G7 bu gün Ukraynaya raket hücumları ilə bağlı görüş keçirəcək

11-10-2022, 10:42   



G7 Böyük Yeddilər Grupu

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

ABŞ Prezidenti Joe Biden və G7 (Böyük Yeddilik) liderləri cümə axşamı günü Ukrayna şəhərlərinə dünənki raket zərbələri endirilməsindən sonra Ukraynaya dəstək öhdəliklərini müzakirə etmək üçün virtual görüş keçirəcəklər, Ağ Ev bəyan edib.

İclasda Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edəcək, o, bazar ertəsi axşamı çıxışında Rusiya tərəfindən dağıdılmış bütün obyektlərin bərpa ediləcəyini və Qərb tərəfdaşlarının hücumlardan qorunmaq üçün Kiyevə qabaqcıl hava hücumundan müdafiə sistemlərinin verilməsini sürətləndirəcəklərini deyib.Downing Street-in hesabatına görə, G7 liderlərinin bugünkü görüşü Ukrayna qoşunlarının əks-hücumunun başlamasından bəri ilk görüş olacaq.

Böyük Britaniyanın Baş naziri Liz Truss-ın NATO liderlərini təcili toplantıya çağıracağı gözlənilir."Heç kim Ukraynadan daha çox sülh istəmir. Biz də öz növbəmizdə onlara sülhü qazanmağa kömək etmək əzmini zərrə qədər zəiflətməməliyik", - Truss Baş nazirin ofisinin yaydığı bəyanatda bildirib.Bəyanatda həmçinin qeyd olunur ki, bu il Böyük Britaniya Ukraynaya hərbi dəstək üçün 2,3 milyard funt sterlinq ayırıb. Bu da Kiyevə çoxsaylı raket sistemləri, yüzlərlə raket və minlərlə sursat verməyə imkan yaradır.Almaniya və ABŞ hava hücumundan müdafiə sistemləri "verəcək"

Oktyabrın 10-da səhər saatlarında Rusiya qoşunları Ukraynaya çoxsaylı raket zərbələri endirib, nəticədə 14 nəfər ölüb, 97 nəfər yaralanıb. Kiyevin mərkəzi də daxil olmaqla, bütün ölkədə mülki infrastruktur zərər çəkib, çoxsaylı yaşayış məntəqələri işıqsız qalıb.

Rusiya mülki hədəfləri deyil, "enerji infrastrukturu, rabitə mərkəzləri və hərbi qərargahları" hədəfə aldığını açıqlayıb. Vladimir Putin çıxışında açıq şəkildə bildirib ki, raket zərbələri Kremlin "terror hücumu" adlandırdığı Krım körpüsünün partladılmasına cavabdır.

Ukrayna Avropa İttifaqı ölkələrinə elektrik enerjisinin ixracını müvəqqəti dayandırıb. Ukraynalılar yüksək tələbat saatlarındakı yükü azaltmaq və enerji sistemlərinin işini asanlaşdırmaq üçün bu günlərdə elektrik enerjisinə qənaət etməyə çağırılıb.

Qərb ölkələri Rusiyanın hücumlarını kəskin şəkildə pisləyib, bu addımı "barbarlıq" və "müharibə cinayəti" adlandırıb. Bəzi siyasətçilər insanları və infrastrukturu qorumaq üçün Ukraynaya mümkün qədər tez yeni silah növləri və hava hücumundan müdafiə sistemlərinin verilməsini istəyiblər.

Volodimir Zelenski Joe Biden-lə söhbətində hava hücumundan müdafiəni ABŞ-la müdafiə sahəsində əməkdaşlıqda "bir nömrəli prioritet" adlandırıb. Birləşmiş Ştatlar Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib və bu səhər Rusiyanın Ukrayna ərazisinə çoxsaylı insan tələfatı və dağıntılarla nəticələnən "dəhşətli" raket hücumlarını pisləyib.

TASS agentliyi də Ağ Evin bəyanatına istinadən yazır ki, "Prezident Bayden Ukraynaya müdafiə üçün lazım olan dəstəyi, o cümlədən müasir hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə davam edəcəyinə söz verib".

"Pentaqonun sentyabrın 16-da açıqladığı kimi, ABŞ hakimiyyəti təxminən iki ay ərzində iki NASAMS (hava hücumundan müdafiə sistemi) zenit-raket kompleksinin Ukraynaya çatdırılacağını hesab edir", - TASS-ın xəbərində deyilir.

Almaniya hakimiyyəti də Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri göndərmək niyyətində olduqlarını açıqlayıb. IRIS-TSLM kompleksləri "əhali, mühüm binaları, obyektləri və quru qoşunlarını hava zərbələrindən qorumaq" üçün nəzərdə tutulub. Bu, məhz o sistemlərdir ki, Ukrayna münaqişənin əvvəlindən ona verilməsini xahiş edir.

Dünənki atışmalara görə Avropa Komissiyası müharibədən qaçan ukraynalıların müvəqqəti müdafiəsi ilə bağlı direktivin müddətini daha bir il, 2024-cü ilin mart ayına qədər uzatmaq qərarına gəlib.Bu arada, Aleksandr Lukaşenko və Vladimir Putin birgə regional qüvvələrin yerləşdirilməsi barədə razılığa gəliblər.

Belarusun müdafiə naziri Viktor Xrenin ölkəsinin Ukrayna və ya digər qonşularla müharibə istəmədiyini bildirib, lakin mümkün təxribatlara qarşı xəbərdarlıq edib. Bununla yanaşı, Ukrayna hakimiyyəti hələlik Belarus ərazisindən Ukraynaya yeni hücum riski görmür.

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi axtarışa verib. Dmitri Medvedev bir gün əvvəl demişdi ki, "Rusiya Ukraynanın Krım körpüsünə qarşı törətdiyi terror aktına yalnız terrorçuları birbaşa məhv etməklə cavab verməlidir".

BBC.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.