Ukraynada müharibə nə qədər davam edəcək? - TARİX AÇIQLANDI

10-09-2022, 21:12   


Ukraynada müharibə nə qədər davam edəcək? - TARİX AÇIQLANDI



Ukrayna hərbçiləri Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad ediblər.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib.

"Ordumuz, kəşfiyyatımız və Ukrayna Təhlükəsizlik Xidməti bir sıra əməliyyat bölgələrində aktiv əməliyyatları uğurla davam etdirirlər", - deyə Prezident bildirib.

Qeyd edək ki, son günlərdə Ukrayna ordusunun başlatdığı əks-hücum əməliyyatları uğurlu alınıb.

Demək olar ki, Ukrayna tərəfi hər gün bir çox ərazilərin işğaldan azad edildiyini açıqlayır. Rus ordusunda isə ciddi geriləmə və ruh düşkünlüyü olduğu nəzərə çarpır. 

Ümumiyyətlə, müharibənin gedişatında hansı ehtimal olunan ssenarilər reallaşa bilər?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, son 2 həftədir Rusiya tərəfindən işğal olunan Ukrayna torpaqlarının aktiv şəkildə azad olunması prosesi gedir:

"Diqqət çəkən əsas məqam odur ki, Ukrayna ilkin olaraq liman şəhərlərinin mövqelərini Rusiyadan geri almağa çalışır. Ümumiyyətlə, Rusiyanın Ukrayna ərazisindəki quru hərbi əməliyyatlarını heç vaxt uğurlu saymaq olmaz. 

Çünki ruslar daha çox mülki əhalinin yaşadığı binaları raket atəşinə tutmaqla insanlar arasında xof yaradaraq şəhərləri işğal ediblər. Onlar barbar üsullardan istifadə edirlər. Əslində Rusiyanın mülki insanları hədəf alması müharibə cinayətidir. Həmçinin ruslar hərbi əməliyyatlar zamanı nüvə obyektlərinin toxunulmazlığı konvensiyanı da pozublar. Bütün bunlara görə Rusiyanın beynəlxalq məhkəmələrdə toqquşmaları olacaq".

O qeyd edib ki, Rusiya Ukraynadakı hərbi əməliyyatlarında uğursuz olduğu üçün strategiyasını dəyişib:

"Rusiya limanları tutaraq dünyada taxıl böhranı formalaşdırıb. Onlar həmçinin dünyada sosial partlayışa səbəb olacaq məhsulların Avropaya daşınmasını iflic edib. Bununla yanaşı, Rusiya qarşıdan gələn soyuq qış aylarında qazın da qiymətini artıracaq. Çünki Vladimir Putin konkret olaraq müharibəni hakimiyyətinə daha az ziyanla bitirmək üçün yollar axtarır".

Politoloq hesab edir ki, Rusiya və Ukrayna arasındakı müharibə 2023-cü ilin martına kimi davam edəcək:

"Həmin tarixdə müharibə Rusiyanın uduzması ilə bitəcək. Birmənalı olaraq müharibə Ukraynanın ərazi bütövlüyünün təmin olunması ilə yekunlaşacaq. Əgər müharibə həmin tarixdə bitməsə, proses daha da dərinləşəcək. Buna isə ABŞ, Avropa İttifaqı və Çin icazə verməyəcək".

Elmir
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.