Ukrayna müharibəsində uğursuzluğa düçar olan Rusiya Prezidenti son kozırlarından biri kimi qismən səfərbərlik elan etmək məcburiyyətində qaldı. Ancaq görünən odur ki, Rusiya ictimaiyyəti bütün vasitələrlə bu səfərbərlikdən yayınmağa çalışır. Bununla yanaşı, hələ elan olunan üç yüz min insanın toplanması ordunun güclənəcəyi anlamına gəlmir. Əksinə, intizamsız, döyüş ruhu və təcrübəsi olmayan bu başıpozuq birləşmələr daha böyük problemlər yaradacaq.
“AzPolitika.info” xəbər verir ki, Ukraynanın ”Apostrof.ua” saytı sözügedən məsələylə bağlı “Səfərbərliyin yaratdığı psixoz vəziyyəti: Putin Rusiyanı hara aparır?” başlıqlı məqalə dərc edib. Həmin məqalənin tərcüməsini təqdim edirik:
“Rusiyada qismən səfərbərlik elan olunmasından sonra ölkədə zorakılıq halları tüğyan etməyə başlayıb. Son günlər İjevsk şəhərində terror aktı törədilib, İrkutsk vilayətində hərbi komissar güllələnib, xeyli sayda hərbi komissarlıq yandırılıb, səfərbər edilənlər arasında kütləvi dava-dalaş, bir-birinə qarşı bıçaqlı hücumlar olub. Görəsən, Putinin bu səfərbərlik kampaniyası necə nəticələnəcək?
Putin gələcək perspektivdən qorxur, çünki o, blitskriqin baş tutmadığını gördü və indi isə Ukraynanın artıq işğal edilməsinin mümkünsüzlüyünü başa düşür. Yeddi ayda heç nə alınmadı. Ona görə də səfərbərlik elan edilib. Ruslar bu üsulla itkiləri kompensasiya etməyə çalışırlar, çünki könüllülər, məhbuslar hesabına həyata keçirilən gizli səfərbərlik heç bir fayda vermədi.
Putinin qanlı ideyaları uğrunda döyüşmək istəyənlərin sayı gözləniləndən az olub. Amma itkilərin yerini doldurmaq lazımdır. Beləliklə, açıq səfərbərlik yoluyla müharibəyə yola salmaq üçün əsgər yığmağa başlayıblar.
Səfərbər olunanlara silah verilməsinin özü rejim üçün ciddi təhlükə təşkil edir. Onlar ən azından ölkədəki vəziyyəti qarışdıra bilərlər. Səfərbərliyə qarşı etirazlar, hərbi komissarlıqlardakı qanlı hadisələr bunu aydın göstərir.
Bu etirazlara reaksiya vermək lazımdır. Hazırda vəziyyət elə həddə gəlib çatıb ki, onsuz da məhdud olan daxili resurslar belə şeylərə sərf edilir. Amma Kreml nə etdiyini anlamamış deyil, onların başqa çıxış yolları yoxdur.
İjevsk şəhərində baş vermiş terror hadisəsinə tamamilə başqa prizmadan yanaşmaq lazımdır. Demək olar ki, Rusiyadakı bütün neofaşist təşkilatlar Federal Təhlükəsizlik Xidmətinin təsiri altındadır. Neonasist qrupların məhz dövlət qurumları tərəfindən dəstəklənməsi ilə bağlı çoxsaylı hallara rast gəlinir.
Məsələn, Rusiya Avropa və Ukraynanı neonasist təbliğatını yaymaqda ittiham etsə də, Sankt-Peterburq yaxınlığındakı “Partizan” hərbi düşərgəsində Rusiya neonasist hərəkatının nümayəndələrinə hazırlıq keçirlər.
Sözügedən düşərgə “Rusiya imperiya hərəkatı”nın himayəsi altındadır və bu hərəkata tamamilə FTX nəzarət edir. Orada millətçilər şəhər döyüşləri, terror aktlarının törədilməsi, partlayıcıların yerləşdirilməsi və bu kimi digər işləri öyrənirlər. Bu düşərğədəkilərin əksəriyyəti təlimləri bitirdikdən sonra “Vaqner” özəl hərbi birliklərinə qoşulurlar ki, o da FTX-nin filialı sayılır.
Yəni, Rusiya güc strukturları terror aktı törətmək üçün, psixoloji təsir altında olan İjevskdəki casusunu aktivləşdirə bilərdi. Rusiya xüsusi xidmət orqanları lazım gəldiyi təqdirdə insanların mənəvi-psixoloji vəziyyətinə təsir göstərməyi bacarırlar. Onlar bunu nə üçün etdilər? Neonasistlərin Rusiya üçün real təhlükə olmasını göstərməyə və bununla da milləti bu cür düşmənlərə qarşı birləşdirməyə çalışırlar. Ancaq bu neonasistlərin necə yetişdirildiyi barədə təfərrüatlı danışmaq istəmirlər. Bəllidir ki, sonradan baş verən hadisəni hansısa ukraynalı və avropalı neonasist təşkilatının adına yamayacaqlar. Axı, Rusiya füreri boş yerə səfərbərlik elan etməyib, vətəni qorumaq lazımdır!
Amma istədiklərinin əksinə olaraq, bu cür terror aktından istifadə edərkən Rusiya hakimiyyəti yalnız hər hansı marjinal kiçik qrupa təsir göstərə bilər. Rusiya xalqı tədricən baş verənlərin mahiyyətini dərk edir.
İndi elə vəziyyət yaranıb ki, Rusiyadan qaçan rusların sayı səfərbərlik zamanı toplanılacaq rusların sayını ötüb. Belə görünür ki, Rusiyada qismən səfərbərlik yox (ruslar kinayə ilə səfərbərliyə “moqilizasiya” deyirlər, “moqila” rus dilində qəbir deməkdir), iri miqyaslı mühacirət başlayıb. Bu, cəmiyyətin yaşam tərzinə, iqtisadiyyata ağır təsir göstərir. Baş verənlərdən belə qənaətə gəlmək olar ki, Rusiya hakimiyyəti öz hərəkətləri ilə ölkəni xaosa yaxınlaşdırır.
Səfərbər olunanlar arasındakı dava-dalaş, sərxoşluq, komandanlığa tabe olmamaq və digər neqativ hallar kütləvi surətdə yayılır. Onlar intizamın nə demək olduğunu bilmirlər, səfərbər edilənlərin döyüşmək üçün heç bir təməl vərdişləri yoxdur. Biz bunları açıq mənbələrdən, sosial şəbəkələrdən görürük və bu, hələ başlanğıcdır. Belə hadisələr döyüş zonasında da davam edəcək.
Mənəvi və psixoloji cəhətdən heç bir motivasiyası olmayan bu kütlənin döyüş meydanında nə edəcəyini təsəvvürünüzə gətirin. Kifayət qədər ərzaq, hərbi geyim, yataq və silahla təchiz edilməyən bu kütlə müharibədə ortalığı bir-birinə qatacaq. Bu xaotik başıpozuq kütlədən artilleriyaçı, tankçı, kəşfiyyatçı, rabitəçi kimi yox, piyada kimi istifadə ediləcək.
Səfərbərliyə getməklə Putin səhvə yol verib. Belə xaotik və drammatik hadisələrlə müşayiət olunan səfərbərlik nəinki müharibəni bitirə, hətta Rusya Prezidentinin həyatına son qoya bilər”.
Vaqif Nəsibov
“AzPolitika.info”