Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məktəb-repetitor zənciri: məktəbdən əlavə məşğələyə niyə ehtiyac var?

5-10-2022, 12:05   




məktəb

ŞƏKLİN MƏNBƏYİ,BAKUOXFORDSCHOOL

Azərbaycanda başlayan yeni tədris ili bir çox valideyn, şagird üçün həm də repetitor, dərsdən kənar hazırlıq məsələlərini aktuallaşdırır. 

Azəbaycanda repetitor - əlavə məşğələ hazırlığı son 20 ildə geniş yayılıb; bunu təkcə Bakıda yox, elə digər şəhər və rayonlarda da ictimai yerlərdə, sosal şəbəkələrdə yayılan elanlardan da görmək olar. Əgər hazırlıqlar 10-15 il əvvəl daha çox yuxarı sinifləri əhatə edirdisə, indi bu, aşağı sinifləri də əhatə edir. 

Hərçənd, ibtidai sinif şagirdləri əlavə məşğələdə növbəti günün dərsini hazırlayırsa, orta və yuxarı sinif şagirdləri üçün mənzərə fərqlidir: onlar məktəbdən sonra getdikləri repetitorda fərqli mövzuda dərs keçirlər və evdə həm məktəbdə tədris fənlərini, həm də məşğələdə aldıqları tapşırıqları etməli olurlar.

“Məktəbdən sonra repetitor” zəncirini nə zəruri edir?

BBC News Azərbaycancaya danışan valideynlərin bəziləri hesab edir ki, şagirdlərə keçirilən dərs proqramı ilə imtahanda onların qarşısına çıxan suallar arasında “uçurum” olduğundan, əlavə məşğələlərə ehtiyac yaranır. Bəzilərinə görə, çoxşagirdli sinifdə dərsi mənimsəmək çətin olur, ona görə də repetitor yardımından istifadə etməli olurlar. 

BBC-yə danışan müəllimlərin müşahidəsinə görə, buraxılış və qəbul imtahanları dərsliklərə uyğun olsa da, suallar nisbətən çətin qoyulur və cavablandırmaq üçün “mükəmməl bilik” sahibi olmalısan. 

Dövlət İmtahan Mərkəzi (DİM) test suallarını bütün imtahan iştirakçılarının bacarığına uyğun, yəni aşağı, orta və yüksək qabiliyyət səviyyələrinin ölçülməsinə imkan verən şəkildə hazırladığını bildirir.

Təhsil Nazirliyi hesab edir ki, repetitorsuz da ali məktəb qazanan şagirdlər az olmayıb, amma daha dərinləşdirilmiş tədris almaq, proqramları daha dərindən mənimsəmək üçün əlavə hazırlığa ehtiyac yaranır.

“1-ci sinifdən bəri əlavə müəllim tuturam”  

Bakıda yaşayan, oğlu 9-cu sinifdə oxuyan Fatimə Atakişiyeva övladına birinci sinifdən bəri əlavə müəllim tutur:   

 “Ev tapşırıqlarını etmək üçün əlavə repetitor tutmuşdum, növbəti dərsin tapşırıqlarını məktəbdə həmin müəllimlə birlikdə edirdilər. Bu gün oğlum artıq 9-cu sinifdədir, mən hələ də əlavə müəllim tuturam. Hazırda riyaziyyatdan məşğələyə qoymuşam, Azərbaycan dili və ingilis dilindən də müəllim tutacağam”.   

Fatimə Atakişiyeva deyir ki, əgər əlavə repetitor tutmasa, oğlu orta məktəbdə keçirilən dərslərlə 9-cu sinfin buraxılış imtahanlarını verə bilməz:   

“Doğrusu, mən iddia edə bilmərəm ki, oğlumun məktəbində dərs keçmirlər, keçirlər. Sadəcə olaraq, mənim oğlum sinifdə fikrini toplaya bilmir. Mənə deyir ki, ana, uşaqlar çoxdur, orada öyrənə bilmirəm. Repetitor qruplarında isə uşaqlar az olduğu üçün orada öyrənə bilir”.

“Oğlumun sinfində 34 şagird var”   

Bakının Qaradağ rayonunda yaşayan 7-ci sinif şagirdinin anası Səbinə Bayramova da oğlunun ali təhsil alması üçün onun əlavə hazırlıqlara getməsini istəyir. O deyir ki, oğlunun sinfində əlavə hazırlığa gedən uşaqlar məktəb imtahanında daha yaxşı nəticə göstərib, nəinki getməyənlər: 

“Əvvəllər mən də oğlumu repetitor yanına qoyurdum, amma indi imkanım yoxdur. Əlavə məşğələyə qoyanda, təbii ki, oxumağında fərq var idi”, - 42 yaşlı ana əlavə edib. 

