Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini bombalayıb.
Paytaxtla yanaşı, Ukraynanın digər şəhərlərinə də raket zərbələri endirilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiyadan Ukraynaya 83 raket atıldığını və onların 43-nün zərərsizləşdirildiyini açıqlayıb. Həmçinin, çox sayda ölən və yaralananların olduğu bildirilib.
Bütün bunların fonunda Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə birgə regional birlik qrupunun yaradılması ilə bağlı razılığa gəlindiyini açıqlayıb. Bu isə öz növbəsində Belarus əsgərlərinin də Ukraynaya qarşı savaşacağı iddiasının meydana gəlməsinə səbəb olub.
Onu da əlavə edək ki, Moldovanın Müdafiə Nazirliyi isə Rusiyaya məxsus 3 raketin Moldovanın hava məkanını pozduğunu bəyan edib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya raket zərbələri endirməsinin dünən Krım körpüsündəki partlayışa cavab olduğu düşünülür. Çünki Vladimir Putin körpüdəki partlayışın Ukrayna xüsusi xidmət orqanları tərəfindən törədildiyini irəli sürüb. Həmçinin, Belarus və Moldova cəbhəsindən gələn açıqlamalar da müharibənin gedişatının dəyişəcəyini göstərir. Son baş verənlər proseslərin üçüncü dünya müharibəsinə gətirib çıxara biləcəyi ehtimalı da mövcuddur.
Maraqlıdır, hazırda Ukrayna-Rusiya müharibəsi hansı mərhələdədir? Ümumiyyətlə, III Dünya müharibəsi riski nə dərəcədə realdır?
Cebhe.info-ya danışan siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev deyib ki, ABŞ, NATO və Avropa Ukraynanın arxasında durmadı:
“Onlar Ukrayna ilə Rusiyanın hərbi güclərinin eyni olmadığını bilirdilər. Qərbin səhv addımlarına görə Ukrayna məhv olub gedir. Görünən odur ki, haradasa gizli bir razılaşma var. Çünki sanksiya verməklə Rusiyanı dayandırmaq olmaz. 43 ildir İran da sanksiyalar altındadır. Rusiya ötən həftə Ukraynanın 4 ərazisini ilhaq etdi, amma sadəcə 8-ci sanksiyalar paketi ilə üzləşdi. Rusiyaya sanksiyaların tətbiq olunması daha çox ABŞ-ın iqtisadi maraqlarına yönəlib. Yəni ABŞ öz qazını Avropaya daha baha qiymətə satmağa çalışır”.
Politoloq hesab edir ki, hazırda III Dünya müharibəsi ehtimalı çox yüksəkdir:
“Düşünürəm ki, gələn ilin yanvar-fevral ayında heç yerdə olmayan qarşıdurma olacaq. Nəzərə almaq lazımdır ki, Vladimir Putin bu gün kəskin bəyanat verərək, bütün təhdidlərin əvəzini çıxacaqlarını dedi. Bu isə o deməkdir ki, Rusiya nüvə başlıqlı raketlərdən istifadə edəcək. Mən Ukraynanın Kerç körpüsündə partlayış etmək imkanlarının olduğuna inanmıram. Amma Ukrayna Prezidentinin müşaviri Mixaylo Podolyak ağılsızlıq edərək bunu Ukraynanın qələbəsi kimi gündəmə gətirdi.
Həmçinin 28 üzvü olan NATO kimi bir qurum bu məsələdə Rusiyanın qarşısından geri çəkilir və heç bir müdaxilə etməyəcəyini elan edir. Yəni Kreml üçün bundan böyük kömək yoxdur. Çünki NATO hərbi cəhətdən bu işə qarışmadı. Onlar Ukraynanı Rusiya ilə üzbəüz qoyublar. Ukraynanın ölkə rəhbərliyi də siyasətdən uzaq və qeyri-peşəkar komandadan formalaşıb. Bu müharibədə dağılan Ukrayna, qazanan ABŞ, itirən isə Rusiya və Avropadır”.
Cümşüd Nuriyevin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin artıq beşinci mərhələsidir:
“Çünki ötən 4 mərhələdə Ukrayna 4 vilayət itirdi. İndi beşinci mərhələdə isə Ukrayna silahlı qüvvələri itirilən əraziləri geri almaq istəyir. Hesab edirəm ki, Rusiya Ukraynanın bütün hərbi gücünü yenidən şimala doğru cəlb etməyə çalışacaq. Əslində Xarkov ruslara lazım deyil. Məncə, Rusiya Ukraynanın diqqətini yayındıraraq yaxın günlərdə Nikolayev və ya Odessaya hücum edəcək. Onların əsas məqsədi Ukraynanın Qara dənizə olan çıxışını tamam bağlamaqdır”.
Elmir
Cebhe.info