Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna qoşunlarının Xarkov vilayətinin üçüncü böyük şəhəri olan Kupyanska daxil olduğunu təsdiqləyib. Rusiya bu məlumatı şərh etməyib.
Kupyansk Rusiya hərbi qruplaşmasının İzüm bölgəsində təchizatında həlledici əhəmiyyətə malikdir.
Ukrayna qoşunlarının Xarkov vilayəti istiqamətində bir neçə şəhəri ələ alması Rusiya üçün gözlənilməz olub, Britaniya müdafiə rəsmiləri bildirir. Onların açıqlamasına görə 50 km məsafəyə irəliləyən Ukrayna hərbçiləri xüsusi əhəmiyyət kəsb edən İzüm şəhəri yaxınlığındakı Rusiya qruplaşması üçün "təcrid olunma təhlükəsini" yaradıblar.
Cümə günü Ukrayna lideri Xarkov vilayətində 30 yaşayış məntəqəsinin geri alındığını bildirib. "Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad edərək nəzarət altına alıb", gecə yayılan çıxışı zamanı Prezident Volodimir Zelenski deyib. O, "hər yerə Ukrayna bayrağının" qaytarıldığını deyib.
Beynəlxalq ictimaiyyətin diqqəti Xerson şəhəri yaxınlığında gözlənilən həmləyə yönəldiyi bir vaxtda, Ukrayna bu həftənin əvvəlində şərq istiqamətində əks-hücum əməliyyatına başlayıb.
Analitiklər hesab edirlər ki, Rusiya bundan əvvəl ən təcrübəli qüvvələrini Xersonun müdafiəsinə ayırıb.
Britaniya müdafiə rəsmilərinə əsasən, "Çox güman ki, şərqdəki hücumlar Rusiya üçün gözlənilməz olub". Hücum Kupyansk şəhəri yaxınlığındakı Rusiya təchizat xətlərini kəsərək İzümda yerləşən minlərlə rus hərbçisini mühasirədə qoya bilər.
Ukrayna silahlı qüvvələrinin komandanı, general Valeri Zalujnıy cümə günü günortadan sonra Facebook-da "Biz irəliləyirik" deyə paylaşım edərək yazıb ki, "biz nə üçün mübarizə apardığımızı dəqiq bilirik və mütləq qalib gələcəyik" .
Cümə günü Xarkov vilayətinin işğal olunmuş hissəsində Rusiya administrasiyasının rəhbəri Ukrayna qoşunlarının uğurunu etiraf edib. "Müdafiəmizi yarmaq faktının özü artıq Ukrayna silahlı qüvvələrinin mühüm qələbəsidir", - Vitali Qançev Rusiya dövlət televiziyasına bildirib.
Rəsmi Moskva son hücuma münasibət bildirməyib, lakin Rusiya Müdafiə Nazirliyi Xarkova doğru yeni qüvvələrin göndərildiyini əks etdirən video yayımlayıb.
Sosial şəbəkələrdə Rusiya qoşunlarının Ukraynanın ələ aldığı Balakleya qəsəbəsinə doğru istiqamət aldığını görmək olar.
Cümə günü Brüsseldə olan ABŞ dövlət katibi Antony Blinken hücumun "əsl irəliləyiş olduğunu" deyib.
Şənbə günü Ukraynaya dəstək əlaməti olaraq, Almaniyanın xarici işlər naziri Annalena Baerbok gözlənilməz səfərlə Kiyevə gəlib.
Prezident Zelenski öz müraciətində Şərqdə yaranan irəliləyişə baxmayaraq, Donbasda "şiddətli döyüşlərin" davam etdiyini qeyd edib.
Təhlillərə əsasən, Rusiyanın İzüma göndərdiyi əlavə qüvvələrinə Ukrayna qoşunlarının irəliləyişini saxlamaq tapşırılıb, amma onlar əks-hücum təşkil edib, itirilmiş mövqeləri geri qaytara bilməsələr vəziyyəti düzəltmək çətin olacaq.
İzüm qruplaşmasının daimi sursat ehtiyatına ehtiyacı var. Arsenalları mütəmadi olaraq yeniləmədən intensiv hərbi əməliyyatlar aparmaq mümkün deyil, BBC təhlilində deyilir.
BBC.com