Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“RUSİYA AZƏRBAYCAN VƏ TÜRKİYƏ İLƏ QARŞIDURMA İSTƏMİR” – “Bu, Azərbaycan üçün yaxşı məqamdır...”

4-10-2022, 08:23   




Rusiyanın Ukraynaya hücumu fonunda Qafqazda geosiyasi güc balansı dəyişir. Bəzi erməni təhlilçilərin fikrincə, 12-14 sentyabrda baş verən hərbi toqquşmalar Rusiyanın Ermənistanın köməyinə gəlib-gəlməyəcəyini yoxlamaq üçün bir test idi. Son hadisələr həqiqətən də Ermənistanın nə qədər zəif olduğunu hər iki tərəfə nümayiş etdirdi.

Ermənistanda Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan deyir ki, baş verənlər sadəcə Ermənistana qarşı deyildi: "Bu hücumlar Rusiyanın maraqlarına meydan oxumaqdır”.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərindən sonra Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Nyu Yorkda Dövlət katibi Entoni Blinkenlə görüşüb sülh danışıqlarını müzakirə ediblər.

2020-ci ildə atəşkəs Rusiyanın vasitəçiliyi ilə əldə olunmuşdusa, hazırda iki ölkə arasında dialoqu təmin etmək üçün ABŞ və Aİ, xüsusən də Avropa Dövlət və Hökumət Başçıları Şurasının Prezidenti Şarl Mişel daha çox təşəbbüs göstərir. "Müharibədə heç kim köməyimizə gəlmədi. İndi insanlar soruşur ki, Rusiya nəyimizə lazımdır... Bu, Azərbaycan üçün yaxşı məqamdır. ABŞ, Britaniya və İranın başları qarışıqdır”, - bunu isə İrəvanda yerləşən “Qafqaz İnstitutu” adlı beyin mərkəzinin təhlilçisi Aleksandr İsgəndəryan deyib. O bildirir ki, Azərbaycanın "məcburedici diplomatiyası" Ermənistanı çətin durumda qoyur: Yəni, ya tələblərimizlə razılaş, ya da yeni hücumlarla üzləş.

"Həm Rusiya, həm də Aİ-nin münaqişənin həlli, o cümlədən Qarabağın gələcək statusu ilə bağlı sülh sazişləri hazırladığı bildirilir. Zəif Ermənistanın indiki durumda bu danışıqlara hansı rıçaqlarla qatılacağı aydın deyil. Azərbaycanın tələblərinə – mövcud atəşkəsin sülh sazişi ilə əvəz edilməsi və Zəngəzur dəhlizinin açılması şərtlərinə razılaşmaq Ermənistanda əhali tərəfindən müsbət qarşılanmayacaq", - o vurğulayır.

"Hal-hazırda özümüzü kiçik və düşmənlər arasında sıxışdırılmış hiss edirik. Türkiyə ilə sərhədlərimiz bağlıdır, Azərbaycanla isə müharibədəyik”. Bunu isə erməni jurnalist Tatev Hovhannisyan deyir. İrəvanda yerləşən Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzinin təsisçi direktoru Benyamin Poğosyan isə bildirir ki, KTMT-nin adət halını almış fəaliyyətsizliyinə rəğmən Ermənistanın bu qurumdan rəsmən çıxması ehtimalı çox aşağıdır. "KTMT-ni tərk etmək Rusiya tərəfindən düşmənçilik hərəkəti kimi qəbul olunardı. İran da bunu qərbyönlü jest kimi görərdi. Nəticədə, Ermənistanın yeganə dost qonşusu da ondan təcrid olunardı”, – o deyir.

Erməni siyasi təhlilçi Tiqran Qriqoryan isə deyir ki, KTMT-nin yanvarda Qazaxıstan rəhbərliyinə kömək üçün bu ölkəyə ordu göndərməsi, ancaq Ermənistana yardım etməməsi faktı erməniləri daha çox qəzəbləndirməyə başlayıb: "KTMT-nin bütün üzvləri Qazaxıstana ordu göndərdi. Putinsə bu addımı regionda “rəngli inqilabın” qarşısının alınması adlandırdı. Nəzərə alınmalıdır ki, KTMT-nin yalnız xarici hücuma məruz qalan suveren əraziyə kömək etmək öhdəliyi var. Rusiyanın Ermənistanın dadına çatmamasının daha bir səbəbi onun Qərb sanksiyaları fonunda Türkiyə və Azərbaycandan get-gedə daha çox asılı olması ola bilər. Hətta Putinin Ukraynaya hücumundan əvvəl Azərbaycan və Rusiya prezidentləri iki ölkə arasında diplomatik və hərbi əməkdaşlığı dərinləşdirən geniş saziş imzalamışdılar. Qərb bunu anlamır. Azərbaycanın Rusiya ilə daha sıx əlaqələri var. Azərbaycan Rusiyanın ondan asılılığını anlayır. Rusiya Azərbaycan və Türkiyə ilə qarşıdurma istəmir. Rusiya Azərbaycanın qarşısını almağa nə qadirdir, nə də bunu istəyir”.

Rasim Əliyev

"AzPolitika.info"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar