“HAZIRDA ERMƏNİSTANIN BAŞINA DƏYƏN "DƏMİR ŞAPALAQ”DIR...” – "Bu təxribatların arxasında da müəyyən qüvvələr var, İrəvan yenə maşadır"

17-09-2022, 08:25   


Baxiş sayı: 4606
Dərc olunub: 16/09/2022 - 19:41
Bölmə: Manşet

Vüqar İskəndərov: “Erməni lobbisinin təsiri altında olan üçüncü qüvvələr var ki, onlar Ermənistan hakimiyyətinin rasional düşünməsinə imkan vermirlər”

“Rusiyanın özündə də erməniləşmiş bir sistem var və bu sistemin Azərbaycana qarşı fəaliyyətini hər zaman görürük”

"Siyasətə keçib partiya yaratmısansa, regionlara çıx, inkişaf et və böyü. Yoxsa təkcə möhürdən ibarət bir partiyaya kimin ehtiyacı var?"

“AzPolitika.info” gündəmdə olan aktual mövzularla bağlı millət vəkili Vüqar İskəndərovdan müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik:

- Vüqar bəy, ilk olaraq Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalarla bağlı Sizin fikirlərinizi öyrənmək istərdik. Nə baş verir? Ermənistanın yenidən belə genişmiqyaslı təxribatlara əl atmasının arxasında hansı qaranlıq məqsədlər dayanır?

- Sualınıza cavab verməzdən öncə, Ermənistanın təxribatı nəticəsində baş verən döyüşlərdə Şəhid olan övladlarımıza Allahdan rəhmət, ailələrinə, yaxınlarına səbr diləyirəm. Ruhları şad olsun. Qisasları alınır və alınacaq. Vətənimizin, millətimizin başı sağ olsun. Sualınızla bağlı isə qeyd edim ki, sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginliyi Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsi hesab etmək olar. Bilirsiniz ki, son bir ay ərzində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində vaxtaşırı təxribatlar törədilir, ordumuzun mövqeləri atəşə tutulurdu. Sentyabrın 12-də gecə saatlarından başlayaraq isə Ermənistan silahlı qüvvələrinin bölmələri daha genişmiqyaslı hərbi təxribatlara əl atdı ki, bu da toqquşmalara səbəb oldu. Təxribatdan sonra erməni informasiya maşını yenidən yalan məlumatlar, dezinformasiyalar yaymaqla həqiqəti gizlətməyə çalışsa da, baş verənlər Ermənistanın sülh istəmədiyini bir daha təsdiqlədi. Bu, sırf Ermənistan dövlətinə və hakimiyyətinə xas olan ikiüzlü siyasətdir. Bunun başqa adı yoxdur. Çünki Nikol Paşinyan Moskvada, Brüsseldə keçirilən görüşlərdə sülhdən danışır, guya sülhün imzalanması üçün çalışdığı görüntüsünü yaradır. Amma realda təxribatçı addımları davam etdirir. Qərbin bəzi imperialist, regionda əbədi sülhün əldə edilməsinə qarşı olan mərkəzlərinin və dövlətlərinin yanaşmasından ürəklənən Ermənistan yenidən müharibəyə səbəb olacaq təxribatlara baş vurur.

Qeyd edim ki, sentyabrın 12-13-də baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Sadəcə olaraq 2020-ci il Tovuz hadisələrindən hazırkı gərginliyi fərqləndirən önəmli cəhət odur ki, həmin dövrdə Azərbaycan əraziləri işğal altında idi. Bu gün isə Azərbaycan əsgəri ölkəmizin dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində Ermənistanın təxribatlarına layiqli cavab verir. Hər dəfə təxribat törədərək sarsıdıcı zərbə alan Ermənistan bu dəfə də eyni aqibətlə üzləşdi. Sentyabrın 12-13-də Ermənistanın törətdiyi genişmiqyaslı hərbi təxribat bu ölkəni növbəti ağır itkilərə məruz qoydu.

Bildiyiniz kimi, Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200-dən artıq canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistanda yüzlərlə yaralı var. Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağı bir daha aydın göründü. Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz.

- Ermənistan hansı qüvvələrə, hansı dövlətlərə arxalanıb belə təxribatlara əl atır? Hər halda 44 günlük Vətən müharibəsində ağır zərbə alan, ordusu darmadağın edilən Ermənistanın özbaşına belə bir təxribata cəsarət etməsi inandırıcı görünmür. İrəvanı bu cür başından böyük iddialara düşməyə həvəsləndirən kimlərdir?

