İranınkı erməni “yanğısı” deyil, narkotranzit davasıdır...

16-09-2022, 14:39   


Azərbaycanın dünyada hansı mövqeyi tutduğunu əks etdirən BMT TŞ-nın, ŞƏT-in və KTMT-in iclaslarından sonra Tehran özü haqda bir daha düşünməyə məhkumdur


Adı “İran İslam Respublikası” olsa da, əhalisinin yarıdan çoxu türk, azərbaycanlı olsa da, islamçılığa yaraşmayan, müsəlmanlara, türklərə qarşı aqressiv davranan bir bölgə dövlətidir. Fars şovinizmi heç də erməni şovinizmindən geri qalmır, desək yanılmarıq. Hər halda, davranışları bunu deməyə əsas verir.
Apardıqları siyasət olduqca mürtəcedir - Güney Azərbaycandakı milyonlarla soydaşımızın beynini yumaq, onları daim təzyiq, təsir altında saxlamaq üçün əllərindən nə gəlibsə, ediblər. Bir gün Bütöv Azərbaycan qurula biləcəyini dərk edirlər və bu səbəbdən Arazın o tayı ilə bu tayı arasında nifrət mühitinin formalaşdırılması fars rejiminin prioritetlərindəndir. Ancaq həm o tayda, həm də bu tayda azərbaycanlılar molla rejiminin hiylələrini bildiyi üçün nifrət birmənalı şəkildə İran hakimiyyətinin, fars rejiminin üzərinə yönəlir.

Son 30 ildə - Qarabağ işğalda olduğu dönəmdə İran öz mürtəce maraqları üçün Ermənistanla qardaş oldu. Ermənilərlə birləşib azərbaycanlıların evlərini söküb daşıdılar, Arazboyu ərazilərdə Azərbaycan torpaqlarını düşmənlərimizlə birlikdə istismar etdilər, orada narkotik plantasiyaları saldılar. Bunlar hamısı təsdiqini tapmış, fiksə edilmiş məsələlərdir. Ən əsası, İran Qarabağ işğal altında olduğu dövrdə oradan Ermənistanla əlbir narkotranzit kimi istifadə etdilər. Nəzarətsiz ərazilərdən Ermənistandan keçməklə Avropaya, MDB məkanına narkotik daşıyıb, milyardlar əldə edirdi bu özünü İslam Respublikası adlandıran İran...
Ordumuz 2020-ci ilin payızında Qarabağı işğaldan azad etdikdən sonra İran iç üzünü bir daha açdı. 10 noyabr Üçtərəfli Bəyanatında nəzərdə tutulan Zəngəzur dəhlizinin açılmasına ermənilərdən daha bərk etiraz etməyə başladılar, hətta özlərini o qədər vecsiz hiss edirlər ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlərini bərpa etməsinə qarşı çıxırlar.

Ermənistanın 12-13 sentyabr təxribatından və düşmən adekvat cavab aldıqdan sonra İran növbəti dəfə hikkələnib.
Ermənistana dəstək verirsiniz, cəhənnəmə verin, xainliyiniz yeni deyil. Bundan narahat da deyilik, hətta vecimizə də almarıq.
Ancaq yenə də israr edirlər ki, Azərbaycanın öz sərhədlərini bərpa etməsinə qarşıdırlar. İranın Ermənistandakı səfirliyindən erməni mətbuatına verilən açıqlama sözün əsl mənasında bir fars rəzalətidir. Açıqlamada qeyd edilib ki, İran İran-Ermənistan sərhədini təhdid edən istənilən ssenariyə xüsusi müqavimət göstərəcək. Sitat: “...İran qonşu ölkələrin ərazi bütövlüyü və sərhədlərinin pozulmasına qarşıdır. Eyni zamanda İrana zərər verəcək istənilən ssenariyə xüsusilə müqavimət göstərəcək. İki qonşu xalqı birləşdirən tarixi marşrut Ermənistan sərhədidir... İran-Ermənistan sərhədinin tarixi bir əlaqə yolu olması reallığı da dəyişməz qalmalıdır”.
Bu mövqeyi İranın ali dini lideri, prezidenti də daha əvvəllər səsləndirib.

Fakt bundan ibarətdir ki, Azərbaycan beynəlxalq miqyasda tanınan sərhədlərini bərpa etdikdən sonra İran Ermənistana Azərbaycanın sərhəd-keçid məntəqəsindən keçib getməlidir. Azərbaycanı təhdid edirlər ki, sərhədi geridən çəkək, İranın Ermənistanla birbaşa əlaqəsi qalsın.
Adamlar hüquqa, sərhəd anlayışına, tarixə də həqarət edirlər.

Belə təqdim edirlər ki, guya İranla Ermənistanın tarixi kommunikasiya yolu varmış.
Zəngəzur 1920-ci ildə ikiyə bölünüb, bir hissəsi Ermənistana verilməyənə qədər oradan İranın "min illik kommunikasiya yolu" necə olub, bunu izah edə bilərlərmi mollabaşlar?! Ardınca gələn tarixdə - sovet vaxtı da İranın oradan kommunikasiya yolu olmayıb! O ərazidən yalnız son 30 illik işğal dövründə ermənilərlə əlbir narkotranzit kimi istifadə eləmisiniz!

Bəli, İranın qarnının ağrısı, dərdi-səri məhz budur! Zəngəzur dəhlizinə mane olmağa çalışır, Azərbaycana təzyiq göstərmək üçün agentlərinə "Salam Fərmandeh" oxudur, şəhid dəfnlərinə agentur şəbəkələrini göndərir və s.

457273.jpg (262 KB)
Bu bir həqiqətdir ki, İran 30 il işğal altında olan, nəzarətsiz olan Qarabağdan ermənilərlə əlbir olub, rahat narko-marşrut kimi istifadə edib.
İndi bu marşrutlar nəzarətsiz deyil. Ələ keçiririk tonlarla narkotik daşıyan iranlıları. Guya bunlar qatı müsəlmandır, dini dövlətdir, amma dövlət səviyyəsində dünyaya narkotik ixrac edirlər.

d34c9f96ffbd5604a16ef2fdaf844997.jpg (54 KB)
Ermənistan da İrandan gedən narkotikləri öz postlarında "görmür", ötürür getsin. Çünki cinayət şərikləridir...

Bu məsələnin iqtisadi tərəfidir. Siyasi tərəfi isə daha biabırçılıqdır. İran üzdə özünü ABŞ-la düşmən kimi göstərsə də, dərin təhlillər sübut edir ki, alt qatlarda Tehranla Amerika müttəfiqlik edir! İranın Ermənistana siyasi-hərbi dəstəyi, silah ötürməsinin arxasında ABŞ-la gizli sövdələşmələrin dayandığını ən ciddi ekspertlər səsləndirir. Gedişat bu deyilənləri isbatlayır.

Zəngəzur məsələsində İranın məhz ABŞ-la eyni maraqlardan çıxış etməsi səbəbindən Tehran burada dirəniş göstərir. Əslində, Zəngəzur dəhlizi İranın iqtisadi maraqlarına uyğundur. Amma ABŞ-dan gələn siyasi təlimatlar onu süni dirənişə məcbur edir.
Ancaq İran başa düşməlidir ki, bu cür spekulyasiyalarla, təxribatçı davranışlarla, hədə-qorxu tonu ilə heç nəyə nail ola bilməyəcək. Bunu anlamaq üçün Azərbaycanın hazırda dünyadakı mövqeyinə, roluna, Avropa üçün artan önəminə nəzər yetirmək kifayətdir.

Tehran nəhayət son iki gündəki 3 hadisəyə diqqət yetirsə, səhv yolda olduğunu anlayar.

1.KTMT Ermənistanın müraciətinə dair müzakirələr apararkən üzvlər Azərbaycana qarşı münasibətdə maksimum ehtiyatlı oldular, əksəri bizi haqsız saymadı.

2. Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçirilən sammitində yaşananlar Azərbaycanın hansı dəstəyi qazandığını bir daha isbat etdi. Aşağıdakı bu fotoya baxmaq nəticə çıxarmaq üçün kifayətdir.

SET.jpg (69 KB)

3. BMT-nin Təhlükəsizlik Şurasının 12-13 sentyabr döyüşləri ilə bağlı iclasında müzakirələr zamanı hər kəs gördü ki, yeni reallıqlar, xüsusilə təhlükəsizlik və geostrateji müstəvisində Azərbaycan mühüm yer tutur. Artıq kimsə Azərbaycanla diqtə tonunda danışmır, danışmaq istəmir və bunun mənasızlığını anlayır. Həmsədr ölkələr, o cümlədən Britaniya belə etiraf etdilər ki, prioritet sərhədlərin müəyyən edilməsidir. Yəni onlar başa düşürlər və mesaj verirlər ki, problemin kökündə sərhədlərin bəlli olmamasıdır. Onu da bilirlər ki, delimitasiya və demarkasiyaya mane olan da Ermənistandır. Bununla da ermənilərin və onu dəstəkləyən dairələrin guya Azərbaycanın Ermənistanın ərazisinə təcavüz etməsi iddiaları faş oldu.

Bu iclasdan bir daha bəlli oldu ki, önə çıxan Şərq-Qərb marşrutu və onun bir parçası olacaq Zəngəzur dəhlizi fonunda regionumuzda logistika ilə bağlı hədəflər çoxdan müəyyən və təsdiq edilib. Ermənistanın, İranın hansısa dairələrin də təsiri ilə hay-küyləri tamamilə mənasızdır, heç bir effekti, nəticə də olmayacaq. Başlanan proses gec-tez yekunlaşacaq.

Elşad MƏMMƏDLİ
Musavat.com

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.