Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Praqada yazılan tarix, başlayan yeni mərhələ - nikbin olaqmı?

6-10-2022, 20:09   


Prezident İlham Əliyevin “Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur” bəyanatının mühüm nəticəsi

 

6 oktyabr 2022-ci ildə Praqada kifayət qədər ciddi bir tarixi hadisə yaşandığını, Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan münasibətlərinə, Cənubi Qafqaz proseslərinə dair yeni bir mərhələnin əsasının qoyulduğunu söyləyə bilərik.

İkinci Qarabağ Savaşından – 10 noyabr Üçtərəfli Bəyanatın imzalamasından sonra - postmüharibə dövründə Azərbaycan və Ermənistan rəhbərləri arasında bır neçə dəfə görüşlər baş tutub. Həm Brüsseldə, həm də Rusiyada aparılan müzakirələrdə müəyyən irəliləyişlər, pozitiv çalarlar olsa da, Ermənistanın təxribatları səbəbindən sülh, sərhədlərin müəyyənləşməsi, bölgədə kommunikasiyaların açılması, əməkdaşlıqla bağlı konkret bir nəticə əldə olunmayıb.
Avqust-sentyabr aylarında sülh müqaviləsi haqqında nikbin rəylər vardı, onu da Ermənistan 12-14 sentyabr təxribatlarını törətməklə darmadağın etmiş oldu.
Bu hadisələrdə Ermənistan həmçinin, Azərbaycanın növbəti möhkəm şilləsinin acısını daddı. “Təcavüz” iddiaları da baş tutmadı, bəzi dövlətlər, təşkilatlar Azərbaycana qarşı qərəzli davranış göstərsələr də, dünyanın əsas, həlledici mərkəzləri Ermənistanın hiyləsini anladı, fitvaya getmədilər.
Normalda ermənilər bundan sonra o qənaətə gəlməli idilər ki, Azərbaycanla hesablaşmaqdan, Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa heç bir çıxış yolları yoxdur.
Bu ərəfədə Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı mühüm bir fürsət kimi dəyərləndirilməlidir.
Qısa xatırlatma edək ki, oktyabrın 6-da Prezident İlham Əliyev bu tədbir çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşdü. Prezident İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd edib. Bu, Azərbaycanın sülhdə nə qədər maraqlı olmasına dair xüsusi bir bəyanat da sayıla bilər.

311068482_6112060312156983_6300561778259196753_n.jpg (367 KB)
Mişellə söhbət zamanı noyabrda Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olunub.
Şarl Mişellə polemika zamanı bu üçtərəfli görüşün gündəliyi də müzakirə olunub.
Artıq təsdiqlənib ki, gələn ay Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçiriləcək.

Bu məlumat yayılan kimi, beyinlərdə bir düşüncə hakim olur: Ermənistan baş naziri noyabrda sülh müqaviləsi imzalamaq cəsarətini özündə tapacaqmı, yoxsa yenə də rəqiblərinin hədələri, Qafqazda sülh istəməyən güclərin, erməni lobbisinin təsiri ilə təxribatlara əl atıb, pozuculuqla məşğul olacaq? Axı hər dəfə sülhə yaxınlaşdıqda bunun – Ermənistanın geri addımının, aranı qatmasının, atəşkəsi pozmasının şahidi olmuşuq...
Bu səbəbdən noyabrda sülhün baş tutub-tutmayacağına dair nikbin, birmənalı düşünmək olmur.
Ancaq Praqada baş tutan növbəti bir görüş nikbinliyi bir qədər artırır.
Söhbət Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən gedir. Bu formatda ilk dəfədir polemika aparılır.

310708693_5408920535858947_7089936654890462336_n.jpg (138 KB)

