Hazırda Ermənistan üzərində nəzarəti ələ almaq, təsir gücünü artırmaq yolunda ABŞ-Rusiya savaşı davam edir.
Həftəsonu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinın Ermənistana səfər etməsi də ABŞ-ın marağından irəli gələn addım kimi qiymətləndirilir. Necə ki, Pelosi səfəri zamanı milyardlıq təkliflərdən danışırdısa, Rusiya da eyni vədlərlə çıxış edir. Belə ki, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, hesablamalarımıza görə, Ermənistanla Azərbaycan arasında dəmir və avtomobil yollarının açılması təxminən 4,5-5 milyard dollarlıq Rusiya sərmayəsinin Ermənistana daxil olması üçün zəmin yaradacaq.
Bunun özü Rusiyadan Ermənistana açıq təklifdir. Maraqlıdır, milyardlıq təkliflərlə çıxış edən Rusiya və ABŞ savaşında Ermənistanı kim "udacaq"?
Cebhe.info-ya açıqlamasında politoloq Samir Hümbətov bildirib ki, Ermənistandakı mövcud hökumətin özü belə Rusiya və Qərb meyilli olmaqla iki yerə bölünüb:
"Bu gün Ermənistan uğrunda Rusiya ilə ABŞ arasında ciddi mübarizə gedir. Təkliflərin arxasında duran əsas məsələ daha cəld tərpənib, daha cəlbedici təkliflər irəli sürüb Ermənistanı öz tərəfinə çəkməkdir. Ordu içərisində olan şəxslərin Rusiyaya meyil etməsi açıq şəkildə görünür. Amma Paşinyan administrasiyası və parlamentin bir qrup üzvünün Qərblə əməkdaşlığa üstünlük verdiyi də görünür. Əlbəttə, Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların qurulması üçün milyardlarla dollar həcmində vəsait lazımdır. Bu vəsaiti ödəmək Ermənistanın imkanları daxilində deyil. Belə baxanda indiki məqamda sanksiyalar altında olan Rusiya üçün də bu qədər maliyyə böyük hesab edilir. Amma yenə də Rusiya xarici siyasət maraqlarına uyğun gəldiyi üçün bu addımı atmaq istəyər ki, Ermənistanda qalıcılığını saxlaya bilsin”.
Həmsöbətimizin fkrincə, Pelosinin səfərindən sonra gözləntilər fərqlidir:
“Bəzi analitiklər bildirirlər ki, Pelosinin səfəri Ermənistan-Rusiya əlaqələrini dayandıracaq. Mən düşünmürəm ki, dayandıra bilər. Çünki Rusiyanın Ermənistanda kifayət qədər təsiri var. Bunu etmək üçün xeyli zaman lazımdır".
Politoloqun sözlərinə görə, Ermənistanda nəzarəti nə Rusiya, nə də ABŞ tam şəkildə ələ ala biləcək:
"Ola bilsin, Paşinyan hökuməti daha çox Qərblə əməkdaşlığa üstünlük versin, amma bu, hələ hər şeyin bitməsi demək deyil. Həmçinin, tam şəkildə Rusiya ilə əməkdaşlıq da edə bilməyəcək. Bundan sonrakı dövr Ermənistan üçün xüsusilə çətin olacaq. Çünki nə Qərbə tam gedə biləcək, nə də Rusiya ilə tam şəkildə əməkdaşlıq edəcək. Çünki hər iki tərəfdən Ermənistana qarşı ciddi təzyiqlər olacaq. Düşünürəm ki, yaxın müddət ərzində nə ABŞ, nə də Rusiya Ermənistanı tam şəkildə təsiri altına ala biləcək. Bölgədə gərginlik daim qalacaq. Çünki prosesləri hər iki tərəf öz nəzarətinə götürmək istəyir. Belə olan halda Ermənistan daxilində xarici qüvvələrə bağlı şəxslərin hərəkətləri intensivləşəcək. Bu, daha çox Ermənistan-Azərbaycan dövlət sərhədinə təsir edə bilər, erməni təxribatının olma ehtmalı çoxdur. Amma Ermənistanın nə qədər itirəcəyini biz təsəvvür edə bilmərik. Çünki proseslər elə gedir ki, Ermənistan hər gün bir az daha itirir".
Naibə
Cebhe.info