- Əvvəla, biz anlamalıyıq ki, belə hadisələrə birtərəfli, dar çərçivədən baxmaq olmaz. Bizim görmədiyimiz və bilmədiyimiz məsələlər var. Məsələnin kökündə o durur ki, 44 günlük Vətən müharibəsindən sonra cəbhədə yeni reallıqlar yaranıb. Hazırda diqtə edən tərəf Azərbaycandır. Və durmadan Azərbyacanın dünyadakı nüfuzu artır. İllər öncə Azərbaycanın dünyadakı dostlarının sayı çox az idi. Ancaq Cənab Prezident bu sahədə ciddi islahatlar həyata keçirərək dünyanın nüfuzlu dövlətlərini Azərbaycana dost etmək siyasətinə yönəldi. Artıq Azərbaycan dünya səviyyəsində sözü eşidilən ölkələr sırasındadır. Ermənistan da bunun fərqindədir. Ermənistanın güvəndiyi, birmənalı dəstək aldığı ABŞ, Rusiya və Avropa Birliyi artıq başqa mövqedən çıxış edir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin son görüşlərdəki rasional düşüncələri də bunu sübut edir. Həmçinin Azərbaycanın diqtə etdiyi məsələlər Avropa İttifaqı tərəfindən də dəstəklənir. Bu gün Azərbaycan deyir ki, “Minsk qrupu” yoxdur, “dağlıq Qarabağ” adlı ərazi yoxdur, status-kvo yoxdur. Bu təkcə Azərbaycanın yox, həm də beynəlxalq hüququn tələbidir. Son zamanlar Rusiyada və Brüsseldə Cənab Prezidentin uğurlu gedişləri, qələbə ilə ölkəmizə qayıtması, təbii ki, Ermənsitanda və onun himayə edən dairələrdə qıcıq yaradır. Erməni lobbisinin təsiri altında olan üçüncü qüvvələr var ki, onlar Ermənistan hakimiyyətinin rasional düşünməsinə imkan vermirlər. Bu qüvvələr həm bəzi dövlətlərin hakimiyyətlərində, həm də bir sıra təşkilatların rəhbərliklərində var.

Bir məsləyə diqqət edək: 44 günlük müharibədən sonra “Minsk qrupunun” fəaliyyətinə son verildi, artıq ona ehtiyac qalmadığı bəyan edildi. Ancaq birdən-birə ABŞ artıq fəaliyyət göstərməyən “Minsk qrupuna” yeni “həmsədr” təyin edir, tez-tez “dağlıq Qarabağ” ifadəsini dilə gətirir və s. Əlbəttə, bu, düzgün yanaşma deyil. Biz özümüz müəyyən edirik ki, bizim ərazimizin adı nədir. Bu ərazinin adı - Qarabağ İqtisadi Zonasıdır. Zəhmət çəkin, Azərbyacanın suveren hüqüqlarına hörmət edin. ABŞ-la Azərbaycanın yaxşı ikitərəfli əlaqələri var. Biz kiçik ölkə olsaq da, mahiyyət olaraq çox böyüyük. Ancaq o da sirr deyil ki, Bayden adminstrasiyasında kifayət qədər ermənilərin mraqlarına xidmət edən, erməni lobbisinin təsiri altda olan şəxslər var. ABŞ Prezidenti Co Bayden prezident seçildikdən sonra bir neçə vacib posta erməni mənşəli insanları təyin etdi. Mən inanmıram ki, bu şəxslər Azərbaycanla bağlı olan məsələlərə ədalətli yanaşsınlar. Əslində ABŞ kimi böyük ölkələrin siyasəti rəngarəng olur. Bu gün ABŞ üçün Qarabağ problemi və ya Ermənistan-Azərbaycan münasibətləri qlobal bir məsələ deyil. ABŞ üçün daha qlobal məsələlər var. Ancaq erməni lobbisinin təsiri ilə ABŞ-da dövlət siyətini reallaşdıran şəxslər regionda sabitliyin yaranmasına xidmət etməyən, İrəvanın xam xəyallara düşməsinə səbəb olan addımlar atırlar. Bundan ruhlanan Ermənistanın daxilindəki revanşistlər və xaricdəki digər havadarları münaqişənin uzanması üçün çalışırlar. Paşinyan da bu qüvvələrin arasında qalıb.

Ümumiyyətlə, Ermənistan yarandığı gündən müstəqil siyasət yeritmir. Bu ölkə kimlərinsə marağı əsasında yaradılıb, hər zaman maşa rolunu oynayır. Bu təxribatların arxasında da müəyyən xarici qüvvələr var, İrəvan yenə maşadır. Bunların beyni elə zəhərlənib ki, hələ də “Böyük Ermənistan” xülyaları ilə yaşayırlar. Haşiyədən çıxaraq, başıma gələn bir hadisə haqqında sizi də məlumatlandırmaq istəyirəm. O vaxt Kaliforniyada təhsil alarkən mənə bir nəfər amerikalı dedi ki, burda bir erməni iddia edir ki, Allahın da mənşəyində ermənilik var. Bilmədim, buna nə deyim. Təsəvvür edin, bu toplum ən ali varlıq olan Allahı belə erməniləşdirməyə çalışacaq qədər xəstədir. Bu xəstəliyi ancaq Dəmir Yumruq müalicə edə bilərdi. Məhz bu yumruqdan sonra artıq Ermənistan Azərbaycanın diqtə etdiyi reallıqları anlayır. Onlar anlayırlar ki, köşəyə sıxışıblar. Ermənistanın yeganə xilas yolu Azərbaycanın təkliflərini qəbul etməkdir. Bu təkliflər - 5 baza prinsipi, Azərbaycan və Türkiyə ilə normal münasibətin qurulması və Zəngəzur dəhlizinin açılmasıdır. Küncdən çıxış yolu bu şərtləri qəbul etməkdir. Bu təkliflər iqtisadi və siyasi baxımdan bu Ermənsitana divident qazandıra bilər. Ermənistan bu prosesi ləngitməyə, müddəti uzatmağa çalışır. Gözləyir ki, dünyada hansı proseslər gedir, Rusiya-Ukrayna müharibəsi necə nəticələncək və s.. Erməni lobbisindən, ağaları tərəfdən də tapşırıq gəlir ki, təxribat edin, atəşkəsi pozun və sülh danışıqlarına getməyin. Ona görə də bu gün belə hadisələr baş verir. Son təxribatın arxasında da məhz erməni lobbisinin, onun təsiri altında olan ABŞ–dakı bəzi qüvvələrin izi görünür.

