ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfər etdi və oradan Rusiyanın əleyhinə fikirlər səsləndirdi.
Eyni zamanda, Ermənistan rəsmiləri Rusiya əleyhinə açıqlamalar verdi və ermənilər mitinqdə anti- Rusiya plakatları qaldırdı. Ermənistanın KTMT-dən çıxması ilə bağlı ard-arda fikirlər söylənir. Məsələ ondadır ki, Rusiyanın Ermənistan üzərindəki təsir imkanları kifayət qədər genişdir. Ermənistanın sərhədlərini Rusiya ordusu qoruyur, iqtisadiyyatı, dəmir yolları Rusiyanın əlindədir. Ermənistan hakimiyyətində və müxalifətində Rusiya ciddi gücə sahibdir. Bunlarla yanaşı, Ermənistanın enerji vəə silaha görə Rusiyaya milyardlarla dollar borcu var.
Yəni Ermənistanın Rusiya qarşısında bütün sagələrdə- siyasi, iqtisadi, hərbi, sosial asılılığı mövcuddur. Ermənistanda Pelosinin səfərindən sonra Rusiya əleyhinə bəyanatlar səsləndirilməsi rəsmi İrəvan üçün ağır nəticələrə gətirib çıxaracaq. Söhbət ondan gedir ki, Rusiya artıq Ermənistana ilk xəbərdarlığını edib. Rusiya təbii qaza görə yığılmş borcunu Ermənistandan istəməyə hazırlaşır və dünya bazarında bahalaşmanı əsas gətirərək qiyməti artıra bilər.
Belə ki, Rusiyanın “Qazprom” şirkəti borcun ödənilməsi üçün Ermənistana noyabra qədər vaxt qoyub. Bu vaxt ərzində Ermənistanın Rusiyaya olan borcunu ödəməsi mümkün görünmür. Buna Ermənistanın mövcud iqtisadi durumu heç bir imkan vermir.
Qeyd edək ki, Ermənistan Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci il may ayının sonunda dövlət borcu təxminən 9 milyard 581 milyon dollar təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 355 milyon dollar və ya 3,8 faiz çoxdur. Daxili borc 18,2 faiz artaraq 3 milyard 047 milyon dollar təşkil edib. Onu da əlavə edək ki, Ermənistanın dövlət borcunun əsas hissəsini, təxminən 70 faizini xarici borclar təşkil edir. Bütün bunların fonunda isə Pelosi Ermənistana 19 milyardlıq sərmayə sözü verib.
Amma bu, sadəcə sözdən ibarətdir, çünki bu sərmayənin gəlməsi üçün İrəvanın qarşısında bir sıra şərtlər var.
Şərtlər isə Ermənistanın KTMT-dən çıxması, Rusiyadan qopmasını ehtiva edir ki, bu da heç bir halda reallıqla ayaqlaşmır. Məlumatlara görə, Ermənistanda olan bütün sənayə müəssisələri borc müqabilində rusiyalı iş adamlarına verilib və ya satılıb. Ermənistan iqtisadiyyatı Rusiyanın əlindədir. Bütün bunları nəzərə alsaq, Ermənistan təkcə “Qazprom”a olan borcunu belə ödəmək imkanında deyil. Əslində hazırda ermənilər Pelosinin səfərinin eyforiyasındadır. Rusiyanın İrəvana təsirlərini və edəcəyi təzyirləqi gözardı edirlər. Bu isə onu deməyə əsas verir ki, Pelosinin səfəri Ermənistanı çətin duruma salacaq. Artıq Rusiya bu istiqamətdə addımlar atmağa başlayıb.
“Qazprom”un borc tələbi, bu gün isə Ermənistanın Moskvadakı səfiri Vaqarşak Harutunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılması Moskvanın qisasının ağır olacağına işarədir. Qeyd edək ki, səfirin XİN-ə çağırılmasının rəsmi səbəbi açıqlanmasa da, bunun ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri və Ermənistanda Rusiya əleyhinə keçirilən etiraz aksiyaları ilə bağlı olduğu bildirilir.
Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında deyib ki, Nensi Pelosi köhnə təxribatçıdır:
“82 yaşlı Pelosi bundan qabaq Tayvana gedərək Çinlə ABŞ-ın münasibətlərini bir xeyli korladı. İndi də İrəvanə gəlib, Ermənistanı Azərbaycanın üzərinə qızışdırır, hansısa Amerika köməyindən dəm vurur. Hətta “erməni soyqırımı”na həsr edilmiş abidənin önündə hıçqırıb ağlayanda da yəqin ki, özünün ermənilərə sevgisini, məhəbbətini nümayiş etdirirdi. Nikol Paşinyanla görüşdə də Azərbaycan əleyhinə fikirlər səsləndirdi və tövsiyə etdi ki, mövqeyinizi müəyyənləşdirin. Yəni KTMT-dən çıxın, ondan sonra ABŞ Ermənistana hər cür kömək göstərəcək. Bunlar nəzərə almırlar ki, Ermənistanda 4 Rusiya bazası var, sərhədini Rusiya qoruyur, sənaye müəssisələrinin hamısı rusiyalı biznesmenlərə verilib. Yəni Ermənistan deyilən ərazidə hər şey Rusiyaya məxsusdur. Ermənistanın Rusiyanın himayəsindən çıxaraq ABŞ-a üz tutması o qədər də asan məsələ deyil. İndi Pelosi gəlib meydan qızışdırır. Məsələn, Pelosi Ermənistanın İncəsənət Muzeyində "Avarair" tablosu qarşısında çıxış edərək ermənilərin farslara qarşı necə vuruşmasından danışır. Bu, açıq şəkildə qızışdırmaqdır. Ermənilər də yaxşı başa düşürlər ki, hazırda ABŞ-ı düşündürən yalnız İrana qarşı hərəkətlərdir. Ona bu bölgədə bir plastarm lazımdır ki, buradan İranı nəzarət altına ala bilsin. Elə İran da buna layiq ölkədir, amma hər halda inanmıram ki, Pelosinin İrəvana gəlişi xeyirxah məqsəd daşısın”.
Politoloq əlav edib ki, bölgədə sülhyaratma prosesi yekunlaşmaq üzrə idi, ABŞ prosesi pozdu: “Sərhəddə toqquşmalar oldu və sülh prosesi maneələrlə rastlaşdı. İndi atəşkəs bərpa olunub, razılaşmaya əməl olunur. Güman edirəm ki, sülhyaratma prosesi yenidən vüsət götürəcək”.
Vilayət Muxtar
Cebhe.info