Vəkil apelyasiya şikayəti verib
Vəkil Elçin Sadıqov və “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Amma onların barəsindəki cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparıldığı halda, hansı əsasla DTX-da saxlandıqları məlum deyil. Hərçənd, Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyev sentyabrın 10-dan 11-nə keçən gecə saat 3-4 radələrində Əvəz Zeynallı və Elçin Sadıqovun 4 aylıq həbsi barədə verdiyi qərarlarda onların bu DTX-nın istintaq təcridxanasında saxlanmasını göstərib. Amma qərarın icrasının niyə məhz DTX-ya həvalə olunmasını əsaslandırmayıb.
Əvəz Zeynallı və Elçin Sadıqovun hər birinin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Artıq Əvəz Zeynallı haqda Binəqədi Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verilib. Bu barədə onun vəkili Aqil Layıc bildirib.
“Apelyasiya şikayəti özəl poçt xidmətinə təqdim edildi. Sabah (sentyabrın 12-də) Binəqədi Rayon Məhkəməsində olacaq. Bakı Apelyasiya Məhkəməsindən qərarın ləğvi – Əvəz Zeynallı barəsində həbs qətimkan tədbirinin ləğv olunması və ya alternativ olaraq, ev dustaqlığına buraxılması xahiş edilib. Əlimizdən bundan başqa nə gəlir ki…”, – vəkil Aqil Layıc bildirib.
Əvəz Zeynallı və Elçin Sadıqov sentyabrın 10-da saxlanılıb. Onların evlərində və ofislərində axtarış aparılıb.
Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqova isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsilə ittiham olunur.
Bu maddədə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Onlar “Baku Steel Company” MMC-nin – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən pul almaqda ittiham olunur. Elçin Sadıqov 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun vəkili idi.
Lakin Elçin Sadıqov və Əvəz Zeynallı özünü təqsirli bilmir, ittihamın cəfəngiyyat olduğunu bildirir.
Elçin Sadıqov həbsini siyasi motivlərlə həbs edilən ictimai-siyasi fəallara vəkillik etməsilə əlaqələndirir. Hesab edir ki, məhz buna görə cəzalandırılır.
Əvəz Zeynallı da tənqidi çıxışlarına görə cəzalandırıldığını bildirib.