Hələ avqustun 17-də Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak demişdi ki, Krım körpüsü qanunsuz tikilidir,Ukrayna Silahlı Qüvvələri üçün legitim hədəfdir və o, məhv edilməlidir.Bu, o demək idi ki, gec-tez bu hədəf vurulacaq.
Görünür, Xerson da daxil olmaqla, Rusiyanın Ukraynadakı bütün cənub hərbi qruplaşmasının əsas təminat xətti olan bu körpünün vurulması məhz Putinin 70 illik yubileyinə, ad gününə planlaşdırılıbmış, məhz oktyabrın 7-dən 8-nə keçən gecə səhərə yaxın...
Körpü partladılandan sonra həmin Mixail Podolyak deyib ki, “bu, qanunsuz olan bütün obyektlərin məhvinin başlanğıcıdır və oğurlanan hər şey Ukraynaya qaytarılmalıdır”...
Artıq Krımla dəmir yolu əlaqəsi tam kəsilib, biletlərin satışı, yüklərin daşınması dayandırılıb. Putinin sözçüsü Dmitri Peskov körpünün və dəmir yolu əlaqəsinin nə zaman bərpa olunacağına dair bir söz deyə bilməyəcəyini bildirib.
Rusiya tərəfi əvvəlcə dünən axşam Krım körpüsündə baş verən partlayışların yük maşının partlaması nəticəsində baş verən yanğın olduğunu iddia edib. Necə ki, “Moskva” kreyserinin Qara dənizdə Ukrayna tərəfindən batırılması hadisəsində, Krımdakı Saki hərbi aerodromuna raket zərbələri endiriləndə, 10-a yaxın hərbi təyyarə məhv ediləndə və bütün Krım əhalisi böyük partlayışı, havaya qalxan tüstü-dumanı görəndə də ilk olaraq, Rusiya tərəfi hansısa hərbçinin səhlənkarlığı səbəbindən yanğın və partlayış baş verdiyini bəyan etmişdi...
Maraqlıdır ki, Krım körpüsü sadəcə, Putinin ad günündə deyil, həm də oradan yanacaq dolu eşelon keçərkən vurulub. Yəni, ruslar demişkən, “xoş olanla faydalı olan birləşdirilib”.
Həmçinin, həmin gün Sankt-Peterburqda MDB dövlət başçılarının görüşü keçirilir və Rusiya rəhbərliyinin başı tamam başqa işlərə, tədbirlərə qarışıb. Belədə dərhal hansısa adekvat cavabın verilməsi də çətinləşir. Bu da Ukrayna tərəfinin necə incə və dəqiq “işləməsinin” növbəti göstəricisidir...
Əslində, Putinə ilk Krım zərbəsi hələ Saki aerodromu partladılanda dəymişdi. Putinin bir zamanlar ilhaqı ilə fəxr etdiyi Krım bu gün onun hakimiyyətinin ən zəif yerinə, “zəif bənd”inə çevrilib. Krım körpüsünün Ukrayna tərəfindən vurulmasını etiraf etmək Putin üçün öz acizliyini, yarıtmazlığını, bacarıqsızlığını, zəifliyini, uğursuzluğunu, indiyə qədər söylədiyi pafoslu şüarların, tezislərin, vədlərin sabun köpüyündən ibarət olduğunu, nəhayət, UDUZDUĞUNU etiraf etmək olacaq. Buna cavab vermək üçün isə nüvə silahından başqa əlində heç nə qalmayıb...
Ancaq Putinin etiraf edib-etməməsindən asılı olmayaraq, rusiyalıların heç də hamısı Kreml təbliğatından ağlını, görmə və eşitmə qabiliyyətini itirməyib. İnsanlar anlamağa başlayır ki, müharibə strateji baxımdan uduzulub. Bu gün Ukrayna raketlərinin artıq onların “qapısını döyməsi”nin səbəbkarı Putin və onun əli qana bulaşmış cinayətkar hakimiyyətidir.
Hələ müharibənin ilk günlərində dəfələrlə Putinlə debata çıxmış, ona etiraz etmiş tanınmış rusiyalı rejissor Aleksandr Sokurov demişdi ki, bu müharibə təkcə Ukraynanın deyil, Rusiyanın özünün təhlükəsizliyini və gələcəyini sual altına alır. Həmin vaxt onu qınayanlar, artıq onunla razılaşmaq məcburiyyətindədirlər...
Rusiyadakı Putin hakimiyyəti zatən siyasi və mənəvi cəhətdən çoxdan çöküb və uduzub. Bunun təməli Ukraynaya qarşı işğal savaşı başlayan gün və ondan sonrakı ilk həftələrdə qoyulub. O zaman ki, Ukraynada heç kim Putiun əsgərini duz-çörəklə qarşılamadı və əksinə, hamı ona qarşı savaşa qalxdı. Bundan sonra həmin siyasi və mənəvi çöküş günbəgün dərinləşməyə başladı, ardınca beynəlxalq birliyin Rusiyadan üz çevirməsi, az qala 60-a yaxın dövlətin “Ramştayn” formatında Rusiyaya qarşı hərbi birliyinin yaranması, Rusiyanın on illərlə topladığı yüz milyardlarla dollara yaxın vəsaitin əlindən alınması, hərbi səfərbərlik, əhalinin ölkədən qaçışı, cəbhədəki məğlubiyyətlər, Krımdakı aerodromların və nəhayət, Krım körpüsünün vurulması. Bu, o deməkdir ki, Kremldəki rejimin siyas, mənəvi, diplomatik və s. çöküşü fiziki çöküşə çevrilir. Bu da labüd və qaçılmaz idi...
Bir də ukraynalıların maraqlı atalar sözü var: “Qonaqlar yalnız biz məhlədəki iti açıb buraxandan sonra anladılar ki, getmək vaxtıdır”. Krım körpüsünün partladılması həmin itin açılıb buraxılmasına bənzəyir...
“Krım Ukraynaya məxsusdur. Biz heç vaxt oradan əl çəkməyəcəyik. Unutmayacağıq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Krımın işğalı ilə başlayıb. Müharibə Krımın azad edilməsi ilə də bitməlidir”. Bunu isə Ukrayna Prezidenti Volodimir Zelenski hələ bir neçə ay əvvəl demişdi...
Yeri gəlmişkən, Putinə 70 illik yubileyi ilə bağlı edilən “hədiyyələr” sırasında dünən Bakıda Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyası da vardı. İnsanlar rus qoşunlarının Qarabağdan çıxarılmasını tələb edirdilər...
Cəlal (Elxan) Məmmədov
“AzPolitika.info”