Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Praqa bəyanatı: "Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır"

7-10-2022, 12:59   



Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı Şurasının rəhbərlərinin dörtərəfli görüşü

ŞƏKLİN MƏNBƏYİ,PRESIDENT.AZ

Oktyabrın 6-da Praqada keçirilən Avropa Siyasi İcması klubunun sammiti çərçivəsində keçirilmiş dördtərəfli görüşdən sonra Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması ilə bağlı bəyanat verib. Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ilin sonuna kimi Ermənistanla sülh sazişi imzalana bilər.

Cümə axşamı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Macron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel arasında keçirilmiş görüşdən sonra verilən bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq edirlər, Fransa Prezidentinin saytının yaydığı bəyanatda vurğulanıb.

Almatı Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirdi və MDB-nin yaradılmasını elan edən sənəd kimi qiymətləndirilir. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər. Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb.

"Onlar təsdiqləyiblər ki, oktyabrın sonunda sərhəd komissiyalarının Brüsseldə keçiriləcək növbəti iclasında bu razılaşma sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq", - bəyanatda deyilir.

Sənəddə o da bildirilir ki, Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb.

Məlumata görə, Aİ missiyası oktyabr ayında gələcək və maksimum iki ay müddətində işləyəcək və onun məqsədi "güvən yaratmaq və hesabatları vasitəsilə sərhəd komissiyalarına töhfə vermək" olacaq.

Erdoğan, Əliyev, Paşinyan və Michel arasında Praqada görüş

ŞƏKLİN MƏNBƏYİ,PRESIDENT.AZ

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı Praqa görüşü liderlərin avqustda baş tutmuş Brüssel görüşündən bir müddət sonra Azərbaycan-Ermənistan sərhədində 200-dən çox hərbçinin ölümü ilə müşayiət olunan iki günlük toqquşmalardan sonraya təsadüf edir.

"Ermənistandan xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər"

Praqada dördtərəfli görüş iki dəfə keçirilib və ilk görüşdən sonra İlham Əliyev Azərbaycan mətbuatına müsahibə verib.

İlham Əliyev deyib ki, Ermənistandan "xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər".

Azərbaycan Prezidenti bu görüşdən sonra Azərbaycan mediasına açıqlamasında vurğulayıb ki, o, sülh müqaviləsini "çoxcildli yox, bir neçə maddədən ibarət yığcam sənəd" kimi görür:

"Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik".

Görüşdən sonra Ermənistan Baş naziri Nikol Pashinyan bəyanat vermədən Rusiyada keçirilən MBD dövlət başçılarının görüşünə yollanıb, yerli rəsmi mənbələr bildirib.

İlham Əliyev Praqada yerli televiziyalara müsahibə verib

ŞƏKLİN MƏNBƏYİ,PRESIDENT.AZ

Praqa sammtindən bir gün əvvəl Nikol Paşinyan Ermənistan parlamentində onun komandasının təklif etdiyi "sülh gündəliyi" proqramına sadiq qaldığını deyib.

"Bu gündəliyin həyata keçirilməsi üçün parlament çoxluğunun və xalqın dəstəyinə ümid edirəm. Mən bu yolla gedirəm və gedəcəyəm", - Baş nazir Parlamentdə sual-cavab zamanı bildirib.

İlham Əliyev Azərbaycan mediasına müsahibəsində deyib ki, görüşlər zamanı sülh müqaviləsi üçün Azərbaycanın Ermənitana təklif etdiyi beş prinsiplə bağlı heç kimin - nə Ermənistanın, nə də Avropa İttifaqının heç bir sualı olmayıb: "Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir".

İlham Əliyev dördtərəfli görüşü sülhə çatmaq üçün önəmli tədbir kimi qiymətləndirib.

Görüşdən sonra tərəflərin yaydığı bəyanatda deyilir ki, Ermənistan və Azərbaycanın 1991-ci il BMT Nizamnaməsi və MDB-nin məqsədləri və prinsipləri haqqında Almatı Bəyannaməsinə istinadən bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb.

Prezident İlham Əliyev deyib ki, şam yeməyindən sonra tərəflərlə bir də görüşəcək və əlavə edib ki, "sülh prosesinə artıq təkan verilib".

"Tezliklə nazirlər ikinci dəfə görüşməlidirlər və biz təklif etdik ki, ondan sonra hər iki ölkənin işçi qrupları da bir araya gəlsinlər, bəlkə də bir görüş kimi yox, bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Yəni, bizim niyyətimiz bundan ibarətdir. Hesab edirəm Praqa görüşləri - həm bu gün səhər Şarl Mişellə saat yarım görüş keçirdik, bir çox məsələləri müzakirə etdik və indiki görüş, axşam keçiriləcək görüş də bir məqsədi güdür ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın", - İlham Əliyev deyib.