- Ancaq bəzi ekspertlər baş verən hadisələrin Rusiyanın təhriki və göstərişi ilə edildiyi qənaətindədirlər. Rusiyanın imperiya maraqlarının uzun illərdir regionda sülhün yaranmasına imkan vermədiyi məlumdur. Sərhəddə baş verən son təxribatı da Brüssel görüşündən sonra sülh sazişinin imzalanmasına yaranan ümidləri puça çıxarmaq üçün Rusiyanın təhriki ilə törədildiyi qənaətində olanlar var. Bu fikirlərə münasibətiniz necədir?

- Bu təxribatın arxasında konkret olaraq hansısa ölkənin durduğunu söyləmək, ABŞ-ın və ya Rusiyanın adını çəkmək doğru olmazdı. Hər iki ölkədə, eləcə də Avropada erməniləri buna təhrik edən müəyyən qüvvələr var. Məsələn, Rusiyanın müdafiə nazirinin ondan çox müavini var. Onların hər biri ayrıca bir gücdür, Ermənistan kimi ölkələrə müxtəlif yollarla təsir imkanları var. Hər biri müəyyən sahələrə nəzarət edirlər. Ola bilər ki, bu şəxlər hansısa təxribat törətsin, Rusiya MN-nin həmin an bundan xəbəri olmasın. Ona görə də hər hansı bir təxribat baş verirsə, bunu Rusiya prezidentinə və ya müdafiə nazirinə bağlamaq düzgün deyil. Ancaq, təbii ki, Rusiya hakimiyyətində də Azərbaycanın əleyhinə olan, ermənilərə xidmət edən kifayət qədər şəxs var. Ümumiyyətlə, Rusiyanın özündə də erməniləşmiş bir sistem var. Bu sistemin Azərbaycana qarşı fəaliyyətini hər zaman görürük, bilirik. Belə təxribatlarda onların da əli olduğunu istisna edə bilmərik. Ancaq Ermənistan belə qüvvələrin oyuncağı olmaqdan qurtulmalıdır.

Bu gün Azərbaycanın təklif etdiyi şərtlər bölgədə dayanıqlı sülhə aparır. Ermənistan mütləq bu təklifləri qəbul etməlidir. Ermənistan əks mövqe nümayiş etdirərək öz vəziyyətini çətinləşdirir. Hazırda Ermənsitanın daxilində də güclü bir müqavimət hərəkatı var. Hərbi və siyasi rəhbərlik arasında fikir ayrılıqları mövcuddur. Orduda müəyyən qruplar var ki, onlar Paşinyanın əmrlərinə tabe olmaq istəmirlər. Onlar müxəlif qüvvələrin tapşırıqlarını icra edirlər. Paşinyan isə bu qruplara müdaxilə edə bilmir. Təxribatlarda xarici dairələrə bağlı həmin qüvvələrin rolunu da inkar edə bilmərik. Ancaq istər İrəvan, istərsə də bu təxribatların arxsında dayanan xarici qüvvələr bilməlidir ki, Azərbaycan güclənib və hansısa ölkənin diqtəsi ilə hərəkət etmir. Bütün qərarları Ali Baş Komandan verir. Azərbaycan milli maraqlarına uyğun hərəkət edir və heç bir qüvvə buna təsir edə bilməz. “Qisas” əməliyyatı və hazırki hadisələr bunu deməyə əsas verir. Onu da bilsinlər ki, hazırda Ermənsitanın başına dəyən “dəmir şapalaq”dır. Əgər “Dəmir Yumruq” yenidən işə düşərsə, artıq Ermənistan adlı dövlətin mövcudluğu sual altında qalacaq.



- Vüqar bəy, “Üçtərəfli bəyanat”ın imzalanmasıdan iki ilə yaxın vaxt keçsə də, Qarabağdakı erməni silahlı birləşmələrinin hələ də çıxarılmadığını görürük. Hətta Rusiya sülhməramlıları tərəfindən himayə olunurlar. Rusiya rəhbərliyi öz imzasına belə hörmət etməyərək ikili oyun oynamağa çalışır. Sizcə erməniləri təxribatlara cəsarətləndirən həm də belə hallar deyilmi?

- Əlbəttə, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları öz adlarına uyğun davranmalıdırlar. Onların əsas missiyası barışdırıcı olmaq, konfliktə yol verməmək, öz neytrallığını qoruyub saxlamaqdır. Ancaq biz görürürk ki, rus sülhməramlıları çox vaxt bu neytrallığı qoruya bilmirlər, daha çox erməni tərəfinin maraqlarına xidmət edirlər. Üçtərəfli bəyanatda konkret olaraq bildirilir ki, erməni hərbi birləşmələri Qarabağ ərazisindən çıxarılmalıdır. Ancaq biz bilirik ki, oradan çıxarılanlara yanaşı, gətirilənlər də var. Hələ də bu ərazilərdə başıpozuq erməni hərbi dəstələrinin qalması ciddi narahatlıq yaradır. Onlar ərazilərimizdən çıxarılmaldır. Bu da birbaşa Rusiya sülhməramlılarının işidir. Cənab Prezident Putinlə görüşlərində də bunu xatırladır. Prezidet bildirir ki, sülhməramlılar, yumşaq desək, öz missiyalarını uğurla həyata keçirmirlər. Qarabağda erməni yaraqlıları ola bilməz. Ora suveren Azərbaycan ərazisidir. Heç şübhə yoxdur ki, Azərbaycanın bu tələbi yerinə yetiriləcək. Bu gün Azərbaycan addım-addım Xocalı, Xankəndi və digər ərazilərə doğru irəliləyir. Biz orada yaşayan vətəndaşları da qəbul edirik. Bir şərtlə ki, onlar Azərbaycan pasportu alıb bu ərazilərdə yaşayacaqclar. Kim istəsə, qalacaq kim istəsə gedəcək. Aldığımız məlumatlar göstərir ki, hazırda ermənilər kütləvi şəkildə bu əraziləri tərk etməyə başlayıblar. Onları İrəvanda və digər şəhərlərdə normal qarşılamırlar. Ermənilər də başa düşürlər ki, bunun sonu yoxdur. Bu cür təxribatlar yalnız işin gedişatını zəflədir. Sülhə gedən yolda maneə yaradır. Və eyni zamanda Ermənistanı daha da ağır, çətin duruma salır. Bunun sonu Ermənistan üçün faciə ilə bitəcək. Siyasi, iqtisadi və hərbi cəhətdən çökən Ermənistan, bu gün belə təxribatlarla işini daha də çətinə salır.

- İctimaiyyəti də ən çox narahat edən məsələrdən biri də məhz Xankəndidə, Xocalıda və digər ərazilərdə Azərbaycan bayrağının nə vaxt dalğalanacağıdır. Sizcə bu yaxın gələcəkdə mümkün olacaqmı?

- Əmin ola bilərsiniz ki, bu proses baş verəcək. Xatırladım ki, bu yaxınlarda rus sülhməramlılarının Xankəndidə keçirdiyi görüşdə masada Azərbaycan bayrağı da var idi. Cənab Prezident Basqala səfərində də dedi ki, bu barədə müsbət siqnallar var. Artıq ermənilər də yorulub. Xankəndində uzun illər yaşayamış nüfuzu olan ermənilərin içərisində Azırbaycan hökuməti ilə təmaslar qurmağa çalışanlar var. Onlar da sabit ölkədə yaşamaq istəyirlər. Ancaq bununla yanaşı, Ermənistanda siyasi-iqtisadi maraq güdən qüvvələr də var. Onların başında isə Araik Arutunyan durur. Ermənilərə münasibətlərin normallaşması üçün müəyyən zaman lazımdır. Ermənilər elə bir millətdir ki, dünən cəllad, bu gün isə mələk olmağı bacarırlar. 100 illərdir biz bunu görürürk. Biz ermənilərin tarix boyu bizim başımıza gətirdiyi müsibətləri unutmamalıyıq. Gənc nəsli tarixdə baş verən hadisələrlə bağlı məlumatlandırmalıyıq. Hesab edirəm ki, vaxtı çatanda bu ərazilərdə də Azərbaycan bayrağı dalğalanacaq.

- Vüqar müəllim, “Üçtərəfli bəyanat”ın yerinə yetirilməyən bəndlərinən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistan bu öhdəliyini də yerinə yetirmir. Biz isə Laçın dəhlizinə alternativ olan yolu qısa müddətdə istifadəyə verdik. Ölkə Prezidenti də qeyd etmişdi ki, Zəngəzur dəhlizi hansı statusda olacaqsa, yeni yol da o statusda olacaq. Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına imkan vermədiyi halda, separatçılar da, Rusiya sülhməramlılarının komandanı da yeni yolun da dəhliz statusunda olacağını bildirir. Necə bilirsiz, Zəngəzur dəhlizi reallaşmayacağı halda biz də yeni yola dəhliz statusu verməkdən imtina ed biləcəyikmi?

- Təbii ki, cənab Prezident bu məsələylə bağlı fikrini açıqlayaraq nöqtəni qoyub. Burada başqa məsələ ola bilməz. Yəni əgər ermənilər Zəngəzurdan keçəcək yola hansı statusu verməyə razılaşsa, Ermənistanla Azəbaycan arasında yeni çəkilmiş yol da həmin statusda olmalıdır. Bu bir. İkinci məsələ, ermənilər əgər düşünürlər ki, daimi olaraq bu yoldan sərbəst şəkildə istifadə edəcəklər, bu da mümkün deyil. Yaşadıqları yerlər də, yol da Azərbaycan ərazisidir. Azərbaycan istədiyi vaxtda orada sərhəd, gömrük postları qura biləcək, lazımi yoxlanışları edəcək, kimin keçib-keçməyəcəyini özü müəyyənləşdirəcək. Amma Ermənistan bunu Zəngəzurda edə bilməyəcək. Ona görə ki, Azərbaycan qalib gələn tərəfdir. Güc də, hüquq da Azərbaycan tərəfindədir. Əgər ermənilərin ağılları başlarına gəlsə, düşünməlidilər ki, Zəngəzur dəhlizi bizim qədər Ermənistan üçün bu lazımdır. Çox təəssüf ki, hələlik yalnız prosesləri ləngitməyə çalışırlar. Görüşə gəlirlər, sülhdən danışırlar, sonra da təxribatlara əl atırlar ki, proses uzansın. Bu, təbii ki, Ermənistanın ziyanına işləyir. Üçüncüsü, cənab Prezidentin çox gözəl və düşünülmüş bir siyasəti var. Qeyd edib ki, Ermənistan destruktiv mövqeyindən, saxta iddialarından əl çəkməyəcəksə, biz də tarixi torpaqlarımıza iddia qaldıracağıq. Zəngəzur bzim dədə-babamızın torpaqlarıdır. Çox yaxın tarixdə oradan köçən insanlar var. İddianı qaldıracağıq və tarixi faktları qoyacağıq ortaya. Erməni heç bir fakt qoya bilmir və bilməz. Öz yazdığımızı yox, dünya arxivlərindən, Rusiyadan, elə Fransanın özündən, İngiltərədəki arxivlərdən tarixi faktları, xəritələri çıxarıb göstərəcəyik ki, baxın, görün bu torpaqlar kimin olub, orada bir erməni adına rast gəlirsinizmi? Yəni biz bunu edə bilərik, ermənilər yaxşı düşünsünlər. Bizim əlimizdə olan rıçaq və faktların bir faizi ermənilərdə yoxdur.

- Fikrimcə, bu məsələni biz daim gündəmdə saxlamalıyıq. Zəngəzura, İrəvana olan iddiamızdan imtina etməli deyilik. Cəmi 100 ilə qədər bu ərazilər bizim olub. Sovet imperiyası həmin əraziləri əlimizdən alıb ermənilərə verib. Yəni, Azərbaycanın həmin ərazisinə iddiasına qeyri-adi bir tələb kimi yanaşmaq olmaz. Vətənimizin bir hissəsini dağılmış Sovet imperiyası zorla bizdən alıb ermənilərə veribsə, biz niyə o əraziləri geri istəməyək, iddiamızı hüquqi cəhətdən əsaslandıraraq ortaya qoymayaq?

- Dövlətimizin burada yanaşması fərqlidir. Biz torpaq iddiası etmirik. Yox, əgər siz yenə torpaq iddiası qoyacaqsınızsa, bi saxta iddialarla yaşayacaqsınızsa, biz də halal tarixi ərazilərimizi geri tələb edəcəyik. Əslində məqsədimiz vaxtilə Emənistana verilmiş tarixi ərazilərimizin geri alınması deyil, erməniləri saxta iddialara düşməkdən çəkindirməkdir. Biz qonşuyuq, bura sülh gəlməlidir. Yox, əgər Ermənistan belə davam edəcəksə, əlbəttə ki, biz də halal torpaqlarımıza iddiamızı irəli sürəcəyik .

- Sizcə bu cür həddindən artıq sülhsevər, tolerant olmağımız qonşumuzun iştahını daha da artırmırmı? Erməni təkcə son 30 ildə Qarabağı viranə qoyaraq bizə yüz milyardlarla ziyan vurub. Minlərlə gəncimizi şəhid edib, yaralayıb. Biz bunu bir anda bağışlayacağıqsa, ermənilər yenə də əvvəlki kimi Qarabağda rahat yaşacaqsa, hətta bizim dövlətin hesabına dolanacaqsa, bu ədalətlidir mi? Yəni biz həddən artıq tolerant, sülhsevər olmaqla quduzlaşmış qonşunun iştahını qaldırmırıqmı? Məncə, biz də daha tələbkar, daha sərt olmalıyıq. Məsələn, biz ermənilərdən vurulmuş ziyanın əvəzində Zəngəzuru tələb etməliyik, Qarabağdan erməniləri tam çıxarmalıyıq...

