“Kremldə Vladimir Putinin ad gününü bayram etməyin yersiz olduğunu hesab edirlər. Anlayırlar ki, indi bayram zamanı deyil...”
“AzPolitika.info” xəbər verir ki, bu məlumatı Rusiyanın məşhur “Meduza” kanalı Kremlə yaxın mənbələrə istinadla dərc edib.
Məlumatda deyilir ki, Kreml tərəfindən regionların rəhbərlərinə Putinin ad günü münasibəti ilə hər hansı təntənəli tədbir keçirilməsinə dair tapşırıq verilməyib.
Qeyd olunur ki, Moskvada hələ sentyabrın 10-da keçirilən təntənəli tədbirlər əhali tərəfindən narazılıqla qarşılanmışdı. Moskvada yeni əyləncə mərkəzinin açılışı ilə bağlı təşkil olunan və Putinin də iştirak etdiyi təbliğat xarakterli həmin tədbir Ukrayna Ordusunun Xarkovdakı uğurlu əks-hücumu fonunda baş verdiyindən, sosial şəbəkələrdə rusiyalılar Kremli sərt tənqid etmişdilər.
“Meduza” yazır ki, Kremlə yaxın mənbələr Putinin 70 illik yubileyilə bağlı hər hansı iri miqyaslı dəbdəbəli tədbirin planlaşdırılmadığını bildirib. Qeyd olunur ki, bunun səbəbi həm Ukraynadakı rus ordusunun acınacaqlı durumu və gündəlik yüzlərlə canlı qüvvə itkisi, həm də maliyyə problemləridir: “Qubernatorlar hətta düşünürlər ki, Yeni il bayramına aid xərcləri necə azaltsınlar. İndi heç kimin artıq pulu yoxdur...”
Xatırladaq ki, bu gün Putinin 70 yaşı tamam olur. Onu ilk olaraq, Çin, Nikaraqua, Belarus və Ermənistan başçıları və Ramzan Kadırov təbrik edib.
C.Məmmədov
“AzPolitika.info”