İran niyə ortaya düşüb? - "Tehran bu yolu itirmək istəmir”

19-09-2022, 15:26   


İran niyə ortaya düşüb? - "Tehran bu yolu itirmək istəmir”


İran parlamentinin növbədənkənar iclası çağırılıb.

Parlamentdə Ermənistan-Azərbaycan sərhədində son günlər yaranmış gərginliyin müzakirə ediləcək.

Bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Vəhid Cəlalzadə deyib.

O bildirib ki, çərşənbə günü Ermənistan-Azərbaycan problemlərinə dair önəmli və növbədənkənar iclas keçiriləcək.

Qeyd edək ki, İran tərəfinin bu addımları heç bir şəkildə başadüşülən deyil. Rəsmi Tehran son zamanlarda dəfələrlə Ermənistan-İran sərhədinin dəyişilməz olaraq qalmasını özləri üçün “qırmızı xətt” adlandırıb.

Görünən odur ki, onlar Ermənistanın Azərbaycanın torpaqlarını 30 ilə yaxın bir müddət işğal etməsini qəbul edərək, öz aləmlərində bunun heç bir zaman dəyişməyəcəklərini gözləyirdilər. Əks təqdirdə, İran tərəfi sərhədlərin bir gün yenidən bərpa olunacağını da bilməli idi. Üstəlik, burada heç bir sərhəd dəyişikliyindən də söhbət getmir. Azərbaycan öz tarixi və suveren ərazisinin sərhədlərini yenidən bərpa edir. Yəni bunun İrana heç bir aidiyyəti yoxdur. Buna baxmayaraq, İran rəsmiləri davamlı şəkildə bu məsələ ilə bağlı açıqlamalar verirlər.

Əslində, Tehranın bu məsələdən təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığı açıq şəkildə görünür. Qeyd etdiyimiz kimi, Azərbaycanın öz sərhədlərini və Naxçıvanla quru yolunu bərpa etməsinin İrana heç bir dəxli yoxdur. 

Mövzu ilə bağlı Cebhe.info-ya danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, İran bu addımları ilə özünün də bölgədə var oluğunu deməyə çalışır:

“Yəni İran “mən də varam” demək istəyir. Rəsmi Tehran deməyə çalışır ki, bizim də bölgə hadisələrində təsirimiz və rolumuz olmalıdır. İndiyədək bu münaqişənin ağası Rusiya, ABŞ, Fransa və ATƏT-in Minsk qrupu idi. Son müharibədən sonra isə əsasən, Rusiya ön plana çıxdı. İndi isə İran da hadisələrdə yer almaq istəyir. Çünki prosesdə vasitəçilik və iştirakçılıq belə demək mümkündürsə, bir amildir, resursdur və ondan xeyir götürmək olar”.

Politoloq İranın əsas məqsədi barədə də danışıb:

“Ermənistandan keçərək şimala gedən yol İran üçün müəyyən bir əhəmiyyətə malikdir. Yəni Tehran bu yolu itirmək istəmir. Onlar buna görə də belə bəyanatlar səsləndirirlər. Hesab edirəm ki, Azərbaycan İran parlamentinin növbədənkənar iclasına və orada qəbul olunacaq qərarlara etinasız yanaşmalıdır”.

Zərdüşt Əlizadənin sözlərinə görə, İran müəyyən məsələlərdən təzyiq vasitəsi kimi istifadə etməyə çalışsa da, nəticəsi olmayacaq.

Elmir
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.