- Sizi başa düşürəm, haqlısınız. Ancaq fərqimiz budur ki, biz xalqıq, onlar toplum, tayfa. Yəni onlar xalq ola bilmədilər. Hər bir erməni Ermənistandan çıxan kimi xoşbəxtdir, yaşadıqları yerə onları heç nə bağlamır. Getdikləri yerə adaptasiya olunur və oranın vətəndaşlarından birinə çevrilir və xoşbəxt olurlar. Amma azərbaycanlılar belə deyil. Hətta Azərbaycanda ən kasıb vəziyyətdə yaşayan, getdiyi ölkədə isə gözəl həyat sürən azərbaycanlı yenə də Vətən üçün darıxır, milli mahnılarmıza qulaq asır, ən azı ildə bir dəfə gəlib palçıqlı kəndində bir ay gəzir... Çünki biz bu torpağa bağlıyıq, biz burdanıq, ruhumuz burdadır, bizi bura dərin mənəvi tellər bağlayır. Biz buranın aboragen insanlarıyıq. Biz xalq olmuşuq. Onlar burunlarının ucundan qabağı görə bilmirlər. Biz görürük və anlayırıq ki, düşmənçiliyin sonu yoxdur. Amma o demək deyil ki, biz baş verənləri unutmalıyıq. Kobud bir misal var, üzr istəyirəm, deyirlər ki, itlə dost ol, çomağı yerə qoyma. Biz sülh müqaviləsinin bağlanmasını, sülh olmasını istəyirik. Bir şərtlə ki, “Dəmir Yumruq” havada hazır vəziyyətdə dursun. Yəni artıq yumruğu çəkmək olmaz.



- Vüqar müəllim, Azərbaycan ermənilərin təxribatına cavab əməliyyatına başlayan kimi, Fransa BMT Təhlükəsizlik Şurasına müraciət etdi. ABŞ-dan, Rusiyadan etirazlar gəlməyə başladı. Maraqlıdır ki bütün məsələlərdə bir-birinə düşmən olan Rusiya, Amerika, Fransa Azərbaycan əleyhinə birləşə bilirlər. Sizcə, bunun səbəbi nədir?

- Fransa Ermənisanın böyük bacısıdır, ABŞ və Rusiyada isə erməni lobbisinin təsiri güclüdür. Ona dörə də çox doğru buyurursuz ki, bir-birinə əks qütbdə duran ölkələr - Rusiya, ABŞ bu məsələ gələndə birləşirlər. Bəlkə də, biz bunu çox vaxt demirik, yenə bu tolerantlığımızı qoruyuruq. Amma gəlin etiraf edək, burada fəqli yanaşmanın, ikiüzlü siyasətin arxasında müsəlman-xristian məsələsi var. Gəlin bunu deyək. Türkiyənin bu gün başına gələnləri görmürükmü? Azərbaycana qarşı məhz müsəlman ölkəsi olduğu üçün belə ədalətsiz yanaşma var. Bəlkə də, dilə gətirilməyən çox məsələlər var. Burada erməni sevgisindən çox, bir xristian təşəbbüskeşliyi var. Çox təəssüf ki, bu məsələdə birləşə bilirlər. Bu dünya üçün çox qorxulu tendensiyadır. Dininə, millətinə görə dövlətlərə qarşı siyaət yürütmək qəbuledilməzdir. Bu bir siyasi haqsızlıqdır. Amma, çox təəssüf ki, reallıqdır. Biz görmürükmü Avropada baş verənləri, şərqdən gələn insanlara münasibəti. Şərqdən, müsəlman aləmindən gələn insanları az qala terroristlərlə eyniləşdirməyə çalışırlar. Bunu Cənab Prezident də, Rəcəb Tayyib Ərdoğan da söyləyib. Yəni, bu ayıbdır və etik deyil. Bu gün Fransa bu qrupa böyük bacılıq edir. Ancaq nə etsələr də, haqq və ədalət Azərbaycanın tərəfindədir. Beynəlxalq hüquq, onun norma və prinsipləri, bütün konvensiyalar bu gün Azərbaycan nə deyirsə, onu deyir. Çünki Azərbaycan bu hüquqa və faktlara söykənən siyasət yeridir.

- Son illər türk dövlətləri arasında inteqrasiyanın güclənməsi, siyasi və hərbi əməkdaşlığın genişlənməsi, türk birliyinin yaradılması istiqamətində siyasətin aparıldığının şahidi oluruq. Siz bu istiqamətdə görülən işləri və buna qarşı olan bəzi qüvvələrin rolunu necə qiymətləndirirsiniz?

- Əvvəldə qeyd etdiyim kimi, bu siyasi proseslərə heç vaxt təktərəfli baxmaq olmaz. Bu geniş perspektivli məsələdir. İlk növbədə, biz türk xalqlarıyıq. Avropa İttifaqını xristian birliyi adlandıranlar da var. Biz buna qarşı deyilik. Başda İtaliya olmaqla bizim AB ölkələri ilə yaxşı münasibətlərimiz var. Biz bu münasibətlərə töhfə veririk. Ancaq eyni münasibəti qarşı tərəfdən də gözləyirik. Türk dövlətləri olaraq birləşməyə bizim haqqımız var. Bu, eyni zamanda, bizim xalqlarımızın da içindən gələn bir arzudur. Dövlətlərin siyasəti də xalqın iradəsinə söykənir. Bu təbii bir haqdır. Əlbəttə, bundan narahat olan dövlətlər var. Ancaq biz bu dövlətlərin istəyi əsasında hərəkət etmirik. Milli maraqlarımız nəyi tələb edirsə, onu da həyata keçiririk. Türk birliyinin yaxın gələcəkdə böyük gücə çevriləcəyinə şübhə yoxdur.

