İranda bir həftədir davam edən iğtişaşlarda azı 35 adamın həlak olduğu bildirilir. Amma hesab olunur ki, bu, son rəqəm olmaya bilər. Eyni zamanda, ölkə xaricində mənzillənən iranlı hüquq müdafiəçiləri çoxlu həbslərin olduğunu deyirlər.
BBC Azərbaycanca bu məlumatı müstəqil mənbələrlə yoxlaya bilmir.
Əxlaq polisinin hicab qaydalarını pozduğu iddiası ilə saxladığı 22 yaşlı Məhsa Əmininin həbsdən bir neçə saat sonra vəfat etməsi ölkə boyu iğtişaşlara, etiraz aksiyalarına səbəb olub.
Bir həftədir sosial mediada yayılan video görüntülərdə qadınların hicabını, örpəyini yandırdığı görünür.
BBC Azərbaycancaya danışan İran vətəndaşları təhlükəsizlik səbəbi ilə adlarının dəyişdirilməsini istəyiblər.
İranın Xoy şəhərində yaşayan 25 yaşlı Elnaz Şiri etiraz aksiyalarını Təbrizdə müşahidə edib. O, 15-25 yaş arasında olanların, xüsusilə gənc qızların daha fəal olduğunu müşahidə edib.
Aksiyalarda əsas şüar "Qadın, Yaşam, Azadlıq" olub. Etnik azərbaycanlıların çoxluq təşkil etdiyi Təbriz, Urmiya və Ərdəbildə isə həm də "Azadlıq , Ədalət, Milli hökumət" şüarları səslənib.
Elnaz Şiri BBC News Azərbaycancaya deyir ki, o, məcburi hicaba qarşıdır: "Biz 3 bacıyıq və valideynlərimiz, xüsusilə atam bizi çox azad ruhlu və özünəinamlı yetişdirib. Bizim ailədə hicablı olmaq və ya olmamaq heç zaman problem olmayıb".
Elnaz Şiriyə görə, hicab geyinib-geyinməmək hər kəsin öz ixtiyarına buraxılmalıdır. "Rejim hicabı insanlara təhqir və silah kimi istifadə edir. Ona görə insanlarımız arasında din və hicaba qarşı həssaslıq və hətta nifrət çoxalıb".
O, bir gənc kimi ölkənin dini qayda-qanunlarla yox, dünyəvi qanunlarla idarə olunmasını istəyir və ümid edir ki, hazırkı hakim sistem bir gün dəyişəcək və burda qadınların rolu böyük olacaq: "Son günlərdəki aksiyaları dəstəkləyirəm və azadlıq üçün əlimdən nə gəlsə, etməyə hazıram".
Tehrandan olan 32 yaşlı Ramin Şikari universitet məzunu olsa da, hələ ki, özünə iş tapmayıb. Onu həm də sosial problemlər bu aksiyaları dəstəkləməyə meyilləndirib. "Qızlarımız tarix yazır" desə də, Ramin ümidsizdir: "Təəssüf ki, bu ölkədə yaşamaq üçün heç ümid qalmayıb".
O düşünür ki, mütləq xaricdən dəstək olmalıdır ki, İrandakı mövcud siyasi sistem dəyişsin. Amma o hesab eləmir ki, indiki hadisələrin arxasında kimsə dayanıb: "Uzun sözə gərək yoxdu, ya cəllad molla rejimi getməlidir, ya da biz".
Baş verən iğtişaşlar Təbrizdə yaşayan 61 yaşlı Məryəm Səlatini qorxudur. Xüsusilə 32 yaşlı oğlunu bu qarışıqlıqdan uzaq tutmağa çalışır: "Oğlumun atasının ruhuna and verərək evdə saxlamışam bu günlər. Mollalar vəziyyətlərini təhlükədə görsələr, heç İmam Hüseynə belə rəhm eləməzlər. İnsan özünü böyük zindanda hiss edir".
Təqaüddə olan keçmiş tibb bacısı Məryəm ölkədə vəziyyətin ağırlaşdığını deyir: "Kaş bu rejim gedə, amma bunlar milləti qırmadan getməzlər. Bunlar [hakimiyyət] tük görsəndi deyə adam öldürürlər. Ancaq mən şəxsən istərdim hamı necə istəyir, elə olsun. Bakıda, Türkiyədə xanımların başı açıqdır, nolur ki? Bu mollaların fikri xarabdır".