Müzakirələr gedən zaman çəkilən fotolardan görünür ki, Ərdoğan və İlham Əliyev Paşinyana reallıqları bir daha anladırlar. Ona konkret nə dediklərini bilmirik. Detallar haqda danışa bilmərik. Ancaq formatın özü və mimikalar, jestlər bu qənaəti formalaşdırır ki, Azərbaycan və Türkiyə liderləri Nikola sülhdən və kommunikasiyaların, dəhlizlərin açılmasından başqa heç bir çıxış yolu olmadığını anladırlar.
Bu əsnada maraqlı bir nüans da var. Müzakirələr ərəfəsində Fransa prezidenti Emmanuel Makron müdaxilə etmək istəyir, ancaq diplomatik qaydada uzaqlaşdırılır, masada əyləşərkən Paşinyan ancaq Ərdoğan və Əliyevi dinləyir...
Şübhəsiz, Paşinyan özü də reallıqları “anlamamaq”, Türkiyə və Azərbaycanı dinlməmək limiti qalmadığının fərqindədir. Sülh, sərhədlərin müəyyənləşməsi üçün Azərbaycanın irəli sürdüyü 5 şərtin obyektiv və bütün bölgə, o cümlədən Ermənistan üçün optimal, faydalı olmasını da bilir. Ən əsası, özü də bu yaxınlarda etiraf etmişdi ki, Ermənistanın bir dövlət olaraq məhvdən qurtulması, gələcəyi üçün sülh müqaviləsi imzalamaq niyyətindir. Ancaq həmin vaxt onu linc etdilər, fikrindən geri çəkməyə çalışdılar. Ardınca isə 12-14 sentyabr hadisələri yaşandı, Ermənistan bütövlükdə anladı ki, sülhə gəlməsələr dövlət olaraq məhvə məhkumdurlar...
                                           

                                                    ***

Praqada müşahidə olunan xüsusilə vacib detal odur ki, məlum görüş vasitəçisiz ilk müzakirə kimi qiymətləndirilməlidir. Bunun nəticəsi də effektiv ola bilər.
Bunun incə mesajını Prezident İlham Əliyev əslində oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış edərkən vermişdi. Sitat: “...Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur. Biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təklif irəli sürdük. Ağdamda gördüklərinizə, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik. Sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini, - xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması, - irəli sürdük. Bütün bunlar, əslində, beynəlxalq hüququn əsas prinsipləridir və hesab edirəm ki, münasibətlərini normallaşdırmağa çalışan ölkələr arasında sülh sazişləri və ya hər hansı sazişlər buna əsaslanmalıdır”.

16649619096443450176_1000x669.jpg (529 KB)
Ermənistan özündə cəsarət toplayıb bu formatın davamına razı olsa, şübhəsiz ki, sülhə qısa zamanda gəlmək olar. Prezident oktyabrın 5-də bu nikbinliyini də elan etmişdi: “Sülh prosesi ilə bağlı bizdə müəyyən nikbinlik var. Çünki bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirilib. Ümid edirik ki, bu, çox vaxt aparmayacaq. Biz bilirik ki, ermənilər 28 ildir Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparmaq kimi razılığa gəlmək istəmədikdə adətən hansı taktikalardan istifadə edirlər. Belə davam edərsə, biz də sülh əldə edə bilməyəcəyik. Əgər bu, Ermənistanın seçimidirsə, bu, o deməkdir ki, onlar növbəti ciddi səhvə yol verəcəklər. Onlar bizi düzgün qiymətləndirmədilər, onlar bizim iradəmizi, Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını düzgün qiymətləndirmədilər və bunun əvəzini ödəməli oldular. İki il bundan əvvəl baş verən müharibə Azərbaycan ərazisində aparılıb. Bu, bir daha bizim mövqeyimizi sübut edir və göstərir ki, bütün bunlara, bir milyondan çox vətəndaşımızın çəkdiyi zülmlərə baxmayaraq, biz düşmənçiliyə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik. Müvəffəq olub-olmayacağıq, görəcəyik. Əmin deyiləm, amma ən azından biz bu istiqamətdə irəliləyirik”.
               

                               ***

Güman ki, Praqada Qarabağda yaşayan ermənilərin məsələsi də müzakirə olunub və əslində, buna cavabı da Prezident bir gün öncədən dünyaya bəyan etmişdi. Sitat: “Hələ də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə, onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik”.

                                 ***

Praqa görüşündə ən azı mənzərə kifayət qədər aydınlaşıb və birbaşa, vasitəçisiz, nəticəsi qısa zamanda ola bilən təmaslara keçid üçün presedent yaranıb.

c367d1f2-4dab-486b-88ff-ba4288200b68.jpg (131 KB)
Əgər Paşinyan ölkəsinə döndükdən sonra məkrli dairələrin təsiri altına qayıtmasa, daxildə rəqiblərini neytrallaşdırmağa nail olsa, təxribatlara, pozuculuğa yenidən baş vurmasalar, Praqada əsası qoyulan çox uğurlu, yeni bir mərhələdə sülhə doğru sürətlə addımlaya bilərik.
Hələlik nikbinlik əlli-əlliyədir, bir neçə gün müşahidələr apardıqdan sonra Ermənistanın sülh, yoxsa bir dövlət kimi məhv kursunu seçdiyini görə biləcəyik.

Elşad MƏMMƏDLİ
Musavat.com


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar