Oktyabrın 6-da Türkiyə Prezidentyi Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyanın Çexiyanın paytaxtı Praqada görüşəcəyi gözlənilir.
Bu barədə Türkiyə Prezidentinin özü açıqlama verib. Eyni zamanda, Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan da belə bir görüşün keçiriləcəyini istisna etməyib. Yəni bu məlumat hər iki tərəfdən rəsmi səviyyədə təsdiqlənib. Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyanın Avropa Siyasi Birlyinin Praqada keçiriləcək sammiti çərçivəsində bir araya gələcəyi bildirilir.
Bu, 13 ildən sonra Türkiyə və Ermənistan liderlərinin ilk müzakirəsi olacaq. Qeyd edək ki, 2009-cu ildə Türkiyə Prezidenti Abdulla Gül və Ermənustanın dövlət başçısı Serj Sarkisyan qeyri-rəsmi görüş keçirmişdi. Serj Sarkisyanı iki ölkənin milli futbl komandaları arasında yarışı izələməyə dəvət edən Abdulla Gül onun şərəfinə nahar vermişdi. Məqsəd isə 2009-cu ilin oktyabr ayında imzalanmış “Sürix protokolları” adlanan sənəd əsasında Türkiyə-Ermənistanın münasibətlərinin normallaşmasına nail olmaq idi. Lakin Ermənistanın bu məsələdə düşmənçilik mövqeyindən geri çəkilməməsi tərəflər arasında razılaşmanın baş tutmasına mane oldu. İndi son 31 ildə, yəni SSRi-nin dağılmasından sonra Türkiyə və Ermənistan rəhbərləri ikinci dəfə görüşmək imkanı əldə edib. Münasibətlərdə ciddi normallaşma baş verməsə də, bu, 2009-cu illə müqayisədə tamamilə yeni siyasi şəraitdə mümkün olacaq. Belə ki, artıq Azərbaycan ərazilərinin işğalı faktı aradan qaldırılıb. Ona görə də Ermənistan Türkiyə ilə əlaqələrin bərpası və sərhədlərin açılması ilə bağlı danışıqlar aparır. Hətta tərəflər sərhədlərin üçüncü ölkə vətəndaşlarına açılmasına dair razılıq əldə edib.
Buna baxmayaraq, Ermənistanın sentyabrın 13-də Azərbaycan sərhədlərində xeyli sayda canlı qüvvə itkisinə səbəb olmuş hərbi təxribatı Türkiyə ilə münasibətlərdə gərginliyə səbəb olub. Sentyabrın 17-də isə İrəvana səfər edən ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin “Qarabağ məsələsində Türkiyəyə qarşı dayanan dost Ermənistanın yanında olduğunu” bəyan etməsi normallaşma istiqamətində müşahidə olunan yaxınlaşmaya növbəti zərbə vurub. ABŞ-ın “Ermənistan kartı”ndan istifadə edərək bölgədə vəziyyəti gərginləşdirmək və Türkiyəyə təzyiq göstərmək cəhdləri barışığa olan ümidləri aradan qaldırıb. Bu səbəbdən, münasibətlərdə sabitliyin bərpa olunması Ərdoğan-Paşinyan görüşünün nəticəsindən çox asılıdır.
Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında sözügedən görüşün müsbət nəticə verəcəyinə inanmadığını deyib. Ekspert hesab edir ki, Ermənistan hakimiyyətinin mövqeyinin qeyri-kostruktiv və sabit olmaması sülh prosesinin reallaşmasına mane olur:
“Avqustun 31-də Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin Brüsseldə keçirilmiş görüşü gərginliyi aradan qaldıra bilmədi. Ona görə də Ərdoğan-Paşinyan görüşü də vəziyyəti dəyişməyəcək. Gərginliyə son qoyulması üçün başqa addımlar atılmalıdır, görüşlər keçirməklə kifayətlənmək olmaz. Başqa addımlar atılmaldır. Ermənistan tərəfi konstruktiv təkliflər irəli sürməklə münasibətləri qaydaya sala bilər. Razılaşma olmasa, adi söhbətlə heç nəyə nail olmaq mümkün deyil. Danışıqların potensialı var. Türkiyə və Ermənistan arasındakı münasibətlərdə ikitərəfli danışıqlar formatı tətbiq oluna bilər. Əlbəttə, tərəflərin danışıqlar əsasında ortaq məxrəcə gələ biləcəyinə ümidlər var. Ən azı Türkiyə Prezidenti Ermənistanın Baş nazirini buna inandıra bilər. Amma Ermənistanın siyasətinə nəzər salsaq və bu addımların regiondakı əks-sədasına baxsaq, görərik ki, rəsmi İrəvan öz siyasətinə yenidən baxmasa, danışıqlar ciddi əhəmiyyət kəsb etməyəcək. Azərbaycan və Ermənistan arasında aparılan bütün danışıqlara baxmayaraq, Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir irəliləyiş baş vermir. Yaxud sərhədlərin delimitasiyasına dair komissiya yaradılsa da, Ermənistan hərbi hazırlıq görüb və sərhəddə təxribata əl atıb. Ona görə də bu cür görüşlər nəticə verməyəcək”.
İlqar Vəlizadənin sözlərinə görə, Prezident Ərdoğanla Baş nazir Paşinyanın görüşü baş tutsa belə, bu, ABŞ-ın Ermənistan üzərindən Türkiyəyə təzyiqlərini dayandırmayacaq. Çünki Ermənistan vasitəçi dövlətlərin əli ilə Azərbaycana və Türkiyəyə təzyiq göstərməyə çalışır:
“Ermənistan bir tərəfdən Azərbaycan və Türkiyə ilə danışılar aparır, digər tərəfdən vasitəçilərin əli təzyiq mexanizmlərini işə salmağa çalışır. Paşinyan Brüsseldən qayıdan kimi dərhal Vladivostoka getdi və Putinin əli ilə Azərbaycana təsir göstərməyə çalışdı. Buna nail ola bilmədiklərinə görə indi ABŞ-ın vasitəsilə məqsədlərinə çatmaq istəyirlər. Bu cür siyasətlə heç nəyə nail ola bilməzlər”.
Müşfiq Abdulla
Cebhe.info