Son günlər Ukraynada davam edən döyüşlərdə məğlubiyyətə uğrayan Rusiya gözlənildiyi kimi ən önəmli “silahlarından” olan qaz şantajını işə salmağa başlayıb. Kreml bununla Avropanı güzəştə məcbur etməyə çalışır. Kremlin planına görə, mavi yanacaqdan məhrum olan avropalılar qış ayları yaxınlaşdıqca yumşalacaqlar və inadlarından əl çəkib sanksiyaları götürəcəklər.
Amma rusların fikirləşdiyinin əksinə olaraq, qaz nəqlinin kəsilməsi avropalılardan daha çox onların özlərinə ciddi zərbə vura bilər. Digər yandan isə Avropanın Rusiyadan ən çox qaz alan ölkəsi olan Almaniya mavi yanacağın idxalını tədricən diversifikasiya edərək, “Şimal axını”ndan gələn qazdan asılılığını azaldır.
“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Obozrevatel.com” portalı “Kreml Avropa Birliyinə gedən qazı kəsib və onun özü də bundan ziyan görür” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub. Həmin məqaləni təqdim edirik: ”Rusiya “Şimal axını”nı dayandırıb və beləliklə də Almaniyaya ixrac etdiyi qazı kəsib. Qaz nəqli 3 sentyabrda bərpa edilməliydi, amma indi qaz boru kəmərinin işini qeyri-müəyyən müddətə kimi təxirə salıblar. Kreml gizlətmədən deyir ki, sanksiyalar götürüldükdən sonra qaz nəqlini bərpa etməyə hazırdır.
Rusiya təbliğatı avropalılara təlqin etmək istəyir ki, onları sərt qış gözləyir, amma iş ondadır ki, Rusiyanın özünün ərazisinin üçdə biri qazlaşmayıb. Rusların Avropa Birliyinə satdıqları qazı texniki baxımdan harasa yönəldə biləcəkləri yer yoxdur, onu sadəcə yandırırlar. Avropaya gedən qazın kəsilməsi ən çox Rusiya Fedrasiyasının özünə zərbə vuracaq.
Rusiya “Şimal axını”nı işə salmayacaq
“Naftaqaz”ın inteqrasiya kommunikasiyasının keçmiş direktoru, enerji məsələləri üzrə ekspert Maksim Belyavski deyib: ”Kreml “Şimal axını”nı işə salmağı planlaşdırmır.
İlk əvvəl Rusiya bildirirdi ki, ona turbin lazımdır, amma sanksiya üzündən Kanadadan bu turbini ala bilmir. Almaniya güzəştə getdi və turbinlər gətirildi. Onda “Qazprom” öncə bəyan etdi ki, turbinlər tam təmir olunmayıb, sonra isə bunların sanksiyaya aid olmaması barədə arayış istədi.”
Rusiyalılar Almaniyaya qaz göndərə bilməyəcəkləri ilə bağlı yeni səbəb fikirləşib tapıblar. İndi deyirlər ki, qaz sızıntısı var və təmir işləri aparacaqlar, ancaq təmiri nə vaxt bitirəcəklərini söyləmirlər. Əgər problem həqiqətən də qaz kəmərində olsaydı, Rusiya Almaniyaya qazı Ukraynanın qaz nəqliyyat sistemi vasitəsi ilə yollayardı. Hazırkı vəziyyətdə Rusiya gündəlik 4 milyon kub metr qaz itirir. Bu da ayda təxminən 300 milyon dollar edir.
Maksim Belyavski daha sonra əlavə edib: “Mənim yaxın üç ay üçün proqnozum belədir ki, Rusiya “Şimal axını”nı işə salmayacaq. Əgər üç aydan sonra da vəziyyət dəyişməzsə, tədarük bərpa olunmaya bilər.
Rusiya eyni zamanda öz yataqlarını dayandırmır və qazın həcmini dəyişmir. Buna infrastrukturun gücü mane olur. O, Avropa Birliyinə satılan qazın həcmini Asiyaya yönəldə bilmir. Rusiya Federasiyası nə edir? Avropa bazarına gedən qazın 80 faizini yandırır”.
