Ukrayna müharibəsi: yeni azad edilən ərazilərdə sarsıntı və sevinc

12-09-2022, 08:44   



Natalya
Şəklin alt yazısı,

Natalya 5 ay Rusiyanın işğalı altında olan bölgədə yaşayıb

Natalya Xersonun cənubundakı Novovoznesenskoe kəndindən "mənfur işğalçıların" geri çəkildiyini və bununla da azadlığa qovuşduğunu xatırlayanda üzü sanki işıqlanır.

O, martın 29-da, ruslar gələnə qədər orada sakitcə kənd təsərrüfatı ilə məşğul olduğunu deyir. "Onlar tör-tökündü idilər" deyən Natalyanın əl hərəkətləri onun keçirdiyi travmadan xəbər verir. Onlar hər şeyi darmadağın edirdilər, çəngəl-qaşıqdan tutmuş, təqaüdçünün ayağındakı ayaqqabıya qədər hər şeyi oğurlayırdılar.

Azadlıq nəhayət ki, sentyabrın 2-də gəldi.

"Silahlı qüvvələrimiz gələndə biz zirzəmidə idik", 50 yaşlı qadın deyir.


"Ukrayna dilində soruşdular: "Sağ olan varmı?", başa düşdüm ki, onlar bizimkilərdi, o qədər xoş, o qədər yaraşıqlı idilər ki, xüsusən də nasistlərlə müqayisədə [o, rus hərbçilərini belə adlandırır].

"Mən onlarla nə edəcəyimi bilmirdim - onları bağrımamı basım, yoxsa əlmi tutum? Mən onlara toxundum və çox xoşbəxt idim".

Aylarla dalana dirənən vəziyyət ardınca ukraynalılar və ruslar yeni reallıqla üzləşirlər. İkinci Dünya müharibəsindən bəri Avropada yaşanan ən iri münaqişədə bir yenilik yaranıb.

Ukrayna hərbçiləri şərqə doğru irəliləyib, Rusiya qüvvələri isə Xarkovun şərq bölgəsindəki strateji mövqelərdən tələsik geri çəkilməli olur. Onlar mühüm logistika mərkəzi olan Kupyansk şəhərindən çıxıblar. Ruslar həmçinin hücumların təşkili üçün mühüm İzüm şəhərini tərk edirlər.

"Rusiya ordusu dünyanın ən sürətli ordusu kimi ad çıxarmağa tələsir", - Ukrayna Prezident aparatının rəhbəri Andrey Yermak Twitter-də yazıb. "Qaçmağa davam edin".

Sosial mediada məhv edilmiş və ya boş qalan Rusiya mövqelərinin görüntüləri və yeni azad edilən ərazilərdə öz bayraqlarını ucaldan Ukrayna hərbçilərinin şəkilləri yayılır.

Əks-hücumun sürəti və genişliyi işğalçılar və bir çox ukraynalılar üçün gözlənilməz olub. Bir ukraynalı həmkarım "xoş da olsa, sarsıntı" keçirdiyini deyib.

"Bizi ruhlandırmaq üçün sanballı qələbəyə ehtiyac var idi", o deyir. "Və deyəsən, Xarkovda domino effekti yaranıb. Lakin onlarda hələ də silah, qoşun və çoxlu ərazimiz var. İnsanlar hələ də qonşumuzun kim olduğunu başa düşürlər. Amma daha az qorxu və daha çox əminlik var."

Son irəliləyiş Donbas bölgəsində yayda verilən itkilərdən sonra müharibədən əziyyət çəkən xalqı ürəkləndirib.

İyun ayında oradan xəbər verdiyimiz zaman Ukrayna qüvvələrinin belə güclü əks-hücum keçirə biləcəyinə dair heç bir işarə yox idi.

"Bu, hərbi möcüzədir", 38 yaşlı İT mühəndisi Mixayil deyir.

"Möcüzə" çoxlu xarici silahlar, o cümlədən uzaq mənzilli raket buraxılış sistemləri və xarici kəşfiyyat məlumatları sayəsində əldə edilib.

Həm də görünür ki, ukraynalılar cənubdakı Xerson bölgəsində əks-hücum planları haqqında danışaraq, ilk dəfə deyil ki, rusları çaşdırıblar.

Görünür ki, Kreml bu söhbətlərə inanaraq, bəzi qüvvələrini ora yönləndirməklə, Xarkovdakı mövqelərini təhlükəli vəziyyətdə qoyub.

Qərb hərbi ekspertlərinin fikrincə, hücum həm də onu göstərir ki, ukraynalılar döyüş meydanında ruslara qalib gələ bilərlər.

Ukrayna qüvvələri Xarkov vilayətində geri alınan ərazidə keşik çəkir

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,

Ukrayna qüvvələri Xarkov vilayətində geri alınan ərazidə keşik çəkir

"Biz indi rusların nəinki üstələndiyini, aşkaranə məğlub olduqlarını görürük", Britaniyanın Royal United Services İnstitutunun keçmiş direktoru deyir. Professor Michael Clarke bunu "erkən dönüş nöqtəsi" kimi qiymətləndirir.

Şənbə günü Prezident Zelenski deyib ki, Silahlı Qüvvələr sentyabrın əvvəlindən bəri təxminən 2000 kvadrat kilometr ərazini azad edib. Bazar günü isə Ukrayna ordusu artıq 3000 kvadrat kilometrin azad olunduğunu bildirib.

Hələlik jurnalistlər, o cümlədən BBC müxbirləri cəbhə xəttindən məsafədə saxlanılır. Biz Ukraynanın iddialarını yoxlaya bilmirik. Lakin Rusiya etiraf edir ki, onun qoşunları Xarkovun bəzi hissələrindən çıxarılıb. Moskva onların "yenidən qruplaşdırıldığını" iddia edir.

Ukraynanın son irəliləyişinə baxmayaraq, Xerson şəhəri də daxil, Ukrayna ərazisinin təxminən beşdə biri Rusiyanın nəzarətində qalır. Xerson Ukraynaya hərbi müdaxilədən sonra rusların aldığı ilk Ukrayna şəhəri olub. O, Krım yarımadasından (2014-cü ildən Rusiyanın nəzarətindədir) şimala doğru yerləşir. Xersonda əlaqə saxladığımız yerli qadın rusların orada çox az nəzərə çarpdığını deyir. Biz onu qorumaq üçün adını açıqlamırıq. "Belə görünür ki, son iki-üç gündə hərbçilər bir qədər sakitləşib", o, bizə deyib.

"Onlar kafe və restoranlarda daha az görünürlər. Küçə döyüşləri başlasa, çox təhlükəli olacaq. Amma lazım gələrsə, günlərlə, həftələrlə zirzəmidə qalacam. Ordumuzu burada görmək və onlara minnətdarlığımı bildirmək istəyirəm. Qələbəni görmək istəyirəm".

Qələbəni həmçinin şəhərdə qalaraq, ruslara müqavimət göstərən fəallar şəbəkəsi gözləyir. Onlar hərbi mövqelər haqqında kəşfiyyat məlumatları toplayıb Ukrayna qüvvələrinə ötürürlər.

Kimliyini məxfi saxlamalı olduğumuz müqavimət hərəkəti üzvlərindən biri onların ovlandığını deyir. Onun sözlərincə "ruslar şəkil çəkilən yerləri müəyyən edirlər".

"Strateji müşahidə nöqtələrinin yaxınlığındakı mənzillərdə kütləvi axtarışlar aparılır. Son bir həftədə insanların küçələrdə tutulub aparılması ilə bağlı iki hadisə baş verib".

Amma o, cəbhə bölgəsindən gələn xəbərlərin ümid doğurduğunu deyir. "İndi insanlar Xarkov ətrafında irəliləyişdən çox ruhlanıblar, - o, əlavə edir. - Çoxları ümid edir ki, indi növbə bizə çatacaq".

Xerson şəhəri uğrunda həlledici döyüş qabaqdadır. Lakin indiyə qədər əldə edilən uğurlar Ukrayna üçün ürəkləndirici, onu dəstəkləyən Qərb üçün isə ümidverici olub. Nailiyyətlər qorunub saxlanılarsa, bu, münaqişənin gedişatını dəyişə bilər.

Heç kim gözləmir ki, Prezident Putin məğlubiyyətini etiraf edəcək. Ukraynaya gəldikdə o, uzunmüddətli (və mübtəla) mövqedən çıxış edir.

Lakin bəzi yerlərdə Rusiyanın cəbhə xətti tamamilə darmadağın edilib və qoşunlar qaçıb. Bu, sadəcə məğlubiyyət deyil. Bu bir alçaltmadır.

  • Orla Guerin
  • BBC News, Ukrayna
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.