Azərbaycan Prezidenti bildirib ki, "sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır".

O, tez müddətdə sülhə nail olmaqla bağlı əminliyini ifadə edib və deyib ki, belə bir sənədlə iki ölkə arasında müharibə, düşmənçilik səhifəsini qapanacaq.

Naxçıvana quru yolu məsələsində tərəflər hələ razılaşmır

Prezident deyib ki, o, hələ də Nikol Paşinyandan Naxçıvana avtomobil yolu üçün marşrutla bağlı sualına cavab ala bilməyib.

"Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk",- İlham Əliyev söyləyib.

Nikol Paşinyan görüşdən sonra öz Twitter hesabında yazıb ki, Praqada bütün regional kommunikasiyaların blokunun açılması ilə bağlı təklifini bir daha təkrarlayıb.

"Azərbaycan yenə də müsbət cavab vermədi. Bir daha deyirəm, Ermənistan suverenliyi və qanunvericiliyinə tam hörmətlə yanaşma şərtiylə bütün regional kommunikasiyaların blokunu açmağa hazırdır", - Nikol Pashinyan "Twitter"də yazıb.

İlham Əliyev deyib ki, nəqliyyatla bağlı suallar ölkə rəhbərlərinin noyabrdakı Brüssel və XİN başçılarının görüşlərində qaldırılıb və bu ay Brüsseldə baş tutacaq delimitasiya üzrə görüşlərdə də səsləndiriləcək.

"Qarabağdakı erməni əhali indikindən daha yaxşı yaşayacaq"

Sentyabrın sonunda Parisə rəsmi səfərində Nikol Paşinyan deyib ki, Azərbaycanla "Dağlıq Qarabağ arasında danışıqlar başlasa, yaxşı olar".

İlham Əlyev yerli mediaya müsahibəsində bu məsələyə toxunaraq bildirib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və "onların taleyini, gələcəklərini heç bir ölkə ilə, Ermənistanla da müzakirə etmək fikrində deyil".

Prezident bu məsələni ölkənin daxili işi adlandırıb:

"Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır".

O bildirib ki, sülh müqaviləsində bu məsələnin yer almasından "söhbət gedə bilməz".

"Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansısa səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər", - İlham Əliyev deyib.

Ötən gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Qərbin Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişinə yanaşmasını "tam da balanslaşdırılmış" hesab etmir.

Zaxarova, həmçinin bildirib ki, Moskva Bakı və Yerevana sülh sazişi ilə bağlı "hərtərəfli təkliflərini" təqdim edib.

Əliyev

ŞƏKLİN MƏNBƏYİ,SOSIAL MEDIA

Əliyev-Paşinyan-Erdoğan arasında qeyri-rəsmi görüş

Daha əvvəl İlham Əliyev və Nikol Paşinyan, eləcə də Recep Tayyip Erdoğan Praqada Avropa Siyasi İcması sammiti çərçivəsində qeyri-rəsmi mühitdə görüşüblər.

Onlarla birlikdə Fransa Prezidenti Emmanuel Macron və Macarıstanın Baş naziri Viktor Orban da şəkillərdə görünürlər.

Nikol Paşinyan cümə axşamı günü Praqada Türkiyə Prezidenti Recep Tayyip Erdoğanla qapalı görüş keçirib.

İki ölkə arasında sonuncu dəfə ən yüksək səviyyədə görüşlər 2008-ci ildə Türkiyənin o vaxtki Prezidenti Abdullah Gül-ün Türkiyə-Ermənistan futbol oyununu izləmək üçün Yerevana getməsi və həmin vaxt Ermənistan Prezidenti olan Serj Sarkisyanın 2009-da Bursada keçirilən ikinci oyuna gəlməsi ilə baş tutmuşdu.

Futbol diplomatiyası adı verilmiş o vaxtki cəhdlər iki ölkə arasında diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması və ikili münasibətlərin inkişafını hədəfləyən iki protokolun imzalanması ilə nəticələnmiş, ancaq proses Azərbaycanın ciddi narazılığı səbəbilə başa çatdırılmamışdı.

Charles Michel Aliyev

ŞƏKLİN MƏNBƏYİ,CHARLES MICHEL/TWITTER

Əliyev-Michel görüşü

Bir qədər əvvəl Avropa İttifaqı Şurasının sədri Charles Michel də Twitter hesabında İlham Əliyevlə görüşdüyünü yazıb və onunla birgə fotosunu paylaşıb.

Charles Michel "Ermənistan və Azərbaycan arasında münasibətlər və regionda davamlı sülhün əldə edilməsi ilə bağlı" Fransa Prezidenti Macronla birgə İlham Əliyev və Nikol Paşinyanla yenidən görüşəcəyini bildirib.

Cümə axşamı günü Çexiya paytaxtında Avropa Siyasi İcmasının ilk sammiti başlayıb. Sammitdə Avropa İttifaqının 27 ölkəsi ilə yanaşı, Türkiyə, Böyük Britaniya, Ukrayna, Azərbaycan, Ermənistan və Balkan ölkələri də daxil olmaqla daha 17 ölkə lideri iştirak edir.

Ilham Əliyev Nikol Paşinyan Ruben Qarabağ problemi

ŞƏKLİN MƏNBƏYİ,SOSIAL MEDIA

Şəklin alt yazısı,

Praqada Azərbaycan və Ermənistan liderlərinin qeyri-rəsmi görüşü. 6 oktyabr 2022-ci il

Paşinyan "sülh yaratmaq niyyətindədir"

Ermənistanın Baş naziri deyib ki, sülh yaratmaq niyyətindədir - Nikol Paşinyan bu barədə Parlamentdə sual-cavab zamanı danışıb.

Ermənistan lideri müxalifətin suallarına cavab verərkən deyib ki, Ermənistan üçün Qarabağı Azərbaycandan ayırmaq mümkün olmayacaq.

"Mən təsdiq edirəm ki, biz sülh gündəliyini qəbul etmişik. Və təsdiq edirəm ki, son müsahibəmdə elan edilmiş düstura uyğun olaraq sülh gündəliyinin həyata keçirilməsi üçün məsuliyyəti öz üzərimə götürürəm. Bu gündəliyin həyata keçirilməsi üçün parlament çoxluğunun və xalqın dəstəyinə ümid edirəm. Mən bu yolla gedirəm və gedəcəyəm. Son zamanlar gedən danışıqlar və onların məzmununa əsasən mən irəliyə doğru yolu görürəm. Bu, ən vacibidir", - Paşinyanın sözləri Armenpress agentliyində iqtibas olunur.

Bundan əvvəl Azərbaycan Prezidenti də Ermənistanla sülh danışıqları barədə nikbin olduğu deyib. İlham Əliyev buna əsas kimi bir neçə gün əvvəl sülh müqaviləsinin ilkin versiyasını hazırlamaq məqsədi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə təkbətək görüşünün keçirilməsini göstərib.

"Ümid edirik, sülh sazişinin mətninin hazırlanması uzun çəkməyəcək. Biz bu ədavətə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik. Bu məsələdə nə qədər uğurlu olub-olmayacağımızı bilmirəm. Amma biz bu istiqamətdə irəliləyirik", - Ağdamda "Milli Şəhərsalma Forumu"nda çıxış edən Azərbaycan lideri deyib.

Ilham Əliyev Nikol Paşinyan Qarabağ problemi Macron

ŞƏKLİN MƏNBƏYİ,SOSIAL MEDIA

İlham Əliyev həmçinin qeyd edib ki, Bakı hələ də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalini öz vətəndaşı hesab edir və onların gələcək həyatının necə təşkil ediləcəyini hər hansı beynəlxalq oyunçu ilə müzakirə etmək fikrində deyil.

"Azərbaycanın daxili məsələlərini heç bir beynəlxalq institut, eləcə də ərazicə böyüklüyündən və potensialından asılı olmayaraq hər hansı dövlətlə müzakirə etmirik".

Bu mövzuda daha bir açıqlama ilə bu gün tanınmamış "Dağlıq Qarabağın xarici işlər naziri" çıxış edib. David Babayan deyib ki, Azərbaycanla birbaşa danışıqlar üçün "Dağlıq Qarabağ" münaqişənin tərəfi kimi qəbul edilməlidir.

Azərbaycan deyir ki, "Dağlıq Qarabağ" adında ərazi yoxdur və münaqişə həllini tapıb.

Yerevanda da ara-sıra "Dağlıq Qarabağın" danışıqlar masasında olmalı olduğunu deyirlər. Lakin ötən həftəsonu Nikol Paşinyanın Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibəsində Yerevan bu bənddən imtina edə biləcəyinə dair "açıq və aydın işarələr" verir, Rusiyanın "Nezavisimaya qazeta" nəşri yazıb.

İlham Əliyev

ŞƏKLİN MƏNBƏYİ,AZƏRTAC

Paşinyan, xüsusilə, siyasi mərkəzlərin Dağlıq Qarabağın müstəqilliyini və ya Ermənistanın bir hissəsi olduğunu tanımağa hazır olmadığını bildirib.

