ barədə hər hansı müddəa göstərilmir.
Siyasi partiya necə təsis ediləcək?
Mövcud qanuna görə, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq hüququna malikdir, təklif edilən yeni layihədə də bu müddəa saxlanır, amma bəzi məhdudlaşdırmalarla.
Belə ki, siyasi partiya yaratmaq istəyən şəxs son 20 ildə Azərbaycanda daimi yaşamalıdır.
Üstəlik, siyasi partiya yaradılarkən ən azı 200 təsisçisi olmalı və həmin şəxslər tam fəaliyyət qabiliyyətli olmalıdırlar. Mövcud qanunda isə siyasi partiyaların yaradılması üçün təsisçilərin minimum sayı ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb.
Layihədə göstərilir ki, siyasi partiya təsisçiləri təsis yığıncağı keçirərək partiyanın nizamnamə və proqramını qəbul etdikdən sonra öz aralarından təmsilçi seçirlər.
Yığıncaq zamanı əldə olunan nəticələr protokolla rəsmiləşdirildikdən sonra səlahiyyətli şəxs ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək həmin sənədləri 30 gün müddətinə təqdim edir.
Dövlət qurumu da 30 gün müddətinə həmin partiyanın tələblərə uyğunluğunu yoxlayır.
Nəzərdə tutulmuş məlumat müvafiq dövlət qurumuna daxil olduğu tarixdən 90 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi üzvlərin sayının təmin edilməsi üçün tədbirlər görür və onların reyestrini tərtib edir.
Layihədə göstərilir ki, siyasi partiya üzvlərinin reyestrini adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə aparır.
Təklif edilən dəyişikliyə əsasən, dövlət qurumu elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatlarını ildə azı iki dəfə nəzərdən keçirəcək.
Siyasi partiya da üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə iki dəfə (yanvar ayının 15-dək və iyul ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim etməlidir.
Yeni qanun qəbul edilənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən etibarən 90 gün müddətində üzvlərinin sayının 10 minə çatdırılması üçün tədbirlər görməlidir.
Eyni zamanda onların reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma təqdim etməlidir. Əgər hansısa çatışmazlıqlar aşkar edilərsə və siyasi partiya qanunda göstərilən müddətdə bunu aradan qaldırmazsa, onda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıracaq, layihədə göstərilib.
Təklif edilən qanun layihəsi siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmlərini də ehtiva edir.
Belə ki, siyasi partiyanın fəaliyyətinin qanunvericiliyin və nizamnaməsinin tələblərinə uyğunluğuna nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həyata keçirəcək.
Həmin qurum siyasi partiyanın fəaliyyətinin Azərbaycanın normativ hüquqi aktlarına və nizamnaməsinə uyğunluğunu öyrənəcək, partiyanın yaradılması zamanı yol verilən hüquq pozuntularını araşdıracaq və hətta siyasi partiyanın fəaliyyətinin dayandırılması və onun ləğvi barədə məhkəmədə iddia qaldıracaq.
Bundan əlavə, nəzarətedici qurum partiyanın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxacaq və mediada yayılan məlumatları nəzərdən keçirəcək.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməzlər.
Hazırkı qanunda bu kateqoriyadan olanlardan ianə almaq qadağan edilsə də, üzvlüklə bağlı məhdudlaşdırıcı müddəa yoxdur.
Layihəyə əsasən, siyasi partiyanın adı olmalı və onun adında "partiya" sözü göstərilməlidir. Bundan əlavə, siyasi partiyanın adının qısaldılmış forması, həmçinin siyasi partiyanın rəmzləri (bayraq, emblem və s.) ola bilər.
Layihədə göstərilir ki, siyasi partiyanın adı, qısaldılmış adı və rəmzləri dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və ya ləğv edilmiş hüquqi şəxslərin, o cümlədən digər siyasi partiyanın adından, adının qısaldılmış formasından və rəmzlərindən fərqlənməlidir, qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı siyasi partiyanın bayrağı ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, siyasi partiyanın bayrağının ölçüsü Azərbaycan Respublikası Dövlət Bayrağının ölçüsündən böyük ola bilməz.
Yeni qanun layihəsi siyasi partiyalara Azərbaycandan kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açmağı qadağan edəcək.
Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edə biləcək.
İanələr isə pul vəsaiti, əmlak və ya xidmət şəklində qəbul edilə bilər.
Yeni qanun layihəsində siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmədiyi göstərilib.
O cümlədən, siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsi, partiya orqanlarının və üzvlərinin siyasi partiyanın adından çıxış etməsi və ya fəaliyyət göstərməsi, toplantıların keçirilməsi, maliyyə əməliyyatlarının aparılması, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində və ya işində iştirakı qadağan edilir.
Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanlarının partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlər, o cümlədən qərarlar qəbul etməsi və ya sənədlərin imzalanması qadağandır¸ layihədə göstərilir.