Səbinə Bayramovanın dediyinə görə, uşağına əlavə repetitor tutmağa məcbur olmasının əsas səbəblərindən biri siniflərdə şagird sayının çox olmasıdır:    

“Sinifdə 34 şagird var. Hazırlıqda isə müəllim sırf onunla məşğul olur. Dərsdə uşaq çox olur deyə, müəllimlər bütün uşaqlara vaxt çatdırmırlar. Üstəlik, 2 il pandemiya oldu deyə, uşaqlar təhsildən lap geri qaldı. Heç nə bilmirlər. Uşaqlar mütləq hazırlığa getməlidirlər ki, pandemiyanın yaratdığı boşluğu doldursunlar. 5-ci sinfə qədər oğlum ev tapşırıqlarını özü edirdi. Görünür, dərslər də çətinləşib”.    

Sinif otağı

“Hamı dərsə qulaq asmır axı”

Adının çəkilməsini istəməyən, Bakı məktəblərinin birində 9-cu sinifdə oxuyan bir şagird əlavə hazırlıqlara getməyə məcburdu, çünki dərsdə tədris zamanı sinif yoldaşlarının hay-küyü onun keçilən mövzunu qavramasına mane olur: 

 “Hamı dərsə qulaq asmır axı. Hərə bir söz danışır. Ona görə də dərsi tam başa düşə və öyrənə bilmirəm. Bu səbəbdən  də əlavə məşğələyə getməyə ehtiyac duyuram”.   

Onun sözlərinə görə, məşğələdə ən çoxu 9 nəfər olur, ona görə də keçirilən mövzunu daha asan qavrayır:

“Çünki əlavə məşğələyə gələnlər hamısı öyrənməyə gəlir, ona görə də sakit qalırlar”. 

“Yeni mövzunu mənimsəməyə nə qədər vaxt ayrılır ki?”

Orta siniflərdə olan iki uşağını da üç ildi riyaziyyat, ingilis dili və Azərbaycan dilindən hazırlığa qoyan, Gəncədə yaşayan valideynlərdən biri deyir ki, uşaqları hər il bu fənləri 5-ci sinifdən başlayaraq təkrarlayırlar:

“Məktəbdə yeni mövzunun mənimsənilməsinə nə qədər vaxt ayrılır ki? Bir neçə dərs, uşağın da yadında qalmır. İndi qızım 8-ci sinifdədi, 3 ildi hər il 5-ci sinifdən repetitor yanında riyaziyyatı təkrarlayır, yenə də başlayıb getməyə, yenə də 5-ci sinfin mövzularından başlayıblar”.

Müsahibimiz hesab edir ki, bu hazırlıqlar olmasa, övladları ali məktəblərə qəbul olmaq üçün yüksək bal toplaya bilməzlər.

“Əvvəlki dərslərin təkrar edilməsi zərurətdir”   

Fəaliyyətinə problem yaranacağı narahatçılığı ilə adının açıqlanmasını istəməyən Bakı məktəblərinin birinin dil-ədəbiyyat müəllimi BBC News Azərbaycancaya deyir ki, şagirdlərin əlavə repetitora ehtiyac duymasının əsas səbəbi əvvəlki dərslərin təkrar edilməsi zərurətidir:    

 “9 -cu sinif buraxılış imtahanı zamanı Dövlət İmtahan Mərkəzinin sualları 5-ci sinifdən 9-cu sinfə qədər olan illərdə keçirilən mövzuları əhatə edir. 11-ci sinif buraxılış imtahanı isə 5-11-ci sinfin proqramını əhatə edir. Təbii ki, şagirdlər əvvəlki illərdə keçirilən mövzulardan müəyyən şeyləri unutduqları üçün əvvəlki dərsləri təkrarlamaq üçün əlavə məşğələyə ehtiyac yaranır”.  

Amma müsahibimiz onu da əlavə edir ki, sinifdəki şagird çoxluğu müəllimlərə şagirdləri Dövlət İmtahan Mərkəzinin imtahanlarına hazırlaşdıra bilməkdə çətinlik yaradır:  

“Məsələn, öz fənnim üzrə deyim. Buraxılış imtahanlarında suallar təkcə qrammatika üzrə olmur. Cəmi 10 sual qrammatikadan olur, yerdə qalan suallar mətn üzrə tapşırıqlar olur. Belə olan halda isə bir 45 dəqiqə ərzində 30-dan yuxarı şagirdə həm qrammatika öyrətmək, həm də onları mətn üzərində o formada işlətmək mümkün olmur. Buna görə də şagirdlər əlavə müəllim tutmalı olurlar”.   

 Müsahibimiz onu da deyir ki, DİM-in tərtib etdiyi imtahan sualları dərsliklər əsasında hazırlansa da, daha çətin olur:    

 “Orta məktəb dərsliklərinə baxsaq, görərik ki, qaydalar da, verilən tapşırıqlar da asandır. Amma DİM-in tərtib etdiyi suallar daha çətindir. Yəni, o suallara cavab vermək üçün daha mükəmməl biliyə sahib olmaq lazımdır”.    

“Oğlum dedi ki, ana, bizə öyrədilən mövzularla imtahan sualları tamamilə fərqlidir”.

BBC-yə danışan valideynlərin iddiasına görə, DİM-in imtahan sualları ilə orta məktəb mövzuları arasında uyğunsuzluq var.   

 42 yaşlı Səbinə Bayramovanın söylədiyinə görə, bu il 9-cu sinfi bitirən oğlu da bu məsələdən şikayət edir:   

 “Keçirilən dərslərlə imtahan sualları tamamilə başqa olur. 9-cu sinifdə oxuyan oğlum buraxılış imtahanından sonra dedi ki, ana, bizə öyrədilən mövzularla imtahan sualları tamamilə fərqliydi. Belə olmamaldır da, uşaq keçmədiyi dərsdən imtahan suallarına necə cavab versin?” 

School

“DİM ilə Elm və Təhsil Nazirliyi arasında koordinasiya problemi var”  

Təhsil sahəsi üzrə təhlilçi Ağalar Qəribov hesab edir ki, Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi arasında koordinasiyanın təşkilində problem var və bu da məktəb tədrisi ilə imtahan sualları arasında uyğunsuzluğa səbəb olur. 

BBC-yə danışan təthlilçi güman edir ki, Dövlət İmtahan Mərkəzində test bazası yenilənən dərsliklərə uyğunlaşdırılsa da, heç də bütün köhnəlmiş materiallar çıxarılmır. 

“Nəticələr təhlil olunur”

Amma rəsmi qurumlar bu iddia ilə razılaşmırlar. Təhsil Nazirliyindən BBC-yə bildirilib ki, DİM keçirilən hər buraxılış və ya qəbul imtahanından sonra  istifadə edilmiş tapşırıqların nümunələrini təhlil üçün onlara təqdim edir və onların təhlilinə görə, suallar və dərs proqramları arasında uyğunsuzluq müşahidə edilmir.    

DİM isə hər il  dərsliklərin elmi-metodiki monitorinqini aparır və  bunun nəticəsində həmin tədris ilində qüvvədə olan dərsliklərlə abituriyentlərin aşağı siniflərdə keçdikləri dərsliklər müqayisə edilir və məzmun uyğunsuzluqları  aşkar edilərsə, test bankının təkmilləşdirilməsində, imtahanlar üçün sual kitabçalarının formalaşdırılmasında nəzərə alınır, qurumdan BBC-yə bildirilib.

DİM hazırladığı vəsaitlərin imtahanlara müstəqil hazırlaşanlar və  məktəbdə keçirilən mövzuları təkrar etmək istəyənlər üçün nəzərdə tutulduğunu da vurğulayır.


“Repetitor təhsili məktəb təhsilini əvəz etmir”

Təhsil Nazirliyi repetitorsuz ali məktəbə qəbul olmağın mümkünsüzlüyü iddiaları ilə razılaşmır. Qurumdan BBC-yə bildirilib ki, ali məktəbə orta məktəb təhsili əsasında qəbul olunan və ya buraxılış imtahanlarında yüksək nəticə toplayan şagirdlər az deyil.

“Amma şübhəsiz ki, şagirdlərdə bir çox hallarda repetitor yanına getmək ehtiyacı daha dərinləşdirilmiş tədris almaq, proqramları daha dərindən mənimsəmək üçün yaranır”, - nazirliyin sözçüsü Cəsarət Valehov deyib.

O bu təcrübənin təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində də geniş yayıldığını deyib.

Cəsarət Valehov əlavə edib ki, repetitor yanına getməsi şagirdlərin universitetə qəbul olma şansını daha da artırıb onlara yeni imkanlar yaratsa da, repetitor təhsili məktəb təhsilini əvəz etmir. “Çünki məktəb təhsili təkcə şagirdin hər hansı bir fənni öyrənməsi məsələsi deyil, onun şəxsiyyət kimi yetişməsinə xidmət edir”, - o deyib.

İzolda Ağayeva

BBC News Azərbaycanca

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar