Çeçenistanın başçısını qorumaq üçün əhəmiyyətli qüvvələr ayrılıb.
Cebhe.info Rusiya mətbuatına istinadən Kadırovun necə və kimlər tərəfindən qorunduğu barədə yazını təqdim edir.
Mühafizəçi Kadırov
Maraqlıdır ki, Ramzan Kadırov özü Rusiyanın hüquq-mühafizə orqanlarında xidmətə məhz mühafizəçi kimi başlayıb. Əvvəlcə atası Axmat-Hacı Kadırovun şəxsi mühafizəçisi olub.
Müharibədən sonrakı ən çətin illərdə Çeçenistanın ən yüksək vəzifəli şəxslərini qoruyan xüsusi polis şirkətinə işə keçib.
Artıq 2000-ci illərdə Ramzan Kadırov üçün mühüm dövlət xadimi kimi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Xüsusi Məqsədli Mərkəzindən mühafizə təyin edilmişdi. Lakin indi Ramzan Kadırov daha çox məşhur mayor Daniil Martınovun yetişdirdiyi yerli çeçen kadrlara arxalanır.
Özünü uşaqlıq dostuna etibar edib
Kadırovun şəxsi mühafizəsinin rəisi məşhur Patriot Abuzayd Vismuradov kimi tanınan şəxsdir və o, həm də Kadırovun sinif yoldaşı və yaxın uşaqlıq dostudur. Vismuradov eyni zamanda, Çeçenistan Baş nazirinin güc bloku üzrə müavini, "Terek" adlı xüsusi dəstənin komandiri, "Axmat" döyüş klubunun rəhbəridir. Bir sözlə, Vismuradov Çeçenistanın ən nüfuzlu adamlarından biridir. Qeyd edək ki, Çeçenistanda, açıq mənbələrə görə, xüsusi bir "Çeçenistan Respublikası Rəhbəri və Hökumətinin Administrasiyasının fəaliyyətini təmin edən Mərkəz" var. Bu Mərkəz həm Kadırovun öz evinin, həm də rəsmi iqamətgahının, o cümlədən Qroznıdakı administrasiyanın binasının və Kadırovun qohumlarının evlərinin mühafizəsinə cavabdehdir. Bildirək ki, Ramzan Kadırovun anası Aymani Nesiyevnanın evi ayrıca mühafizə olunur. Çeçenistanda bəzi maraqlı tədbirlər də görülür. Məsələn, xüsusi insanlar turistlərdən xahiş edirlər ki, müşahidə meydançalarından Kadırovun iqamətgahının şəklini çəkməsinlər. İqamətgah ərazisinə kamera və telefon da icazəsiz keçirilə bilməz.
Hər 50 metrdən bir snayper
Məlumata görə, ümumilikdə 300-400-ə qədər yaxşı təlim keçmiş döyüşçü Ramzan Axmatoviçin evinin və ailəsinin mühafizəsi ilə məşğuldur. Bütün bu mühafizə xidmətinə hər il 200 milyon rubla qədər vəsait xərclənir. Qeyd edək ki, bu gün Çeçenistan rəhbərini qorumaq üçün bütün tədbirlər Axmat Kadırov adına polisin Xüsusi Patrul Xidmət Alayına tapşırılıb. Bu döyüşçülər Çeçenistanın təhlükəsizlik qüvvələri arasında ən yaxşı döyüşçülər hesab edilir. Bu xüsusi bölmənin keçmiş əməkdaşı Süleyman Gezmaxmayev bir dəfə mətbuata verdiyi müsahibədə belə söyləmişdi:
"Çeçenistan Respublikasının başçısı Qroznının mərkəzindəki Putin prospekti ilə hərəkət edərkən, hər 50 metrdən bir hər pəncərənin önündə snayper və avtomatçı yerləşdirmişdik. Sakinlərdən isə xahiş olunurdu ki, bu vaxt ya yaşayış yerini tərk etsinlər, ya da sadəcə başqa otağa keçsinlər”.
Ancaq düşünmək lazım deyil ki, Axmat Kadırov adına alay sırf respublika rəhbərini qorumaqla məşğuldur. Onlar həmçinin yaraqlılara qarşı mübarizədə də iştirak edirlər. Məsələn, alay bu yaxınlarda Aslan Bütukayevi zərərsizləşdirib. Ramzan Kadırov Çeçenistan Respublikasında, xüsusən də onun dağlıq hissəsində hərəkəti zamanı onun yanında həmişə "Terek"adlı xüsusi dəstənin döyüşçüləri və OMON döyüşçüləri, həmçinin yerli ərazi polisi olur.
Qızını minnətdarlıq əlaməti kimi ərə verdi
Çeçenistan rəhbəri öz mühafizəçilərini yüksək qiymətləndirir, onları özünün ən yaxşı dostu və qardaşı hesab edir. Belə ki, bir neçə il əvvəl Ramzan Axmatoviç böyük qızı Ayşatı 2010-cu ildə Kadırovların doğma kəndi olan Tsentoroyun (indiki Axmat-Yurt) yaraqlılardan müdafiəsində canını qurban verən polis kapitanı Zelimxi Matsuyevin oğlu Vişxan Matsuyevə ərə verib. Eyni zamanda, Axmat-Yurt-un özündə də ciddi təhlükəsizlik tədbirləri var. Əslində, bu, bütün perimetr ətrafında diqqətlə qorunan qapalı qəsəbədir. Kənar şəxs bura yalnız xüsusi buraxılışla və yerli sakinlərdən birinin dəvəti ilə gələ bilər.
Kadırov 6 yaşlı uşağa nələr vəd etdi?
2019-cu ildə Ramzan Kadırovun hökumət kortejini altı yaşlı çeçen oğlan Maqomed-Emi Qaziyev görüb. Uşaq dərhal Çeçenistan başçısının mühafizəçisi olmaq istəyib. Onun böyük bacısı qardaşının dediklərini videoya alıb və videonu internetə yerləşdirib. Ramzan Kadırov özü videoya baxıb. Dərhal oğlanı yanına çağırıb. Onunla danışıb və əlini sıxıb. O, zarafatla gənc Maqomed-Emini “öz mühafizəsinin başçısı” təyin edib. Uşağa Kadırovdan bütöv bir dəst oyuncaq və oyuncaq maşın hədiyyə edilib. Ona böyüyəndə Çeçenistanın güc strukturlarında işlə təmin ediləcəyi barədə söz verilib.
Sevinc Tapdıqqızı
Cebhe. info