ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərindən sonra Ermənistanın gələcəyi müzakirə mövzusuna çevrilib.
Belə ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) ayrılmaq ehtimalları güclənib.
Hətta İrəvandakı “Fransa” meydanında Ermənistanın KTMT-dən çıxması tələbi ilə mitinq keçirilib. ABŞ bayraqları ilə İrəvan küçələrinə axışan ermənilər Rusiya və KTMT-də etirazlarını bildirib, Prezident Vladimir Putinin şəkillərini cıraraq, onun üvanına təhqir dolu fikirlər səsləndiriblər. ABŞ da Ermənistana dəstək vəd edib.
Bütün bunların fonunda Rusiya Prezidenti Vladimir Putin İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumunun iştirakçılarına ünvanladığı müraciətdə iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu deyib:
"Rusiya Federasiyası ilə Ermənistan arasında dostluq, əməkdaşlıq davam edir. Ötən müddət ərzində Rusiya və Ermənistan müxtəlif sahələrdə konstruktiv əməkdaşlıqda geniş təcrübə toplayıb, ikitərəfli əlaqələrin yüksək müttəfiqlik səviyyəsinə çatdırılması vacibdir”.
Maraqlıdır, indiki vəziyyətdə Ermənistanın KTMT-dən ayrılması nə dərəcədə realdır?
Cebhe.info-ya açıqlamasında politoloq Natiq Miri bildirib ki, Ermənistanın KTMT-dən ayrılması asan məsələ deyil:
“Nensi Pelosi Ermənistanın KTMT-dən ayrılacağı təqdirdə ABŞ-ın İrəvana dəstək olacağını dedi. Ancaq bu, boğazdan yuxarı, şüar xarakterli və özlərinin siyasi maraqları çərçivəsində verilən açıqlama ola bilər. Çünki bu, o qədər sıradan məsələ deyil. Nəzərə almaq lazımdır ki, Ermənistanın Türkiyə və İranla dövlət sərhədlərini Rusiya qoşunlarını qoruyur. İndiki vəziyyətdə ABŞ öz əsgərlərini həmin sərhədləri qorumağa göndərməyə hazırdırmı? Məsələnin birinci tərəfi budur. İkincisi, İranın öz sərhədlərini ABŞ əsgərlərinin qorumasına razılıq verəcəyi də inandırıcı görünmür. Bu konteksdə İran və Ermənistan arasındakı münasibətləri də düşünmək lazımdır. Çünki Ermənistanın quru yolla əlaqəsi olan iki ölkədən biri İrandır”.
Politoloq bildirib ki, Azərbaycan-Ermənistan sərhədində törədilən təxribatın əsas hədəflərindən və planın tərkib hissələrindən biri də KTMT ilə Rusiyanı çətin vəziyyətdə qoymaq idi:
“Bununla da Ermənistana KTMT-dən çıxmaq üçün siyasi və hüquqi zəmin yaratmaq hədəflənmişdi. Hadisədən dərhal sonra KTMT-yə müraciət olundu. Ümumiyyətlə, onlar əmin idilər ki, müraciət olunsa da, Rusiya və KTMT-nin qoşunlarını Azərbaycana qarşı Ermənistana göndərməyəcək. Bunu bildikləri üçün müraciət etdilər ki, Rusiya və KTMT çətin vəziyyətdə qalsın. Ardınca isə Ermənistandakı bəzi siyasi şəxslər KTMT-ni qeyri-ciddi təşkilat adlandırdı. Əslində bu fikirlərin deyilməsi üçün həmin müraciət olunmuşdu”.
Natiq Miri hesab edir ki, Ermənistanın KTMT-dən ayrılması yaxın zamanda baş verə biləcək hadisə deyil:
“Çünki Rusiya nə qədər zəifləsə də, onun “leş”i yenə də ağırdır. Rusiyanın “leş”ini bölüşdürmək isə Ermənistanın boyunu aşan məsələdir. Ona görə də bir çox məsələlər və geosiyasi hadisələr aydınlaşana qədər İrəvan gözləməkdə davam edəcək. Düşünürəm ki, bu konteksdə Rusiya-Ermənistan danışıqları da davam edəcək. Çünki İrəvanın əsas məqsədlərindən biri də Rusiyanı Ermənistana yardım etməyə vadar etmək idi”.
Elmir
Cebhe.info