İranda hakimiyyət kimin əlindədir?

8-10-2022, 22:45   


Etiraz

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

İranda hicab qaydalarının pozulması iddiası ilə ötən ay polisin saxladığı Məhsa Əmininin üç gün sonra vəfat etməsi ölkə boyu etiraz aksiyalarına səbəb olub.

İnsan haqları qruplarının məlumatına görə, indiyədək ölkə boyunca yayılan etirazlarda ən azı 150 nəfər ölüb. Bəs, nümayişləri yatırmaq üçün güc tətbiq etməyə kim qərar verir? Ölkədə hakimiyyət kimin əlindədir?

Ali dini rəhbərin hansı səlahiyyətləri var?

İranda ən güclü siyasi fiqur 1989-cu ildən bəri ölkənin Ali dini rəhbəri olan Ayətullah Əli Xameneidir. O, dövlət başçısı və Ali baş komandandır.

Ayətullah Xamenei həmçinin daxili təhlükəsizliyə cavabdeh olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun qanadı - Bəsic Müqavimət Qüvvələrinə nəzarət edir.

Bəsiclər dəfələrlə İranda müxalif çıxışları yatırıblar. Beləliklə, etirazlara gəlincə, əsl söz sahibi Ali dini rəhbərdir.


Prezidentin hansı səlahiyyətləri var?

Prezident İbrahim Rəisi ən yüksək vəzifəyə sahib olan seçilmiş rəsmidir və Ali rəhbərdən sonra ölkədə ikinci vəzifəli şəxs sayılır.

O, hökumətin gündəlik işinə cavabdehdir, daxili və xarici siyasətə əhəmiyyətli təsir göstərir.

Hərçənd Prezidentin səlahiyyətləri xüsusilə də, təhlükəsizlik məsələlərində nisbətən məhduddur.

Prezidentə tabe olan Daxili İşlər Nazirliyi etirazları yatıran Milli polis qüvvələrinə rəhbərlik edir. Bununla belə, onun rəisi Ali dini rəhbər tərəfindən təyin edilir və birbaşa ona tabedir.

Bu prinsip həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu və Bəsic üçün də etibarlıdır. Ali dini rəhbər etirazların güclə yatırılmasını istəsə, Prezidentin bunu qəbul etməkdən başqa seçimi qalmaz.

Prezidentə yeni qanunlar təqdim edən Parlament də nəzarət edir. Öz növbəsində, Ali dini rəhbərin yaxın müttəfiqlərindən ibarət Mühafizəkarlar Şurası yeni qanunları təsdiqləmək və onlara veto qoymaq hüququna malikdir.

Əxlaq polisi kimdir?

Zabit və qadınlar

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Əxlaq polisi və ya İrşad patrulları milli polisin bir hissəsidir. Bu qurum 2005-ci ildə İslam İnqilabından sonra qüvvəyə minən İslam əxlaqına və "düzgün" geyimə nəzarət üçün yaradılıb.

Tərkibində təxminən 7,000 kişi və qadın əməkdaşı olan bu qurum xəbərdarlıq etmək, cərimələr kəsmək və şübhəliləri həbs etmək səlahiyyətinə malikdir.

Sərt xətt tərəfdarı olan Prezident Rəisi hicab qaydaları ilə bağlı bir sıra yeni addımlar atıb. Buraya hicab taxmayanları müəyyən etmək üçün müşahidə kameralarının quraşdırılması və sosial mediada hicab qaydalarına qarşı çıxanlara həbs cəzasının verilməsi də daxildir.

İnqilab Keşikçiləri kimlərdir?

İnqilab Keşikçiləri

ŞƏKLİN MƏNBƏYİ,ANADOLU AGENCY

Şəklin alt yazısı,

İnqilab Keşikçiləri Korpusu adi ordudan müstəqil fəaliyyət göstərir

İnqilab Keşikçiləri İranda daxili təhlükəsizliyə cavabdeh olan əsas qurumdur. O, ölkənin İslam rejimini müdafiə etmək üçün yaradılıb.

Hazırda İnqilab Keşikçiləri 150 mindən çox şəxsi heyəti ilə ölkədə böyük hərbi, siyasi və iqtisadi gücə malikdir. Onun özünün quru qoşunları, dəniz və hava qüvvələri var.

Qurum həmçinin İranın strateji silahlarına nəzarət edir. Onun xarici qanadı olan Qüds Qüvvələri Yaxın Şərqdəki müttəfiqlərinə gizli şəkildə pul, silah, texnologiya və təlimlə köməklik edir. İnqilab Keşikçiləri Bəsic qüvvələrinə də nəzarət edirlər.

Bəsic qüvvələri kimdir?

Bəsic Müqavimət Qüvvələri 1979-cu ildə könüllü yarımhərbi təşkilat kimi yaradılıb. Onun hər əyalət və şəhərdə, habelə ölkənin bir çox rəsmi qurumlarında bölmələri var.

Qısaca "Bəsic" adlandırılan təşkilat İnqilab Keşikçilərinə tabedir.

Güman olunur ki, qurumun 100.000-ə yaxın üzvü daxili təhlükəsizliklə bağlı vəzifələri yerinə yetirir.

Bəsiclər 2009-cu ildəki mübahisəli prezident seçkilərindən sonra hökumət əleyhinə etirazların yatırılmasında iştirak ediblər.

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.