Rusiya təbliğatı “soyuq qış” haqqında car çəkir
İndi artıq Fransadakı, Almaniyadakı və digər dövlətlərdəki siyasi güclər Rusiyanın fikirlərini təkrarlayırlar. Onlar deyirlər ki, Rusiya ilə razılaşmaq lazımdır, yoxsa qışda soyuqdan donmaq riski var.
Məsələn, Macarıstanın Avropa parlamentindəki deputatı yığıncaq zamanı Avropa Birliyinin baş diplomatı Jozef Borrelə müraciət edərək deyib ki, qışda seçicilər dona bilər. Borrel isə cavabında söyləyib ki, Macarıstan Rusiya ilə razılaşıb və ona təhlükə yoxdur. Hazırda Avropa ölkələrində havalar isti keçir, ona görə də hələ qışın necə olacağı məlum deyil.
Rusiya öz lobbiçiləri vasitəsi ilə avropalıları gələcək böhran və soyuq məktəblər barəsində xəbərlər yaymaqla qorxutmağa çalışır. “Qazprom” bir qədər də irəliyə gedib və Avropanın qazını kəsməsi və onun necə donması barədə videosüjet hazırlayıb.
Lakin Rusiya qazı olmadan Avropa Birliyinin tamamilə mavi yanacaqsız qalması rusiyalıların təxəyyül məhsuludur. Məsələn, Avropada Rusiya qazının ən böyük alıcısı olan Almaniya iyul ayında (Şimal axınının kəsilməsindən əvvəl) istehlak etdiyi qazın cəmi 26 faizini Rusiyadan idxal edib, qalan qazı Norveçdən, Niderlanddan və ABŞ-dan(sıxılmış qaz) alıb.
Əgər qaz tədarükü razılaşmasından imtina olunarsa, Rusiya Avropa Birliyindən daha çox əziyyət çəkəcək. Almaniyanın hesablamasına görə, diversifikasiya prosesi çətin gedəcək və buna iki il vaxt lazımdır. Amma ruslar xəbərdarlıq etmədən qaz nəqlini dayandırarlarsa, Avropa Birliyi bunun öhdəsindən gələcək. Bunun əksinə, Rusiya nəinki milyardları itrəcək, həm də özünün bütün qaz sektorunun gələcəyini təhlükə altına atacaq.
Kreml sanksiyaların qaldırılmasını tələb edir, lakin bu, mümükün deyil
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: ”Əgər Avropa Birliyi sanksiyaları götürərsə, “Şimal axını”nı asanlıqla təmir etmək və tədarükü bərpa etmək olar ”.
Amma bunun baş verməsi mümkün deyil.
Ukrayna Baş nazirinin Avrointeqrasiya məsələləri üzrə məsləhətçisi İvan Naqornyak bildirib: ”Rusiyanın hərəkətləri Avropanı qaz nəqlini şaxələndirməyə sövq edir. Həmçinin, Avropa ABŞ-dan daha bahalı, lakin daha “dostcasına” qaz almağa başlayır. Mənim fikirimcə, sanksiyalar götürülməyəcək. Əksinə, Avropa Birliyi təcavüzkara qarşı yeni məhdudiyyətlər tətbiq edəcək”.
Maraqlıdır ki, bu yaxınlarda “Bloomberg” agentliyi Rusiya hökumətinin daxili sənədlərini dərc edib və orada deyilir ki, Rusiyaya qaz nəql edilməsinin dayandırılması qaz hasilatında təhlükə yaradacaq (yataqları konservasiya etmək lazım gələcək) və hətta daxili istehlakın təminatına əngəllər tördəcək.
Məsələ ondadır ki, Rusiya ərazisinin yalnız 72 faizi qazlaşdırılıb. Göründüyü kimi, Kreml rusiyalılar barədə düşünmək əvəzinə qazı boşu-boşuna yandırır və Avropa Birliyi ölkələrini soyuq qışla təhdid edir. Hazırda Rusiya Federasiyası ərazisinin üçdə biri kömür və odunla qızınır.
V.Nəsibov
“AzPolitika.info”