- Ölkədə qazilərlə, şəhid ailələri ilə, veteranlarla bağlı müəyyən sosial narazılıqlar var. Sosial problemlərə, məmur özbaşınalığına görə, bəzən qazilərimizin intihara cəhd etdiyini görürük. Gələcəkdə bu şəxslərin sosial ödənişlərinin artırılması istiqamətində hansısa tədbirlər nəzərdə tutulubmu?

- İlk öncə onu qeyd edim ki, Azərbaycan sosial bir dövlətdir. Bu sahə Azərbaycan dövlətinin siyasətində əsas yeri tutur. Biz görürük ki, müharibədən sonra şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə dövlətin xüsusi diqqət və qayğısı var. Ölkə başçısı və Birinci Xanım onlarla görüşəndə hər zaman bildirir ki, “biz sizin yanınızdayıq”. Belə insanlara diqqət və qayğının göstərilməsi üçün, “Yaşat” fondu yaradılıb. Bu, əslində xalq tərəfindən yaradılan bir fonddur. Hər bir vətəndaş “Yaşat” fondunun vasitəsi ilə öz yardımını edirsə, deməli, burada xalq iştirak edir. Toplanan vəsait bu şəxslərin problemlərinin həllinə, sağlamlıqlarının bərpasına yönəldilir. Sosial ödənişlərin artırılması ölkənin iqtisadi durumundan asılı olan bir məsələdir. İqtisadi güc artdıqca bu vəsaitlər də artırılır. İntiharlarla bağlı onu deyə bilərəm ki, məsələn, Vyetnam-ABŞ müharibəsindən sonra 60 mindən çox intihar hadisəsi baş verib. Yəni, müharibədə iştirak edənlərin intihara cəhd etməsinə hər bir ölkədə rast gəlinir. Yəni, bu halları sosial problemlərlə bağlamaq düz deyil. Təəssüf ki, bir insanın hansısa məmur tərəfindən hüququnun pozulması o qədər geniş işıqlandırılır ki, məlumatı olmayan insana elə gəlir ki, bu bütün qazilərlə bağlı olan məsələdir. İnanın ki, müharibə iştirakçılarının böyük əksəriyyəti deputatın da, məmurun da, adi vətəndaşın da onlara olan münasibətindən razıdırlar. Biz qazilərimizin əlindən öpürük. Onları ən hörmətə layiq insan kimi qəbul edirik. Belə də olmalıdır. Can insan üçün ən əziz şeydir. Bu igidlərimiz canını bu torpaq uğrunda qurban veriblər. Düşünürəm ki, biz onlar haqda danışmaqdan daha çox onların problemlərini həll etməyə çalışmalıyıq. Mən razıyam, məmur özbaşınalığı da var. Ölkə başçısı hər zaman onlarla görüşündə deyir ki, hər bir məmur sadə, təvazökar və xalqın yanında olmalıdır. Bu vəzifə borcundan öncə insani bir borcdur.

- Bəzən bu problemin yaranmasında “5-ci kolon”un da rolu olduğu bildirilir. Bu gün hökumətdə və parlamentdə “5-ci kolon”un nümayəndələri mövcuddur. Sizcə biz Azərbaycanı bu cür insanlardan nə zaman təmizləyəcəyik?

- Cəmiyyət rəngarəngdir. İnsanlar fərqli olduğundan, belə adamlara hər yerdə - hökumətdə də, parlamentdə də rast gəlmək mümkündür. Onların siyasi dünyagörüşləri fərqli ola bilər. Hesab edirəm ki, o insan riyakar və vicdansızdır ki, o, dövlətə müxalifdir və düşmən mövqedədir. Bu dövlət hər birimiz üçün müqəddəs olmalıdır. İqtidara müxalif olmaq, onun səhvlərini söyləmək, düzəltmək üçün təklif vermək anlaşılandır. O dövlət inkişaf edir ki, orada iqtidarla müxalifət arasında güclü rəqabət olur. Təsssüf ki, “5-ci kolon” içəridən ölkəni dağıtmağa çalışan, yada xidmət edən, amma səndən olan insanlardır. “5-ci kolon” dövləti içəridən sarsıdanlardır. Əlbəttə, bu insanlar tapılmalı, qınanmalı və cəzalandırılmalıdırlar. Belə adamlar cəmiyyətin inkişafında tormuzlayıcı rol oynayırlar. Onlar kimdir? Hazırda da mövcuddur mu? Bu barədə heç nə deyə bilmərəm. Çünki əlimdə konkret fakt yoxdur. Ancaq fakt budur ki, bu gün siyasi iradə onlara qarşıdır. Hazırda Prezident Administrasiyasında, parlamentdə, nazirliklərdə və icra hakimiyyətlərində gənc kadrların, keçmişi təmiz olan insanların önə çəkildiyinin şahidi oluruq. Hər şey idealdır mı? –Xeyr. Ancaq proses də gedir.

- Bildiyimiz kimi, parlamentdə siyasi partiyalar haqqında yeni qanun müzakirəyə çıxarılacaq. Bununla bağlı müəyyən narahatçılıqlar var. Sizcə, bu qanunun qəbul olunması Azərbaycan siyasi mühitində nəyi dəyişəcək?

- Cəmiyyət çoxşaxəlidir. Yeni dünya düzəni formalaşır və yeni çağırışlar var. Qanunlar vaxt keçdikcə arxaikləşir və yeniləri ilə əvəz olunmalıdır. Necə ki, biz bunu “Media haqqında” Qanunda da gördük. Media haqqında sonuncu qanun 1999-cu ildə qəbul olunmuşdu. Ona görə də müasir tələblərə uyğun olan yeni qanun lazım idi.   Ancaq nədənsə bu qanun layihəsi böyük ajotaja səbəb oldu. Razı qalan və qalmayan qüvvələr oldu. Bu gün siyasi partiyaların cəmiyyədəki rolu dəyişdirilməldir. Dünyada Azərbaycandan böyük dövlətlər var ki, heç onların bizdəki qədər siyasi partiyası yoxdur. Hazırda elə partiyalar var ki, bir neçə qohum əqrabadan ibarətdir. Belə partiya olarmı? Siyasi partiya yaradılırsa, deməli, hakimiyyətə iddialı olmalıdır. Sən bu gün komandayla gəlməlisən, öz prioritetlərini müəyyən etməlisən və s. Burada təklif odur ki, zəif sayılan partiyalar digər partiyalarla birləşmə yolu tutsunlar. Heç kim bu partiyaların bağlanmağının tərəfdarı deyil. Siyasətə keçib partiya yaratmısansa, regionlara çıx, inkişaf et və böyü. Yoxsa təkcə möhürdən ibarət bir partiyaya kimin ehtiyacı var? Hər bir yeni təklif dəyərləndirilir və müzakirə olunacaq. Parlamentin dinləmələrində, mediada, ictimai dinləmədə hər kəs öz fikrini söyləyə bilər. Bizim əsas arzumuz siyasi partiyaların güclü olmasıdır. Düşünürəm ki, yeni qanun siyasi partiyaları daha da stimullaşdıracaq və onların fəaliyyətinə geniş şərait yaradacaq.

- Sonuncu sualımızı deputatı olduğunuz Şəkinin problemləri baradə vermək istəyərdik. Bu gün Şəki camaatının həllini gözlədiyi hansı problemlər var?

- Şəki Azərbaycanın ən qədim diyarlarından biridir. Şəki “UNESCO”-nun qoruduğu şəhərdir. Cənab Prezidentin dediyi kimi, “Şəki bizim sərvətimizdir”. Bu sərvəti qorumaq hər birimizin borcudur. Çünki burada bir tarix, mədəniyyət, sərvət yatır. Şəkinin hər şeyi özünəməxsus və xüsusidir. Bu gün Şəki camaatının əsas problemi uzun illərdir həll edilməyə çalışılan kanalizasiya məsələsidir. Bu prosesin uzanması digər problemlərin də ortaya çıxmasına səbəb olur. Məsələn, hər yay kifayət qədər turistin üz tutdğu Şəkidə avtomobil yollarıyla bağlı da problemlər var. Kanalizasiya qazılır, onun üzərindən yamaq yol vurulur və bir müddət sonra o yol da çökür. Şəhərin əsas mərkəzi küçələrində bu probem var. Kanalizasiya problemi tam həll olunmadığından, yol çəkilişi mümkün deyil. Hesab edirəm ki, Şəkinin mərkəzi küçələri asfaltlanmalı, yuxarı hissələrinə isə daş yol çəkilməlidir. Çünki ora asfalt yaraşmaz. Biz oradakı tarixi qoruyub saxlamalıyıq. Şəkidə çoxlu tarixi abidələr var. Bir müddət “Aşağı Karvansarayda” restavrasiya prosesi gedirdi, ancaq sonra onun aqibəti bəlli olmadı. Düşünürəm ki, ora diqqətdə saxlanılacaq. Bu yaxınlarda “Xan Məscidi”nin restavrasiya olunması bizi sevindirir. Heydər Əliyev Fondu tərəfindən burada işlər aparılır. Həmçinin, bu ərazidə yerləşən bir neçə muzeyin və binanın da təmirinə başlanılıb. Ümumi problem, qeyd etdiyim kimi, su-kanalizasiya işləri və asfaltlanmayla bağlıdır. Ümid edirəm ki, bu problemlər də yaxın zamanda həllini tapacaq.

İsmayıl İsmayılbəyli

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.