Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan sərhədindəki son iki gündə döyüşlərdə həlak olan daha 21 hərbçisinin adını açıqlayıb, bununla Azərbaycanın itkilərinin sayı 71-ə çatıb. Ermənistan bu döyüşlərdə 100-dən çox itkisi olduğunu açıqlayıb.
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, gecə boyu Ermənistan-Azərbaycan sərhədində "mühüm insidentlər qeydə alınmayıb".
Ermənistan MN-nin mətbuat katibi Aram Torosyan cümə axşamı rəsmi Facebook hesabında yazıb ki, ötən gecədən sərhəddə "əksər istiqamətlərdən atəş az qala tamamilə dayandırılıb, ciddi insident müşahidə olunmur".
Ermənistan "beynəlxalq səylər nəticəsində" Azərbaycanla atəşkəsə razılaşma əldə edildiyini bildirib, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai TV-də bildirib.
Azərbaycan tərəfindən sərhəddəki son vəziyyətlə bağlı hələ ki, məlumat yoxdur.
Azərbaycan və Türkiyə müdafiə nazirləri növbəti dəfə telefonla Azərbaycan-Ermənistan dövlət sərhədində olan vəziyyət barədə danışıblar, Azərbaycan MN bildirib.
Açıqlamada deyilir ki, nazir Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akara "Ermənistan təxribatlarının qarşısının alındığını" deyib.
Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddədir, o, Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək, Azərtac bildirib.
İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə sentyabrın 16-da ikitərəfli görüş keçirəcəyi gözlənir, TASS xəbər verib.
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərgin olması səbəbilə Sammitə getməkdən imtina edib, Baş nazirin ofisinin mətbuat xidməti bildirib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov sentyabrın 14-də keçirilən brifinqdə deyib ki, hazırda vəziyyət gərgin olaraq qalır:
"Təəssüf ki, bizim də itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə o əlavə edib.
Azərbaycan və Ermənistan bu həftənin əvvəli sərhəddə başlayan atışmada və "ərazisinə hücumda" bir-birini günahlandırır.
Paşinyan çıxışında onu da bildirib ki, Ermənistan "heç kimə torpaq və ya dəhliz verməyəcək".
Azərbaycan 12-13 sentyabr gecəsi baş vermis döyüşlərdə həlak olmuş 100-ə yaxın Ermənistan hərbçisinin cəsədini qarşı tərəfə verməyə hazır olduğunu bəyan edib. Ermənistanın məhz bu açıqlamaya mövqeyi bəlli deyil.
Bu barədə məlumat yayan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirib ki, onlar cəsədləri birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazırdılar və bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsini məlumatlandırıblar.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, çərçənbə günü günorta saatlarından etibarən Azərbaycan ordusunun mövqeləri atəşə tutulur.
Ermənistan da sərhəddə vəziyyətin gərgin olduğunu bildirib.
Türkiyə Prezidenti Recep Tayyip Recep Erdoğan və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan sərhədindəki gərginliyi müzakirə edəcək, Reuters xəbər verib.
Onlar sentyabrın 15-16-da keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində danışacaqlar.
Ermənistan Baş naziri Nikol Paşinyan həmin tədbirə getməyəcəyini açıqlayıb.
Azərbayacan-Ermənistan sərhədində bazar ertəsi gecə saatlarında başlayan toqquşmalar nəticəsində Azərbaycan tərəfindən iki mülkü şəxs yaralanıb, Azərbaycan Müdafiə Nazirliyi və Baş Prokurorluq bildirib.
"Ermənistan tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Amin Musayev və Goranboy rayonu Qaraçinar kəndində yaşayan Arzuman Orucov yaralanıb", qurumların birgə açıqladığı məlmatda deyilir.
Məlumata görə, yaralı Amin Musayev hazırda Gəncədə xəstəxanada müalicə alır, "onun vəziyyəti orta-ağır qiymətləndirilir". Arzuman Orucov isə ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, qurum bildirib.
Hərbi Prokurorluqda istintaq olunan cinayət işi çərçivəsində hər iki fakt üzrə araşdırma aparıldığı bildirilir.
Ermənistanın səhiyyə naziri Anahit Avanesyan sosial şəbəkə hesabında "Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisinə endirdiyi raket zərbələri nəticəsində 6 mülki şəxsin yaralandığını" bildirib.
Onun sözlərinə görə, yaralılardan 4-ü hazırda müxtəlif xəstəxanalarda müalicəsini davam etdirir.
BBC.com