Hədəfini Ukraynanın şərqinə çevirən Rusiya son həftələrdə müdafiə mövqeyindədir. Çünki Volodimir Zelenskinin göstərişi ilə Xerson istiqamətində başlayan hücum Ukraynanın öz ərazilərini geri qazanması ilə davam edir.
Musavat.com xəbər verir ki, Ukrayna lideri bir ay ərzində Rusiyadan 2000 kv.km ərazini, o cümlədən son bir həftədə 1000 kv.km ərazini azad etdiklərini açıqlayıb.
RUSİYA ETİRAF ETDİ!
Ukrayna Müdafiə Nazirliyi işğaldan azad edilən ərazilərin fotolarını dərc edib.
Fotolardan birində yerə endirilmiş Rusiya bayrağını tapdalayaraq poza verən, üzünü gizlədən ukraynalı əsgərin görüntüsü əks olunub.
“New York Post” qəzeti bu hadisəni oxucularına “Ruslar qaçır, Ukrayna qoşunları şərqdə təəccüblü nailiyyətlər əldə edir” başlığı ilə təqdim edib.
Rusiyadan Müdafiə Nazirliyi müharibədəki son vəziyyətlə bağlı açıqlama verib.
İngiltərənin “Daily Mail” qəzetində yer alan xəbərə görə, Rusiya Müdafiə Nazirliyi qoşunların Xarkov bölgəsindən tamamilə geri çəkildiyini qəbul edib.
Nazirlik geri çəkilməyi “yenidən qruplaşma” kimi xarakterizə edib.
Rusiya MN-nin bu açıqlaması “etiraf” kimi şərh edilib.
KRIMA APARAN YOLLAR AÇILIR
Xatırladaq ki, Zelenski Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra Krımı geri alacağına söz vermişdi.
Xersonun geri alınması digər işğal olunmuş şəhərlərin azad edilməsinə ümidi artıracaq. Bundan başqa, şəhəri alınması Zelenskinin dediyi kimi, Krım yolunu açacaq.
Bu səbəbdən Xerson həm də “Krımın açarı” kimi dəyərləndirilir. Ukrayna bu bölgəni tez bir zamanda geri almaq və Krıma gedən yolu açmaq üçün mübarizə aparır.
Çünki hərbi ekspertlər qış aylarında irəliləyişin çətinləşəcəyini bildirirlər.
Nigar Cəfərli,
Musavat.com