Avqustun sonunda Brüsseldə Şarl Mişelin vasitəçiliyilə baş tutan danışıqlarda qərara alınmışdı ki, növbəti görüş noyabrda keçirilsin və hətta deyilmişdi ki, sülh sazişinin hazırlanması üçün işçi qrupun yaradılmasına hazırlıq görülsün. Amma bu günlərdə Ermənistan özünün geniş miqyaslı hərbi təxribatı ilə bu gözləntiləri heç etdi. İndi heç kim noyabrda ciddi bir şeyin olacağına inanmır: hətta növbəti görüş baş tutsa belə, o, daha çox simvolik xarakter daşıyacaq və real sülh üçün əməli addımlar atılmayacaq.
Bəs niyə belə oldu? Bu günlərdə baş verən proseslərin arxasında kim dayanır? Bu suallara cavab vermək üçün başqa bir sualı cavablandırmaq lazım gəlir: kim bunda maraqlıdır?
Əlbəttə, ilk ağla gələn Rusiya olur, çünki Moskva belə tezliklə, özü də Avropa İttifaqının vasitəçilyilə sülhün əldə olunmasında maraqlı deyil.
Amma burada başqa məqamlar da var. Ermənistanı təxribata və savaşa ruhlandıran amillərdən biri də keşmiş həmsədrlər, ABŞ və Fransadır. Son vaxtlarda İrəvan Moskvadan narazıdır, çünki Kremlin siyasi vektoru bir az Bakıya sarı yönəlib.
Əslində Moskva regiondakı maraqlarını heç vaxt Ermənistanın məqsədlərinə tabe etməyib. İndi də vəziyyət belədir və İrəvan bundan çox narazıdır. Odur ki, Ermənistan Rusiyaya təzyiq haqqında düşünür və belə bir təzyiq keçmiş həmsədrlər ola bilər. Moskvanın Ukrayna cəbhəsində irəliləyə bilməməsi də İrəvanı özünə yeni ağalar axtarmağa şirnikləndirir. Bu yaxınlarda Ermənistanın müdafiə nazirinin ABŞ-a səfər etməsi, Fransanın canfəşanlıq edərək problemi BMT-nin müzakirəsinə çıxarmaq cəhdi bunun bariz göstəriciləridir...
Bəs prosesin sonu necə görünür? Belə demək olar ki, heç vaxt dayanıqlı və stabil sülh olmayacaq. Məsələ heç də ermənilərin “böyük Ermənistan” xəstəliyində deyil. Bu xəstəlik həmişə olub, yenə də olacaq. Məsələ bundadır ki, münaqişə ermənilərin və Ermənistanın bir növ mövcudluq formasıdır. “Əzabkeş xalq” obrazı ermənilərə başqa ölkələrdə sığınacaq almağa, başqa ölkələrin himayəsini qazanmağa yardım edir. Ermənistana gəldikdə isə, bu ölkə başqa bir üsulla heç cür gündəmə gəlmək iqtidarında deyil. Onun başqa bir aktuallıq forması və məzmunu yoxdur. Odur ki, bu dövlət Azərbaycanla münaqişədən möhkəm yapışıb.
Bu son proseslərdə baş nazir Nikol Paşinyanın siyasətinə gəlincə, o, bu günlərdə bəyan etdi ki, yaxın vaxtlarda Azərbaycanla heç bir saziş imzalanmayacaq, yəni noyabr görüşündən bir şey gözləməyə dəyməz. Burada onu da qeyd etmək lazımdır ki, Ermənistanın növbəti hərbi uğursuzluğu revanşistləri bir az da ruhlandırıb. Amma onlar yenə də azlıqda qalmaqda davam edirlər. Çox təəssüf ki, Nikol Paşinyan bunu anlamır və başa düşmür ki, Ermənistan cəmiyyətinin çoxu onu hələki ona görə dəstəkləyir ki, onlar müharibə istəmirlər. Amma uğursuz hərbi əməliyyatlarla Nikol Paşinyan onların dəstəyini itirəcək. Bu adam anlamır ki, indiki vaxtda Ermənistanda hər şey sülh prosesini irəlilətməyə köklənib: erməni cəmiyyəti müharibədən yorulub, əks təqdirdə revanşinstlər çoxdan Paşinyanı devirərdilər...
musavat.com