Ermənistan törətdiyi cinayətləri pərdələməkdə, dezinformasiya yaymaqda alternativi olmayan ölkədir. Biz bunu istər Birinci Qarabağ müharibəsindən, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də sentyabrın 12-dən başlayan genişmiqyaslı hərbi təxribatlarının gedişi zamanı aşkar müşahidə edirik.
Dünya ictimaiyyətində özünü yazıq, məzlum, əzilən, təcavüzə məruz qalan təəssüratı yaratmağa çalışan Ermənistanın əslində məqsədi və planı getdikcə havadarlarından başqa hər kəsin mövqeyində dəyişikliyə səbəb olur. Bu ölkə silahlı qüvvələrinin son təxribatlarından sonra Fransanın xüsusi canfəşanlığı, dünyanı Azərbaycanla qarşı-qarşıya qoymaq cəhdinin səbəbi sirr deyil. Oradakı erməni lobbisinin Fransa hökümətinin siyasi qərarlarına təsir imkanlarının böyüklüyü ilə BMT Təhlüksəzilik Şurasının 5 daimi üzvündən biri olan bu ölkənin Cənubi Qafqazda mövcudluğunu, proseslərə müdaxilə imkanlarını qoruyub saxlamaq üçün ölü Minsk Qrupunu diriltmək niyyətinin üst-üstə düşməsi bütün suallara aydınlıq gətirir.
Elə bu səbəbdən də Fransanın fəallığı nəticəsində Avropa Parlamenti heç bir əsas olmadan Azərbaycan əleyhinə qərarların qəbul olunmasına, Bakıdan qazın Avropaya nəqlinə veto qoyulmasına, Azərbaycana qarşı sanksiyaların tətbiqinə nail olmaq üçün ermənipərəst mövqe nümayiş etdirərək, ikili standartlarını növbəti dəfə gizlədə bilmədilər.
Lakin Azərbaycanın 44 günlük müharibədən sonra postkonlifkt dövründə xarici diplomatik əlaqələrinə xüsusilə diqqət ayırması ona qarşı bəzi beyəlxalq güclərin, təşkilatıların tuşlanan təzyiqlərdən yayınmağa, əsassız iddiaların qurbanına çevrilməmək yolunda əlini xeyli gücləndirdi.
Baxmayaraq ki, Emanuel Makron Paşinyanın istəyi ilə sərhəddə baş verənləri "bəzəyərək" BMT Təhlükəsizlik Şurasının iclasına kimi aparıb çıxararaq Azərbaycan əleyhinə qərarın qəbul olunması üçün əlindən gələni etdi. Lakin ilk iclasda tərəflərə atəşkəsin əldə olunması çağırışı edildi, dünən isə növbəti iclas baş tutdu və yekun qərar verildi. BMT TŞ-də Bakıya qarşı qərarın qəbul edilməsi ilə bağlı fikir ayrılığının olduğu artıq ilk toplantıdan məlum idi.
BMT Təhlükəsizlik Şurasının yekun bəyanatında bildirildi: "Gərginlik Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası prosesinin vacibliyini nümayiş etdirir".
Bu isə o deməkdir ki, BMT də qəbul edir ki, savaşın getdiyi ərazilərin kimə məxsus olması ilə bağlı yekdil fikir yoxdur, bu ərazilər mübahisəlidir. Bir daha bu nəticə çıxır ki, Ermənistanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra tanınmaq üçün BMT-yə göndərdiyi siyasi xəritəsinin hər hansısa hüquqi-siyasi əsası yoxdur, qondarmadır, özfəaliyyətdən başqa bir şey deyil.
BMT kimi KTMT də Ermənistanın müraciətlərini, yalvarışlarını ciddiyə almadı. Eyni qərarı Ermənistanın KTMT ilə bağlı arzularına da aid edə bilərik. Belə ki, İrəvanın istəyinin əksinə KTMT olaraq bölgəyə qüvvə göndərməkdən imtina etdi. Ermənistanın baş naziri Nikol Paşinyan son toqquşmalar fonunda İkinci Qarabağ müharibəsində olduğu kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdaxiləsini tələb etdi.
Paşinyanın təkidi əsasında təşkilata üzv dövlətlərin liderləri videoformat çətçivəsində qısa müzakirə keçirərək bir daha bəyan etdilər ki, Ermənistanın təxribatlarına görə təşkilata üzv dövlətlər Azərbaycan əleyhinə qərar qəbul etmək niyyətində deyillər. KTMT-nin təftiş qrupunun yaradılaraq İrəvana göndərilməsi qərarı isə sadəcə Ermənistanı susdurmaq üçün bir addımdır.
Beləliklə, Ermənistanın yeni "hərbi kampaniya" ilə Azərbaycana qarşı cəbhəni genişləndirmək, Azərbaycanı hədəf taxtasına çevirərək istəyinə nail olmaq planı baş tutmamaqdadır. Amma Nikol Paşinyanın rəhbərliyi ilə Təhlüksəzilik Şurasının növbəti qapalı iclasından sonra səsləndirilən bəyanatlar deməyə əsas yaradır ki, Ermənistan təxribatlarını dayandırmaq fikrində deyil.
Belə ki, Ermənistanın müdafiə naziri Suren Papikyan iclasdan dərhal sonra bəyan edib ki, "Könüllülük əsasında ölkə sərhədlərini qorumaq istəyən vətəndaşlar yaşadıqları yer üzrə hərbi komissarlıqlara müraciət edə bilərlər".
Bu, rəsmi olaraq Ermənistanda SƏFƏRBƏRLİK ELANIdır. Belə nəticə çıxır ki, Ermənistan hərbi-siyasi rəhbərliyi Təhlükəsizlik Şurasının iclasında belə qərar qəbul edərək, SƏFƏRBƏRLİK elanını bu şəkildə ictimaiyyətin diqqətinə çatdırmaqda əsas 2 məqsəd güdür:
⚫️ Daxildə əsgər yaxınlarını ayağa qaldırmamaq, daha böyük təşvişə səbəb olmamaq üçün
⚫️ Azərbaycanın bunu ciddiyə alıb, Ermənistana qarşı adekvat tədbirlər görmək barədə düşünməməsi üçün
Amma elə TŞ-nın iclasından sonra Nikol Paşinyanın açıqlamasına diqqət yetirsək görərik ki, o, Papikyanın ELANını pərdələməyə çalışır: "Ermənistan Təhlükəsizlik Şurası ölkədə hərbi vəziyyətin tətbiqi imkanını müzakirə edib və hələlik bu addımdan çəkinməyə qərar verib".
Erməni baş nazirin bu açıqlaması da bir daha təsdiq edir ki, Ermənistan höküməti sülh prosesini tamamilə pozmaq, bölgədəki vəziyyəti daha da gərginləşdirmək məqsədilə Azərbaycana qarşı daha böyük qüvvə ilə hərbi təxribat planlaşdırır.
Amma Ermənistan anlamalıdır ki, bu dəfə onun sonu qaçılmaz ola bilər. BMT TŞ-nin yekun qərarı, KTMT-nin ortaya qoyduğu mövqe və KTMT üzvü olan dövlətlərin liderlərinin ötən gün Səmərqənddə Prezident İlham Əliyevlə birgə yayılan görüntüləri, aparılan görüşlər və dioloqlar deməyə əsas verir ki, Azərbaycan bu gün regionda çox önəmli aktora çevrilib və 44 günlük müharibədən sonra dünya dövlətləri, Qərb və eləcə də keçmiş sovet respublikaları arasında əhəmiyyəti bu zamana kimi olmadığı qədər yüksəlib.
Ötən gün Özbəkistanda (Səmərqənddə) ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) Sammiti çərçivəsində qeyri-formal görüş zamanı çəkilən görüntülər isə bu gün regionda və bölgədəki geosiyasi proseslərin ümumi mənzərəsini özündə əks etdirdi. Fotokadrda R.T. Ərdoğan, İlham Əliyev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Vladimir Putin, A.Lukaşenko və İran prezidenti Rəisinin görüntüsü xüsusilə diqqətdən yayınmır. Bu masada Ermənistanın (Nikol Paşinyan) yer almaması isə bir rəmzi məna daşıya bilər. Gələcək proseslərdə Ermənistanın harada olacağı, ümumiyyətlə mövcud olub-olmayacağı məsələsi də bu kadrlardan sonra yeni mövzu predmeti ola bilər.
Bu görüntüdə başda əyləşən Ərdoğan və İlham Əliyevdən fərqli olaraq digər dövlətlərin liderləri dinləyici qismində Türk Dünyasının liderlərinin söhbətini dinləməklə məşğul olublar. Fotoda xüsusi diqqətçəkən məqamlardan biri isə divanın bir küncündə sakitcə əyləşərək gedən söhbətləri dinləyən İran prezidenti Rəisinin görüntsüdür. Hər halda Ermənistanın Azərbaycanla sərhəddə növbəti təxribatının ardından İranın İrəvana ard-arda dəstək mesajları, bəyanatları bir "şiə, müsəlman qardaşı"nın növbəti xəyanətindən başqa bir şey deyil. Yəqin Rəisi məhz etdikləri xəyanətdən dolayı üzü olmadığı üçün, bir küncdə əyləşərək masa arxasındakı proseslərə "out" olmağı seçdi.
Onu da iddia etmək olar ki, Ermənistanın son günlərdə həyata keçirdiyi təxribatlar, provakasiyalar siyasi motivlər daşımaqla, Şanxay Əməkdaşlıq Təşkilatının iclasında ölkəmizə qarşı təzyiqlərinin artırılmasına hesablanmışdır, lakin baş tutmadı. Baş tutsaydı Paşinyan bu görüşə çox güman ki, tələsəcəkdi, Rəisi isə belə suyu süzülə-süzülə "mənim burada nə işim var axı" mənzərəsinin yaranmasına imkan verməzdi. Bütün bunlar bir daha deməyə əsas yaradır ki, həm döyüş meydanının, həm də diplomatiyanın bu dəqiqəyə kimi qalibi Azərbaycandır. /Milli.Az/