Müharibəni kimlər başlatdı? - "Bütün günah dünya erməniliyinin üzərindədir"

26-09-2022, 13:20   


Müharibəni kimlər başlatdı? - "Bütün günah dünya erməniliyinin üzərindədir"

Sentayabrın 27-də İkinci Qarabağ savaşının başlamasının 2 ili tamam olur.

Müharibədən əvvəlki dövrə nəzər saldıqda, savaşın başlamasını şərtləndirən səbəblər açıq şəkildə görünür. Xüsusilə də münaqişənin güc yolu ilə həll olunmasını qaçılmaz edən beynəlxalq riyakarlıq, ikili standarlar, dünyanın susqunluğu müharibənin başlamasını şərtləndirdi.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı.

Eyni zamanda, BMT Təhlükəsizlik Şurası özünün qəbul etdiyi 4 qətnamənin icrasında maraqlı olmadı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəsləndi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Nəticədə Azərbaycan bu qətnamələri özü icra etməyə məcbur qaldı ki, bu da müharibəni yaradan səbəblərin başında gəlir.

Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. Bu dövr ərzində isə Ermənistana qarşı heç bir təzyiq riçaqlarından istifadə olunmadı, əksinə bu və ya digər şəkildə dəstək göstərildi.

Deputat Elman Nəsirov məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında müharibənin başlama səbəblərindən danışıb:

“27 sentyabrda artıq İkinci Qarabağ müharibəsinin başlamasından iki il ötür. Bu ikiillik zaman kəsiyində Vətən müharibəsinin başlamasına gətirib çıxaran səbəblərə diqqət yetirdikdə, bir daha əmin oluruq ki, beynəlxalq birlik bu münaqişəyə görə cavabdehlik daşıyan tərəflər istəsəydilər regionda belə ağır müharibə olmaya bilərdi.

Dinc yolla, sülhlə, dəyirmi masa arxasında bu münaqişə həllini tapardı. 1992-ci ilin mart ayının 24-də 11 dövlətin iştirakı ilə ATƏT-in Minsk qrupu yaradılarkən əsas ümid onunla bağlı idi ki, bu qurum və onun tərkibində yaradılan həmsədrlik institutu Qarabağ münaqişəsinin həllinə nail ola biləcək. Təəssüf ki, ATƏT-in Minsk qrupu bu münaqişəni nəinki həll etmədi, 30 il ərzində yalnız münaqişənin hərbi yolnan həllinin olmaması mövqeyindən çıxış etdi.

Əslində isə ermənilərin bu münaqişəni dondurulmuş hala çevrilməsi üçün bütün mümkün olan addımları atdı. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı da dəfələrlə qeyd edib ki, biz əvvəllər ATƏT-in Minsk qrupunun səmimiliyinə inandıq. Güman etdik ki, onlar əgər bu münaqişənin hərbi həll yolunu görmürlərsə, dinc yolla həllini düşünürlərsə, yəqin, bu potensialı görürlər. Sonralar isə məlum oldu ki, bu, əslində belə deyil. 

Ali Baş Komandan isə dəfələrlə münaqişənin dinc yolla həlinin mümkün olmadığını qarşı tərəfə bildirib. Hər dəfə də inandırmağa çalışıblar ki, belə deyil. Hadisələrin sonrakı inkişafı da göstərdi ki, cənab Prezident nə qədər düzgün və prinsipial mövqedə olub. Sadəcə, beynəlxalq birlik çalışıb ki, Azərbaycan hərbi yolla bu münaqişəni həll etməsin. Çünki doğurdan da yeganə çıxış yolunun hərbi yol olduğunu onlar da bilirdilər. Deməli onlar erməni mənafeyinin keşiyində dayanmışdılar”.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2020-ci ildə müharibənin başlanmasından bir neçə gün əvvəl BMT Baş Məclisinin sessiyasında çıxış edərək Ermənistanın ciddi cəhdlə müharibəyə hazırlaşdığı ilə bağlı beynəlxalq birliyə xəbərdalıq etdi:

“Onun qarşısı alınmasa, aqressora “dur” deyilməsə, regionda çox böyük müharibə alovu yaranacaq. Amma yenə də beynəlxalq birlik özünü görməzliyə qoydu və 27 sentyabrda Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu hücuma keçdi. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin əks hücumu başladı. Ondan sonra Vətən müharibəsi başladı. Hesab edirəm ki, bu müharibədə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bütün məsuliyyət dünyadakı, xüsusilə də ABŞ və Fransadakı erməni lobbisinin, dünya erməniliyinin üzərindədir. Eyni zamanda beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupu institutunun üzərinə çox böyük məsuliyyət düşür ki, onlar öz missiyalarını nəinki yerinə yetimədilər, əksinə işğalçının öz təcavüzkar siyasətini davam etdirmək üçün münbit şərait yaratdılar”. 

Elman Nəsirov bildirib ki, müharibənin başlamasında BMT Təhlükəsizlik Şurasının üzərinə böyük məsuliyyət düşür:

“Bu gün BMT nüfuzdan düşməsini şərtləndirən əsas səbəblərdən biri odur ki, öz qərarlarına, qətnamələrinə selektiv yanaşır, bəzilərini dərhal icra edir, bəzilərinə isə susur, laqeyidlik nümayiş etdirir. Yəni özü öz nizamnaməsinin şərtlərini pozur. BMT nizamnaməsinin 51-ci maddəsində göstərir ki, ərazisi təcavüzə məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ var. Bizim bu hüquqdan istifadə etməyimizə hər zaman mane olublar.

Eyni zamanda BMT nizamaməsinin 25-ci maddəsində isə göstərilir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası icbaridir, məcburidir, mütləq yerinə yetirilməlidir. Əgər belədirsə, o zaman niyə qəbul etdikləri 4 qətnaməni icra etməyiblər? Niyə 25-ci maddənin tələbləri pozulub? Bu, ikili standartlardır və biz bundan çox əziyyət çəkmiş dövlətik. Bu ikili standartlar isə regionda İkinci Qarabağ savaşının başlamasını şərtləndirən səbəblərdən biri oldu”.

Deputat sonda əlavə edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yenilməz ordusu və arxasında dayanan xalq tarixi zəfərə imza atdı:

“Torpaqlarımız işğaldan azad olundu. Tarixi ədaləti bərpa etdik, yeni reallıqlar yaratdıq. Yeni reallıqlarda isə Azərbaycan qalib tərəfdir, Ermənistan isə məğlub dövlət kimi kapitulyasiya statusuna düşüb.

Təəssüf ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də 44 günlük müharibədəki biabırçı məğlubiyyətindən nəticə çıxarmayıb. Çıxarsaydı, Azərbaycanın növbəti antiterror - “Qisas” əməliyyatı baş verməzdi. “Qisas” əməliyyat yenə də Ermənistanı miskin duruma saldı. Laçın şəhəri və eyni zamanda Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi təmin edildi.

Eyni zamanda sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan növbəti irimiqyaslı təxribata əl atdı. Nəticədə Ermənistanın məğlub, ağ bayraq qaldırmış silahlı qüvvələri çox sarsıdıcı zərbə aldı. Hesab edirəm ki, özlərinin xarici himayədarlarına arxalanıb yenə də suyu bulandırmaq siyasəti həyata keçirirlər. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri və səsləndirdiyi bəyanatlar, Azərbaycanı aqressor kimi təqdim etməsi, Amerikanın ermənilərə silah yardımı etməyə belə hazır olduğu şəklindəki mövqe yenə də Ermənistanda arxayınlıq yaranmasına gətirib çıxarır. 

Bu da postmüharibə dövründə həllini gözləyən məsələlərin tənzimlənməsi yolunda ciddi bir maneəyə çevrilir. Amma daim dəyişməz bir həqiqət var, Azərbaycan bu gün o qədər güclüdür ki, heç kim Azərbaycanın qarşısını ala bilməz. Cənab Prezidentin də dediyi kimi, nə telefon zəngləri, nə bəyanatlar, nə də digər yanaşma və mövqelər Azərbaycanı tutduğu haqq yolundan çəkindirə bilməz”.

Vilayət Muxtar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.