İran hakimiyyəti bu aksiyalara rəsmi münasibət bildirməyib. Ölkə Prezidenti İbrahim Rəisi BMT-nin 77-ci sessiyasındakı çıxışında Məhsa Əminin ölümündən "üzüldüyünü", hadisənin araşdırılması üçün "şəxsən göstəriş" verdiyini deyib.
Cümə günü Tehranda və İranın bir sıra başqa şəhərlərində cümə namazından çıxan bəzi şəxslər "Qurani-Kərimi təhqir edənləri, məscidləri yandıranları, eləcə də qadınların İslami geyim tərzini təhqir edənləri qınayıblar", - İRNA xəbər agentliyi yazıb.
Onlar Məhsa Əmininin polis nəzarətində ölməsinə etiraz edənlərə cavab olaraq "Polis, sağ olun, sağ olun" şüarları səsləndiriblər, BBC Farsca yazıb.
Tehrandakı yürüş iştirakçıları "Amerikaya ölüm", "İngiltərəyə ölüm" və "Ya Xamenei cihad əmr etsə" kimi şüarlar da səsləndiriblər.
Hakimiyyətə dəstək aksiyasında iştirakçılar iğtişaşların arxasında "xarici düşmənlərin" durduğunu iddia ediblər və məhkəmə sistemindən etiraz aksiyalarına qoşulanlara qarşı "qətiyyətli hüquqi addım" atmasını istəyiblər.
İstanbulda yaşayan İran azərbaycanlısı, tarixçi Məhəmməd Rəhmanifər hesab edir ki, ölkədə baş verənlər pərakəndədir və hər hansı vahid mərkəzdən idarə olunmur və olunacaq fazaya da keçməyəcək. O bunu İranda yaşayan etnik xalqların "bir-birilə ixtilafları" və fürsət yarandıqda "mərkəzi hakimiyyətin mütləqiyyətinə" etiraz etmək istəyində görür.
Ölkədə vəziyyətin həssas olduğunu deyən Məhəmməd Rəhmanifər hesab edir ki, gənc bir qızın hicabı İslami qaydada taxmaması bəhanəsi ilə həbs edilməsi və ölümü, sadəcə bir qığılcım oldu: "Düzdür, buna görə də qadınlara qarşı zorakılığa və hörmətsizliyə son verilməsi üçün etirazlar başlandı, lakin unutmaq lazım deyil ki, bu çoxmillətli ölkədə yaşayan millətlərin fərqli meylləri və tələbləri var. Başqa sözlə, İranın daxili məsələlərinə baxanda ona bütünlük mahiyyəti daşıyan bir vahid kimi baxmaq olmaz. Daha doğrusu, qeyd etmək lazımdır ki, bu ölkədə yaşayan millətlər hər fürsətdən istifadə edərək mərkəzi hakimiyyətin mütləqiyyətinə etiraz edirlər".
Məhəmməd Rəhmanifər deyir ki, son hadisələrdə İran Azərbaycanında etiraza çıxanlar qadın hüquqlarına hörmətlə yanaşmağın vacibliyini vurğulamaqla yanaşı, həm də öz milli şüarlarını səsləndirdi: "Məsələn, bütün etirazlar İran boyu eyni zamanda başlamış olsa da, "Azadlıq, Ədalət, Milli Hökümət" şüarı yalnız Cənubi Azərbaycanda səsləndi".
O, bunun səbəbini insanların 1945-1946-cı illərdə mövcud olmuş milli hökuməti unutmamaları ilə izah edir.
Amma Məhəmməd Rəhmanifər aksiyaların bir neçə gündür ki, davam etməsinə baxmayaraq, uzun çəkməyəcəyini düşünür.
"Çünki hakimiyyət etirazları yatırmaqda heç bir tərəddüd etmədiyini və bütün gücü ilə etirazçıları sıxışdırdığını və lazım gələrsə, minlərlə insanı qətlə yetirdiyini dəfələrlə nümayiş etdirib. Başqa bir problem də odur ki, bu etirazlar hər kəs tərəfindən qəbul edilən bir təşkilat və ya mərkəzi şura tərəfindən idarə olunmur, əslində daha çox xalq etirazları formasında olur. Hətta İranda yaşayan millətlər də bir-birləri ilə olan ixtilaflarına görə bu etirazları koordinasiyalı şəkildə həyata keçirə bilmirlər".
Məhəmməd Rəhmanifər hesab edir ki, əvvəlki etirazlar kimi, çox ehtimal ki, bu etirazlar da "qanlı şəkildə yatırılacaq", amma nə qadınların insan haqlarına nail olmaq, nə də İranın "mərkəzi hökumətinin müstəmləkəçiliyindən xilas olmaq" cəhdləri dayandırılacaq.