Rusiyada səfərbərliyə çağrılan azərbaycanlı: "Rusiya tərəfdən döyüşmək istəmirəm"

23-09-2022, 20:49   



Hava limanı, Bakı, Heydər Əliyev adına aeroport

Cümə axşamı. Heydər Əliyev aeroportu. Rusiyadan Bakıya gələn təyyarələrdən birinin sərnişinləri son yoxlamadan keçib qarşılanma qapısına tərəf gəlirlər. Onları gözləyən izdiham bir az da qapıya tərəf sıxlaşır. Hamı boylanıb öz yaxınını tapmağa çalışır, qısa hal-əhval tutduqdan sonra binanı tərk edirlər.

Tətil mövsümü bitdiyindən aeroportda izdiham yox idi, lakin Rusiyanın müxtəlif əyalətlərindən gələn təyyarələr hər dəfə hava limanına endikdə, aeroport binasındakı qarşılama foyesində izdiham artırdı.

Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra ölkəni tərk edən rusiyalılar vizasız girə biləcəkləri ölkələrə gedirlər - onlardan biri də Azərbaycandır.


Öz yaxınlarını qarşılamaq üçün aeroporta gələnlər Rusiyada baş verənlərdən, qohumlarının onlara danışdıqlarından söz açırdılar.

Biz də imkan tapıb onlardan bəziləri ilə danışdıq, lakin adlarının məxfi qalmasını istədilər.

"Qaçmağa yol axtarırıq"

"Rus vətəndaşı olan azərbaycanlılar canlarını qurtarmağa çalışır. İnsanlar təşviş və çaşqınlıq içindədir, nə edəcəklərini bilmirlər", - Kurqan əyalətindən olan ilk müsahibimiz deyir.

Əslən azərbaycanlı olan bu adam danışır ki, səfərbərlik elan edilən gün gəlməyə çalışsa da, bilet tapa bilməyib. Onun sözlərinə görə, səfərbərlik qərarından sonra aviabiletlərin də qiyməti kəskin bahalaşıb.

"Normal vaxtlarda 8-10 min rubla (240-300 manat) aldığımız biletlər, indi 70-80 min rubla (2000-2400 manat) satılırdı. Bileti çərşənbə günü aldıq, amma cümə axşamı gələndə bilet almaq istəyən azərbaycanlılar dedilər ki, bir istiqamət üzrə biletlərin qiyməti 100-120 min rubla (3000-3600 manat) qalxıb", - Azərbaycan əsilli rus vətəndaşı bildirib.

Moskvadan Azərbaycana gələn 31 yaşlı digər müsahibimiz isə yalnız gəldiyi yeri və yaşını qeyd etməyimizə icazə verir.

O deyir ki, Azərbaycanda hərbi xidməti bitirdikdən sonra iş üçün Rusiyaya gedib. Daha sonra orada avtomobillərin rənglənməsi sənətinə yiyələnib və işləməyə başlayıb. Az müddət sonra isə Rusiya vətəndaşlığı alıb.

"İşimi qurmuşdum, fikirləşirdim ki, Rusiya vətəndaşlığı alsam, daha asan olacaq mənə. Elə də oldu. Amma müharibə başladı. Mən isə Rusiya tərəfdən döyüşmək istəmirəm, ona görə də ölkəni tərk etdim", - o qeyd edib.

Rusiya Prezidenti Vladimir Putinin çərşənbə günü səfərbərliklə bağlı verdiyi qərar çərçivəsində ehtiyatda olan 300 min rusiyalının Ukraynadakı döyüşlərə cəlb edilməsi planlaşdırılır.

Hazırda paytaxt Moskvada yaşayan digər etnik azərbaycanlı Rusiya vətəndaşı BBC Azərbaycancaya müsahibəsində bildirib ki, hökumətin səfərbərlik qərarında yaş kateqoriyası və digər kriteriyalar "dəqiq göstərilmədiyi üçün insanlar çaşqınlıq içərisindədirlər, qaçmağa yol axtarırlar".

səfərbərlik, Rusiya, cəmiyyət, müharibə

ŞƏKLİN MƏNBƏYİ,MIKHAIL METZEL/TASS

Şəklin alt yazısı,

Prezident Putinin müraciətindən sonra ruslar çağırış vərəqələrini almağa gəliblər

"Hər kəsi yığıb aparıblar"

Rusiya hökumətinə yaxın olan media qurumlarının bildirdiyə görə, səfərbərlik üç mərhələdə həyata keçirilir.

Yerli mediaların yazdığına əsasən, ilk olaraq xüsusi hərbi vəzifə təcrübəsi olanlar - atıcılar, tankçılar, artilleriyaçılar, sürücülər və sürücü-mexaniklər çağrılır. İkinci mərhələdə yaşı 35-dən aşağı olan əsgər və çavuşlar, 50 yaşa kimi orta rütbəli, 70 yaşa qədər isə yüksək rütbəli zabitlər səfərbərliyə alınır. Bundan əlavə, hərbi qeydiyyatda olan qadınlar, xüsusilə həkim qadınlar səfərbərliyə cəlb edilib, lakin onların sayı hələlik çox azdır, yerli medialarda qeyd olunub.

Dağıstanda yerli hökumət idarələrinin birində işləyən və adının açıqlanmasını istəməyən Rusiya vətəndaşı isə BBC Azərbaycancaya bildirib ki, onların olduğu ərazidə yaşından və hərbi xidmət vəzifəsindən asılı olmayaraq 50 yaşa kimi hər kəsi "yığıb aparıblar".

"Yararlı, yararsız, hətta kantuziyası olan adamları belə səfərbərliyə alıb, aparıblar, vəziyyət çətindir, burada hər kəs narahatdır", - o, əlavə edib.

"10 il həbs gözləyir"

Kreml administrasiyasına tənqidi mövqe sərgiləyən "Meduza" xə "Xolod" onlayn media resursları isə iddia edir ki, hökumətin səfərbərlik qərarında "gizli bəndlər" mövcuddur.

"Novaya Gazeta" nəşri isə özünün Prezident Administrasiyasındakı mənbəyinə istinadla bildirib ki, səfərbərlik qərarında gizli saxlanılan 7-ci bəndə görə, Rusiya Müdafiə Nazirliyi əslində "bir milyon insanı səfərbərlik xətti ilə hərbi xidmətə cəlb etmək" niyyətindədir.

Kurqan əyalətindən olan digər müsahibimiz də bildirib ki, yaşadıqları ərazidə polislər onun şəxsən tanıdığı üç etnik azərbaycanlı olan Rusiya vətəndaşına da sənədə qol çəkdirib, səfərbərliyə alıblar.

"Əslən azərbaycanlı olan üç taksi sürücüsü var idi. Bizim binanın yaxınlığında dayanırdılar. Dünən axşam tərəfi onlara polislər yaxınlaşdı, əllərində kağızlar var idi. Mən də həmin vaxt balkonda siqaret çəkirdim. Sonra gördüm ki, sürücülərdən biri nəyəsə etiraz edib maşından düşdü getdi o biri sürücülərin yanına. Amma onların da yanında digər polis əməkdaşları var idi. Sonra eşitdim ki, səfərbərliklə bağlı hər üçünə sənəd imzaladıblar. Deyiblər imzalamasanız, 10 il həbs gözləyir", - o, əlavə edib.

səfərbərlik, Rusiya, cəmiyyət, müharibə

ŞƏKLİN MƏNBƏYİ,TASS

Rüşvət iddiaları

Rusiyanın tərkibindəki Mari El Respublikasında yaşayan digər bir azərbaycanlı isə BBC-yə bildirib ki, son günlər əsas yolun üzərində polis əməkdaşları bütün maşınları saxlayıb yoxlayır.

Onun bildirdiyinə görə, polislərdən bəziləri saxladıqları maşınların sahiblərini səfərbərliyə almamaq üçün onlardan pul istəyib.

"Bəziləri 5 min (150 manat), bəziləri 10 min (300 manat), hətta 20 min rubl (600 manat) verdiklərini deyir. Ölkədən çıxanların bəziləri də hər gün işə gedib-gələndə polisə rüşvət verməmək üçün Rusiyanı tərk edirlər", - o əlavə edib.

Bakıya qaçan ruslar

Bakıda müşahidə aparan BBC Azərbaycanın əməkdaşı İlkin Həsənov paytaxtın mərkəzi küçələrində 4-5 nəfərlik qrup halında gəzən ruslarla həmsöhbət olub.

Hərbi xidmətdə olduqlarını deyən rus gənclər səfərbərlik qərarı açıqlanan kimi ölkəni tərk etdiklərini bildiriblər.

"Biz bir-birimizi Bakıda tanıdıq. Orada vəziyyət çox pisdir. Kim hansı ölkəyə imkan düşdüsə qaçır: Misirə, Türkiyəyə və digər ölkələrə. Azərbaycana gəlməyimizin də səbəbi bura uyğun bilet tapmağımız oldu. Əslində mən İstanbula getmək istəyirdim", -- Azərbaycana sığınan ruslardan biri deyib.

O deyib ki, hələlik üç ay Azərbaycanda qalma icazəsi var, lakin sonra nə edəcəyini özü də bilmir.

"Sonra baxacam, ailəliyəm, daimi qalmağa yer tapandan sonra deyəcəyəm yoldaşım və uşaqlarım da yanıma gəlsinlər", - o əlavə edib.

Rusiya prezidentinin səfərbərlik qərarından sonra insanların daha çox orduya cəlb olunduğu regionlarda hökumət əleyhinə etirazlar başlayıb.

Rusiyada insan hüquqlarının vəziyyəti və siyasi təqiblərin monitorinqini aparan OVD-info media layihəsinin bildirdiyinə görə, səfərbərlik əleyhinə keçirilən aksiyalarda 1336 nəfər saxlanılıb. Ukraynadakı müharibənin başladığı 24 fevral tarixindən bugünədək isə müharibə əleyhidarı olan 16 min 500-ə yaxın etirazçı saxlanılıb.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.