Strelkov Putini Səddam Hüseyn və Qəddafi ilə müqayisə etdi
“Daha bir cüt alçaldıcı məğlubiyyət, üstəgəl inflyasiyanın alovlanması və biz həmin inqilabi situasiyanı almış oluruq – yuxarılar bacarmır, aşağılar isə istəmir...”
“AzPolitika.info” xəbər verir ki, bunu məşhur rus polkovniki, Donbasdakı separatçı hərəkatın ilk təşkilatçılarından biri və “dnr”-in müdafiə naziri olmuş İqor Strelkov(Qirkin) Ukrayna cəbhəsindəki və Rusiya daxilindəki son vəziyyəti şərh edərkən deyib.
Əvvəllər də Rusiya siyasi-hərbi rəhbərliyini bacarıqsızlıqda, qətiyyətsizlikdə və korrupsiyada ittiham edən Qirkin bu dəfə bir qədər də irəli gedərək, Putinin özünü hədəfə alıb. Strelkov bu gedişlə Rusiyada inqilabın qaçılmaz olduğunu deyib: “Bütün inqilablar paytaxtlarda baş verir. Moskva, Sankt-Peterburq, Ekaterinburq... İnqilablar buralarda başlayacaq”.
Qirkinin fikrincə, Putini Miloşeviçin, Səddam Hüseynin, Müəmmər Qəddafinin taleyi gözləyə bilər: “Mən əminəm ki, Rusiyanın məğlub olacağı halda, yanılmış və özünü itirmiş Axellanı(Putini nəzərdə tutur-red.) Miloşeviçin taleyi gözləyə bilər. Anca Səddam Hüseyn və Müəmmar Qəddafi variantı daha inandırıcı görünür. Bunu istisna etmək olmaz. Vladimir Vladimiroviçin illüziyalarla yaşaması doğru deyil...” Qirkin sonda deyib ki, Putin son yarım il ərzində olduğu kimi, heç nəyi dəyişməsə, Rusiyanı inqilablar və parçalanma gözləyir.
“AzPolitika.info”