"Vardan Oskanyan olub açıq-aşkar Ermənistan Respublikasını "işğalçı" tanıyan. Və Ermənistan Respublikası Vardan Oskanyanın və onun rəhbərinin bu əməllərini bu günədək dəf edə bilməyib. Və biz etiraf etməliyik ki, ola bilsin biz heç vaxt həmin bəyanatları dəf edə bilməyək. Biz indi həmin bəyanatın nəticələrini idarə etməyə çalışırıq. Çünki o zaman Vardan Qarabağı Azərbaycanın bir hissəsi kimi Oskanyan və Robert Koçaryan deyil, Ermənistan Respublikası Qarabağı Azərbaycanın hissəsi kimi tanıyıb. Qoy ağlamsınmış çıxışlar etməsinlər. Və bu, 2007-ci ildə baş verib. Və bu, 2007-2008-ci ildə hakimiyyətin ötürülməsi kombinasiyasının bir hissəsi olub", o çərşənbə günü çıxışında deyib.

5 prinsip

Azərbaycanla Ermənistan arasında danışıqların daha öncə Bakının təklif etdiyi 5 prinsipə əsaslandığı deyilir. İndiyədək Ermənistanda bu prinsiplərə dair verilən bəyanatlar ziddiyyətli olub. Ağdamda çıxış edən İlham Əliyev bu məsələyə toxunaraq, prinsiplərin nə olduğunu açıqlayıb.

"Bura ölkələrin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, gələcəkdə hər hansı ərazi iddialarına son qoyma öhdəliyi, silah gücündən təhdid məqsədi ilə istifadə edilməməsi, dövlət sərhədlərinin delimitasiyası və kommunikasiya xətlərinin açılması daxildir", - İlham Əliyev deyib.

Avqustun sonunda Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurası Prezidentinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə xarici işlər nazirlərinə sülh sazişinin mətnini hazırlamaq üçün bir ay ərzində görüşmək tapşırığı verilib.

Azərbaycan Prezidenti sülh prosesi ilə bağlı danışaraq həmçinin deyib ki, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan və Ermənistandan olan komissiyalar birlikdə işləyərək, "vaxt itirmədən" iki ölkə arasında mövcud olmayan sərhədləri "müəyyənləşdirməyə nail olacaqlar".

Oktyabrın 2-də Cenevrədə görüşən Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında sülh sazişi, silahlı qüvvələrin ölkə ərazilərindən çıxarılması, hərbi və mülki əsirlər, eləcə də kommunikasiya xətləri barədə fikir mübadiləsi aparıblar.

Bu görüşdən sonra tərəflər ABŞ-ın Dövlət katibi Anthony Blinken Ceyhun Bayramov və Ermənistan xarici işlər nazirləri ilə telefonla danışıb.

Azərbaycan XİN-nin bildirdiyinə görə, Anthony Blinken və Ararat Mirzoyanla telefonla müzakirə zamanı rəsmi Bakının Cenevrədə irəli sürdüyü təklif: delimitasiya olunmamış sərhəddə baş vermiş son gərginliyi aradan qaldırmaq məqsədilə delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabr ayında keçirilməsi müsbət qarşılanıb.

"Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib", - Azərbaycan XİN bildirib. Qurumdan verilən xəbərə görə, Ceyhun Bayramov post-münaqişə dövründə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin reinteqrasiyası istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Görüş çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan qüvvələrinin Ermənistanın suveren ərazilərindən geri çəkilməli olduğunu, eləcə də erməni əsirlərin qaytarılmasının və atəşkəs rejiminə qeyd-şərtsiz əməl edilməsinin vacibliyini vurğulayıb, Ermənistan Xarici İşlər Nazirliyinin saytında qeyd edilib. Qurumun yaydığı məlumata əsasən, Ararat Mirzoyan telefon danışığı zamanı iki ölkə arasında ziddiyyətlərin aradan qaldırılmasında güc amilindən istifadə edilməsini "qəbuledilməz" adlandırıb.

"Yarana biləcək yeni aqressiyaların qarşısını almaq məqsədi ilə sərhəddə monitorinq və nəzarətin təşkil edilməsi üçün beynəlxalq mexanizmlərin tətbiqi olduqca vacibdir", - Ermənistan XİN bildirib. Görüş zamanı rəsmilər, həmçinin sülh müqaviləsinin hazırlanması barədə də fikir mübadiləsi aparıb. ABŞ-ın Dövlət katibi Anthony Blinken telefon danışığı ilə bağlı paylaşdığı tvitində tərəflər arasında davamlı sülhün əldə edilməsi məqsədilə aparılan danışıqları yüksək qiymətləndirib və bu müzakirələrin davam etməli olduğunu bildirib.

Sentyabrın 13-14-də Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi toqquşmalardan sonra Anthony Blinken hər iki nazirlə Washington-da görüşmüşdü. İki günlük sərhəd toqquşmalarında 200-dən çox hərbçi həlak olub.


  • Elçin Süleymanov
  • BBC News Azərbaycanca
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar