Pelosi Ermənistana səfər edir: bu, Azərbaycan üçün nə deməkdir?

17-09-2022, 12:14   



Pelosi

ŞƏKLİN MƏNBƏYİ,ANADOLU AGENCY/GETTY IMAGES

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nancy Pelosi Ermənistana gözlənilən səfəri ilə bağlı mediada yayılan məlumatları təsdiqləyib. "Sabah Ermənistana gedəcəyəm", - Pelosi Berlində jurnalistlərə bildirib. Bəs, Pelosinin səfəri Azərbaycan üçün nə deməkdir?

Rəsmi Bakı amerikalı spikerin gözləniləcək səfəri barədə məlumatı şərh etməyib. Lakin millət vəkili, politoloq Rasim Musabəyova görə bu səfər Ermənistana dəstək nümayişi sayılır: "Bununla dəstək nümayiş etdirmək istəyirlər, bu, daha çox Paşinyana dəstək kimi görsənir. Qoy eləsinlər, Azərbaycanda Paşinyana dəstək heç də narahatlıq yaratmır, əksinə olaraq".

Xanım Pelosinin özü səfərin insan haqları ilə bağlı olduğunu vurğulayıb. "İstənilən halda söhbət insan haqlarından, hər bir insanın ləyaqət və dəyərlərinə hörmətdən gedir", Nancy Pelosinin sözləri Washington Post qəzetində iqtibas olunur.


Pelosi Konqres üzvlərinin "hədəf olmağı sevmədiyini" söyləyərək, Ermənistana səfərlə bağlı əlavə məlumat verməkdən imtina edib.

Ancaq onun Ermənistana səfəri ABŞ-ın daxili siyasi gündəmilə və oradakı erməni lobbisinə yaxınlığı ilə əlaqələndirilir.

Bu fikrə ABŞ-ın Azərbaycandakı sabiq səfiri da şərik çıxır. "Onun Ermənistana səfəri çoxlu erməni amerikalı seçicinin olduğu Kaliforniya ştatında daxili siyasətlə bağlıdır", o BBC Azərbaycancaya deyib.

Richard Kauzlarich, bütün hallarda, Yerevana səfərin vaxtının düzgün seçilmədiyini deyir: "Ermənistan və Azərbaycan arasında son döyüşlər bir neçə yüz erməni və azərbaycanlının həlak olması ilə nəticələnib - bu faciə Ermənistan və Azərbaycan arasında başlayan kövrək sülh prosesini geriyə çəkdi. Səfərin mediada işıqlandırılması vaxtı anti-Azərbaycan ritorikasını nəzərə alsaq, bu, diplomatik prosesin bərpasını çətinləşdirəcək".

Cənubi Qafqaz üzrə araşdırmaçı Şücaət Əhmədzadəyə əsasən, Nancy Pelosinin səfəri "dekorativ xarakter" daşıyır və Ermənistana hər hansı formada təhlükəsizlik qarantiyalarının verilməsi ilə nəticələnməyəcək.

"Yəni Ermənistanın hərbi-siyasi oriyentasiyasının, hərbi-siyasi xəttinin dəyişəcəyini düşünmürəm. Ona görə də burada ABŞ tərəfindən Azərbaycana qarşı təhlükə törədəcək bir məqamın olacağını da görmürəm", o BBC News Azərbaycancaya şərhində bildirib.

Bakıya gedərmi?

Paşinyan

ŞƏKLİN MƏNBƏYİ,GOV.AM

Şəklin alt yazısı,

Nancy Pelosin-in Yerevanda Baş nazir Nikol Paşinyanla görüşəcəyi xəbər verilir

Richard Kauzlarich-in sözlərinə görə Pelosinin Bakıya səfəri onun seçicilərinin xoşuna gəlməzdi. "Rəsmi Bakının onu dəvət edəcəyinə şübhə edirəm", Richard Kauzlarich deyir.

Hərçənd ki, Şücaət Əhmədzadə hesab edir ki, Pelosinin Azərbaycana dəvət olunması onun səfərinə verilən "yaxşı reaksiya" olardi. Onun sözlərinə görə, 90-cı illərdə Azərbaycanda olan xanım Pelosi Qarabağdan qaçqın düşmüş şəxsləri ziyarət edib. "İndi onu dəvət edib, 30 il əvvəl olduğu yerlərin nə dərəcədə dağıntılı olduğunu göstərmək, ən yaxşı cavab olardı".

Bəs Rusiyanın yaxın müttəfiqi olan Ermənistana ABŞ siyasətçisinin səfəri təhlükəsizlik baxımından nəyisə dəyişirmi?

"Bu, nə Ermənistanın, nə də Azərbaycanın Rusiya ilə müttəfiq statusu baxımından heç nəyi dəyişrmir. 22/2/2022-ci il tarixdə Əliyevlə Putinin Ukraynaya müdaxiləsi ərəfəsində imzaladığı sazişi xatırladaq", BBC News Azərbaycancaya danışan Richard Kauzlarich deyir.

"Reallıq bu səfərlə dəyişəsi deyil"

Pelosinin səfəri böhrana daha çox siyasi diqqət yetirməyə çağıran erməni-amerikan icması üçün çox şey ifadə edəcək, Politico nəşri Amerika Erməni Assambleyasının həmsədri Anthony Barsamiana istinadla yazır.

Qafqaza səfər, spikerin ötən ay Tayvana mübahisəli səfərindən sonra baş verir və noyabrda keçiriləcək ABŞ aralıq seçkiləri ərəfəsində Pelosi dünyada insan hüquqları müdafiəçisi rolunu möhkəmləndirmək istəyir, sosial mediadakı bəzi şərhlərdə bu fikri görmək olar.

Rasim Musabəyova görə, veteran siyasətçi istəyir ki, siyasi fəaliyyətini beynəlxalq səviyyədə "müəyyən bir nümayişlə bitirsin".

"Tayvana getdi, indi Ermənistana gəlir. Gəlib, gəlsin, necə gəlib elə də gedəcək. Reallıq bu səfərlə dəyişəsi deyil", Rasim Musabəyov deyir.

Nancy Pelosinin səfəri bölgədə vəziyyətin kəskinləşməsinə təsadüf edir. Sentyabrın 12-sindən Ermənistan və Azərbaycan arasında başlayan döyüşlər çoxsaylı itkilərə səbəb olub. Tərəflər atəşkəsin pozulmasına görə bir-birini ittiham edirlər.


  • BBC News Azərbaycanca
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.