Bu gün Rusiya Prezidenti Kremldə Ukraynanın 4 bölgəsinin ihlaq edilməsi mərasimindəki çıxışında Qərbə meydan oxuyub.
"Dörd bölgə öz qərarını verdi. Gördüyünüz kimi, bu, milyonların açıq seçimidir. Bu, insanların öz müqəddəratını təyin etmək hüququdur. Bu, BMT Nizamnaməsinin maddələrində var. Qərbin məni eşitməsini istəyirəm; Donetsk, Luqansk, Xerson və Zaporojye xalqları indi bizimdir. Biz bunu müzakirə etməyəcəyik və geri çəkilməyəcəyik. Kiyev rejimi də bunu qəbul etməlidir, yalnız o zaman sülh əldə oluna bilər", - Kreml rəhbəri vurğulayıb.
Maraqlıdır ki, o, vurğunu 4 bölgənin “xalqları” üzərinə salıb, “ərazisi bizimdir” deməyib. Bu, qəribədir. Rusiya faktiki olaraq, bu 4 bölgəni işğal edib, bu gün isə ilhaq prosesinə başlayıb. Amma Putin "Qərbin məni eşitməsini istəyirəm; Donetsk, Luqansk, Xerson və Zaporojye xalqları indi bizimdir", deyir. Bu, Putinin gələcək üçün manevr meydanı saxlamaq cəhdidirmi?...
Putin daha sonra qeyd edib ki, Sovet İttifaqı artıq yoxdur, keçmişdir, bu reallıq dəyişdirilə bilməz: "Bu gün Rusiyanın da buna ehtiyacı yoxdur. Dəhşətli 1990-cı illəri xatırlayırsınız. İndi Rusiya yenidən doğuldu və gücləndi. Rusiyanın gücləndiyini görən Qərb “biz onu yenidən necə məhv edə bilərik” axtarışına çıxdı. Qərb bizim azad və müstəqil olmağımızı deyil, müstəmləkə edib qul olmağımızı istəyir. Bizim gücümüz Qərb üçün təhlükədir. Qərb elitası təkcə beynəlxalq hüququ pozmur. Mən onlara soyqırımı və köləliyi xatırlatmaq istərdim. Biz 20-ci əsrdə qapılarımızı yeni xalqlara açdıq. Rusofobiya səbəblərdən biri də Qərb elitasıdır. Biz onların istədiyi kimi hərəkət etmədik”.
Putin nüvə silahından istifadə ilə bağlı da danışıb. "Qərb azadlıq və demokratiyadan danışır. Birqütblü yanaşma öz ritorikasına görə ziddiyyətlidir. ABŞ iki dəfə nüvə bombasından istifadə edən yeganə ölkədir", - deyib.
Ukrayna taxılının kasıb ölkələrə getmədiyini qeyd edən Putin, “ABŞ-ın tərəfdaşları sakit oturan qullara bənzəyirlər: "Deyirlər, biz kasıb ölkələrə Ukraynadan ərzaq verməliyik. Lakin onlar bu qidaları öz ölkələrinə aparırlar. Onlar bu faciədən rəqiblərini və digər ölkələri zəiflətmək üçün istifadə edirlər".
Rusiya lideri “Şimal axını” boru kəmərlərində baş verən partlayışlara görə Britaniyanı ittiham edib: "Sanksiyalar anqlosakslar üçün kifayət etmədi, onlar indi də terrora keçiblər. İnanmaq çətindir, onların “Şimal axını” beynəlxalq qaz kəmərindəki partlayışları təşkil etdiyi bir faktdır”.
Rasim Əliyev
"AzPolitika.info"